Sentyabrın 8-də Avropa İnsan Hüquqları Məhkəməsi 2015-ci il Nardaran hadisələri ilə bağlı qərar açıqlayıb. İddiaçılar Müsəlman Birliyi Hərəkatının tərəfdarları Şamil Abdüləliyev və Aqil İsmayılovdur. Onlar qətl, terror aktları hazırlama, kütləvi iğtişaşlara təhrik etmə, qanunsuz silah əldə etmə və s. ittihamlarla həbs cəzası çəkib, 2021-ci ildə prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıblar.
İş Nardaran qəsəbəsində yerləşən evlərdən birində keçirilən polis əməliyyatı ilə bağlıdır. Ərizəçilər həmin evdə dini toplantıya qatıldıqlarını, polisin oradakılara fərq qoymadan atəş açdığını bildiriblər. Polis bu versiyanı təkzib edib, "Müsəlman Birliyi" üzvlərinin onlara odlu silah, qumbara və bıçaqlarla hücum çəkdiyini bildirib. Hadisə zamanı altı nəfər öldürülüb, ərizəçilər daxil, çox sayda insan yaralanıb.
Avropa Məhkəməsi bu iş üzrə Konvensiyanın 3-cü (işgəncəyə məruz qalmamaq) maddəsinin pozulduğunu, ərizəçilər həbs olunarkən həddindən artıq güc tətbiq edildiyini tanıyıb. Qərarda deyilir ki, hər iki ərizəçiyə lazımi tibbi müalicə göstərilmədiyinə görə 3-cü maddə pozulub. Ərizəçilərin saxlanılarkən və həbsdə olduqları müddətdə pis rəftara məruz qalmaları barədə şikayətləri səmərəli araşdırılmadığı üçün təhqiqat aparılması öhdəliyinin də pozulduğu bildirilir.
Məhkəmə mənəvi zərərə görə hər bir ərizəçiyə 10 min avro, xərc və məsrəflərə görə isə 1 min 500 avro kompensasiya ödənməsi barədə qərar çıxarıb.
Ş.Abdüləliyev hazırda narkotik ittihamı ilə həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsi ona 3 il həbs cəzası kəsib, sonradan Bakı Apellyasiya Məhkəməsi 6 ilə qaldırıb. O, məhkəməsində özünü təqsirli bilməyib.
AİHM-in Nardaran hadisələri ilə bağlı əvvəlki qərarları
AİHM ötən il Müsəlman Birliyi Hərəkatının rəhbəri Taleh Bağırovun və jurnalist Fikrət İbişbəylinin işgəncəyə məruz qalmamaq hüququnun pozulduğunu tanımışdı. Mənəvi zərərə görə T.Bağırova 10 min avro, F.İbişbəyliyə isə 5 min avro kompensasiya ödənilməli olması müəyyən edilib.
2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirmişdi. Əməliyyat zamanı ikisi polis olmaqla, altı nəfər həlak olmuşdu. Həmin gün Müsəlman Birliyi Hərəkatının sədri T.Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin saxlanıldığını bildirib. Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq və s.) ittihamlar verilib. T.Bağırov 20 il həbs cəzası alıb və ittihamları qəbul etməyib.
Məhkəmədə də polisləri qətlə yetirmədiklərini və üzərilərində heç bir silahın olmadığını vurğulayıblar.