Müsəlman Birliyi Hərəkatının sədri, 11 ildir həbsdə olan ilahiyyatçı Taleh Bağırovun yeniyetmə övladları da məhkəmə önünə çıxarılıb. Xəzər rayon Məhkəməsində 15 və 16 yaşlı Bağırzadə qardaşlarının mühakiməsi başlayıb.
Sentyabrın 10-da keçirilən ilkin iclasda məlum olub ki, yeniyetmələr təqsirləndirilən şəxs qismində məhkəmə önünə çıxarılsalar da, onların haqqındakı ittiham aktı indiyədək nə qanuni nümayəndələri olan anaları Leyla İsmayılzadəyə, nə də vəkillərinə təqdim edilib. Bu üzdən məhkəməyə hazırlaşmaq mümkün olmayıb.
Hakim Vüqar Məhərrəmov vəkilə və yeniyetmələrin anasına ittiham aktını təqdim edib. Tərəflərin ittiham aktı ilə tanış olması üçün onlara sentyabrın 17-dək vaxt verilib.
Bağırzadə qardaşları oxuduqları Buzovna qəsəbəsindəki 26 saylı orta məktəbdə yeniyetmələr arasında yaşanan əlbəyaxa davaya görə cinayət məsuliyyətinə cəlb olunub.
Qardaşlardan birinə Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə və ya ümumi təhlükəli üsulla qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə, digərinə isə yalnız 221.2.1-ci maddə ilə ittiham verilib.
İlahiyyatçının həyat yoldaşı Leyla İsmayılzadə AzadlıqRadiosuna bildirib ki, yeniyetmə övladlarının başına gələnlərin sifarişli bir təxribat olduğunu düşünür. Çünki böyük övladının ölkədən çıxışına hələ bu hadisədən xeyli əvvəl, heç bir əsas olmadan qadağa qoyulmuşdu: "Məktəblilər arasında bu cür davalar az qala hər gün başqa məktəblərdə də yaşanır. Amma o hadisələrin heç biri bu həddə şişirdilmir, məktəblilər cinayət məsuliyyətinə cəlb olunmur".
Yeniyetmələrə verilən ittihamlarda CM-nin 127.2.3-cü maddəsi ilə 3 ilədək azadlığın məhdudlaşdırılması (elektron nəzarət vasitəsinin tətbiqi ilə) və ya 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Maddə 221.2.1-də isə islah işləri və azadlığın məhdudlaşdırılması kimi alternativ cəzalarla yanaşı, 3 ilədək azadlıqdan məhrumetmə da var.
Xatırlatma
İlahiyyatçı Taleh Bağırov 2015-ci il noyabrın 26-dan həbsdədir. O, Nardaranda ikisi polis, dördü yerli sakin olmaqla, altı nəfərin öldüyü əməliyyat zamanı saxlanılıb. Həmin gün onunla yanaşı, rəhbərlik etdiyi Müsəlman Birliyi Hərəkatının bir çox üzvləri, Nardaran sakinləri də nəzarətə götürülüb.
Sonradan güc strukturları Nardaran olayları ilə əlaqədar ümumilikdə 70-ə yaxın şəxsin həbs olunduğunu açıqlayıb. Onların bir qisminə qanunsuz silah saxlama və kütləvi iğtişaşların təşkili ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası kəsilib. 40 nəfərdən çox şəxs isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq və s.) 13 ildən 20 ilədək azadlıqdan məhrum edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Bağırova da 20 il azadlıqdan məhrumetmə cəzası verilib. İlahiyyatçı və onunla birlikdə mühakimə olunanlar məhkəmədə ifadə verərkən ittihamları rədd edib, Nardaran əməliyyatı zamanı polisləri qətlə yetirmədiklərini və onlarda ümumiyyətlə silah olmadığını bildiriblər. Onlar işgəncələrə məruz qaldıqlarını da vurğulayıblar.
Daxili İşlər Nazirliyi işgəncə iddialarını təkzib etsə də, Avropa Məhkəməsi T.Bağırov və digərlərinin işgəncə şikayəti üzrə qərar çıxarıb. Hökumətin üzərinə bu pozuntuya görə onlara kompensasiya ödəmək öhdəliyi qoyulub.