Keçid linkləri

2017, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:20

Taciklər yeni geyim qaydalarıyla bağlı milyonlarla ismarış alıb


Bu iki şəkildə «yadelli» hicab (solda) və ənənəvi tacik üsulu ilə başın arxasından bağlanmış, boynun ön hissəsini açıq saxlayan baş örtüyünü müqayisə etmək olar.

Tacikistanda özəl mobil rabitə şirkətləri milyonlarla vətəndaşa ismarışlar göndərməyə başlayıb. Bu ismarışlarda əhalidən yeni geyim qaydalarına riayət etmək tələb olunur. Yeni qəbul olunmuş qanuna görə, toy və yas kimi «ənənəvi» mərasimlərdə tacik milli geyimində olmaq mütləqdir.

Bu qanunun tacik qadın və kişilərin islam tərzində geyinməsinin qarşını almaqdan ötrü qəbul edildiyi düşünülür. Bu, hökumətin dini radikalizmlə mübarizə kampaniyasının bir hissəsidir.

«YAD GEYİMLƏR»

Sentyabrın 6-da 6 milyonadək mobil telefon istifadəçisinə belə mesajlar gəlib. Bundan bir gün öncə Qadın və Ailə Məsələləri üzrə Dövlət Komitəsi altı mobil rabitə şirkətinə bu barədə təlimat göndərib.

Dövlət komitəsinin yazdığı ismarışlardan birində taciklərdən ənənəvi tacik geyim qaydalarına əməl etmək, digərində isə ənənəvi geyimlərə hörmət etmək tələb olunur.

***Buna da bax-Tacikistanda hicab və dekolteyə qarşı 'müharibə'

Üçüncü mesajda isə belə deyilir: «Gəlin ənənəvi geyimlər geyməyi ənənəyə çevirək».

Avqustun 28-də Tacikistan prezidenti Emomoli Rahmon fərdlərin və qurumların «ənənəvi» mərasimlərdə milli geyim və mədəniyyətə əməl etməsini tələb edən qanunu imzalayıb. Söhbət 10 il öncə qəbul olunmuş qanuna yeni düzəlişdən gedir.

Qanunda deyilir ki, Tacikistan vətəndaşları dövlət dilinə və «milli ənənəvi geyim tərzinə» sayqı göstərməyə borcludurlar.

İnsan hüquqları fəallarının sözlərinə görə, Tacikistan hökuməti «qeyri-ənənəvi geyim» və «yad geyimlər» kimi ifadələr işlədərkən hicabı nəzərdə tutur.

8 MİNƏDƏK SAXLANIB VƏ...

Yeni qanunda hicabın adı çəkilməsə də, daha öncə rəsmilər qadının boynunun ön tərəfini örtən baş örtüklərinin yad mədəniyyət və ənənələrə xas geyim forması olduğunu dilə gətiriblər.

Parlamentin aşağı palatasının sosial məsələlər komissiyasının sədri Hilolbi Qurbonzoda deyib ki, tezliklə «ənənəvi» tacik geyim qaydalarına əməl etməyərək, «yadelli islam geyimləri» geyən şəxslərə qarşı əlavə cəza nəzərdə tutan qanun parlamentə təqdim olunacaq.

***Buna da bax-'Hicabı çıxarmağa razıyam, əgər...' - Paytaxtda reyd

2016-cı ilin mayından bəri 8 milyon əhalisi olan Tacikistanda hökumət dini qadın geyimləri satan çox sayda dükanı bağlayıb.

Avqustun əvvəlində dövlət məmurlarından ibarət qruplar 8 minədək hicablı qadını paytaxt Düşənbənin müxtəlif ictimai yerlərində saxlayaraq, onlara baş örtüklərini ənənəvi milli geyim tərzində bağlamaq qaydası haqda təlimat veriblər. Ənənəvi tacik baş örtüyü hicab kimi başın önündən yox, arxasından bağlanır və bu zaman boynun ön hissəsi açıq qalır.

DÖVLƏT DEPARTAMENTİ NARAZIDIR

Tacik polisi hesab edir ki, terrorçu təşkilatlarla əlaqəsi olan bəzi qadınları «yadelli» mədəniyyət və ənənələrə görə müəyyən etmək olur.

***Buna da bax-Tacikistanda imam-xətiblərin saqqalını ölçəcəklər

ABŞ Dövlət Departamenti rəsmi Düşənbənin ölkənin dini həyatının bütün sahələrinə nəzarət etmək cəhdlərindən narahatlıq bildirib.

Bu sahələrə dinlərin təsdiqi və qeydiyyatı, ibadət yerlərinin tikintisi, dini ədəbiyyatın paylanması və uşaqların dini təhsili də daxildir.

Tacikistanın dini qanunları islam ibadət yerlərini məhdudlaşdırır və yaşı 18-dən aşağı olan uşaqların ictimai dini fəaliyyətlərdə iştirakını qadağan edir.

Artıq dəfn və toylar da daxil olmaqla, özəl dini mərasimlər də get-gedə daha çox dövlət tərəfindən tənzimlənir.

Tacikistan hökuməti isə iddia edir ki, «ekstremist» təşkilatlar və terrorçu qrupların inkişafını önləmək üçün dinə ciddi nəzarət etmək vacibdir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG