Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:10

Tacikistanda imam-xətiblərin saqqalını ölçəcəklər


İmam-xətiblər

Tacikistanın Xatlon vilayətinin Dusti rayonunda yerli imam-xətiblər üçün saqqal norması qoyulub. Rayonun icra hakimiyyəti onların 3 santimetrlik saqqal saxlamasını tövsiyə edir.

Bunu jurnalistlərlə söhbətində rayon icra hakimiyyətinin başçısı Salohiddin Rajabzoda deyib. Məmurun sözlərinə görə, «üç santimetrlik saqqal» taciklərin mədəniyyətinə və dininə uyğundur.

265 İMAM-XƏTİB

Dusti rayonunun mərkəzi məscidinin imam-xətibi Nasrullo Fayzulloev hökumətin bu çağırışına hamıdan birinci cavab verib. O, Azadlıq Radiosunun tacik xidmətinə (Radio Ozodi) bildirib ki, hənəfi məzhəbinə inananların saqqalı bir sıxılmış yumruq uzunluğunu keçməməlidir. Tacikistanın Üləmalar Şurası hələ 2012-ci ilin noyabrında belə bir saqqal norması qoyubmuş. O zaman Tacikistanın İslam Mərkəzi (Üləmalar Şurası bu mərkəzin yanında fəaliyyət göstərir) bildirib ki, bu norma Tacikistanın dini işlər komitəsinin xahişi ilə qəbul edilib.

***Buna da bax-​ Özbəkistanda hicab taxan, şort geyən abituriyent ola bilməz

«Mənim saqqalım Üləmalar Şurasının normalarına cavab verirdi. Ancaq rayon hökuməti saqqalımı qırxmağımı xahiş etdi və indi saqqalımın uzunluğu 3 santimetri keçmir», – deyə imam-xətib bildirib.

Qeyd edək ki, Tacikistanda 2014-cü ildən bəri cümə məscidlərinin imam-xətibləri də dövlət qulluqçuları kimi maaş alırlar. Ölkədə onların ümumi sayı 265 nəfərdir. Digər din xadimlərinə, o cümlədən başqa konfessiyaların nümayəndələrinə maaş verilməsi nəzərdə tutulmur.

Tacikistanda saqqal problemi...
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

3 SANTİMETR UZUNLUQDA SAQQAL

Hələ 2009-cu ildə Tacikistanda müəllim işləyən kişilər üçün saqqal normaları müəyyən edilmişdi. Yalnız yaşı 50-ni keçmiş müəllimlərin saqqal saxlamasına icazə verilirdi. Onların da saqqalı 3 santimetri keçməməli idi.

İki il öncə isə Tacikistanda saqqala qarşı kampaniya başlayıb. Bütün ölkədə milis əməkdaşları yüz minlərlə saqqallı kişini saxlayıb. Milis onların şəxsiyyətini müəyyənləşdirəndən və hətta əl izlərini götürəndən sonra zorla saqqallarını qırxıb. Onlardan bəzilərini saqqallarını könüllü qırxmayacaqları halda 150 somoni (bugünkü kursla 17 dollar) məbləğində cəriməylə hədələmişdilər. Xatlon vilayətində yerli hökumət 13 minədək kişinin saqqalını zorla qırxmışdı.

***Buna da bax-Özbəkistanda saqqallı kişiləri futbol oyunlarına buraxmırlar

Tacikistanın Daxili İşlər Nazirliyi sözügedən kampaniyayla hər hansı əlaqəsini inkar edirdi. Nazirlik rəhbərliyinin bu məsələyə göstəriş vermədiyini iddia edirdi. 2015-ci ilin aprelində Daxili İşlər Nazirliyi iki milis əməkdaşının vətəndaşların saqqalını zorla qırxdığına görə cəzalandırıldığını bildirmişdi.

İKİ NİYYƏT

Ekspertlər hesab edirlər ki, Tacikistan hökumətinin saqqal saxlamağa qarşı yönəlmiş bu hərəkətləri cəmiyyətin radikallaşmasıyla mübarizə və dünyəvi idarəçilik formasını qoruyub saxlamaq niyyəti ilə bağlıdır.

Tacikistanın hakim dairələri cəmiyyətdə ekstremist meyllərin güclənməsindən, gənclərin ekstremist qruplaşmalara qoşulmasından və terror təhlükəsinin artmasından narahatdır. Bu terror təhlükəsi həm də ölkənin cənub sərhədlərində bir çox ölkələrdə qadağan edilmiş «İslam Dövləti» terror təşkilatının yaraqlılarının peyda olmasıyla bağlıdır.

Bütün bunlarla yanaşı, hüquq müdafiəçiləri insanların saqqalının məcburi qırxılmasını vətəndaşların şəxsi həyatına müdaxilə hesab edirlər. ABŞ Dövlət Departamentinin dünyada insan hüquqlarının vəziyyətinə dair hesabatlarından birində Tacikistan rəhbərliyi saqqal saxlayan vətəndaşlara məhdudiyyətlərə görə tənqid edilir. Sənəddə qeyd olunur ki, respublikada saqqal saxlamaqla bağlı rəsmi qadağa mövcud olmasa da, saqqal saxlayan şəxslər tez-tez, xüsusən də işə düzələn zaman bu problemlə üzləşirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG