Ankara Avropa İttifaqını blokun genişləndirilməsi siyasətində Qərbi Balkanlar və Türkiyə arasındakı “süni fərqləndirməni” aradan qaldırmağa çağırıb və Brüsselin Türkiyə ilə rəftarını pisləyib.
AzadlıqRadiosunun tanış olduğu məktubu Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu Avropa İttifaqının yeni xarici siyasət komissarı Josep Borrell-ə yanvarın 22-də yazıb.
Bu məktubda Türkiyənin Avropa İttifaqı üzvlüyünə qəbulun təklif olunan yeni metodologiyasına münasibəti əks olunub.
Avropa Komissiyası təklif paketini fevralın 5-də elan etməli idi.
Komissiyanın təklifləri Avropa İttifaqına üzv olmaq istəyən Qərbi Balkan ölkələri - Albaniya, Bosniya-Herseqovina, Kosovo və Şimali Makedoniyaya şamil edilməlidir.
"Türkiyə Balkan ölkəsidir"
Çavuşoglu məktubunda yazır ki, Qərbi Balkan ölkələrinin üzvlük prosesi ilə Türkiyənin üzvlük prosesi arasında fərq qoyulmamalıdır:
“Bütün ölkələrə eyni platforma verilməlidir. Biz sizin bu vəzifədə olduğunuz müddətdə genişlənmə siyasətində “Qərbi Balkanlarla” Türkiyə arasında yaradlmış süni fərqin aradan qaldırılması istiqamətində bəzi pozitiv addımların atılacağına ümid edirik”.
Daha sonra Türkiyə xarici işlər naziri yazır ki, Türkiyə regional baxımdan da Qərbi Balkanlara yaxındır:
“Türkiyənin öz tarixi, mədəniyyəti və çoğrafiyası etibarilə Balkan ölkəsi olması bir tərəfə, hər bir namizəd ölkə barədə onların öz keyfiyyətləri bucağından və bərabər şərtlər daxilində mühakimə yürüdlməlidir”.
Türkiyədən sonra gələnlər irəli düşüb
Türkiyə Avropa İqtisadi Birliyinə (o vaxtlar Avropa İttifaqı belə adlanırdı – red) qoşulmaq üçün rəsmi müraciətini 1987-ci ildə verib.
İttifaq Ankara ilə üzvlük danışıqlarına 2005-ci ildə başlayıb.
Son illərdə Türkiyədə insan haqlarının vəziyyəti ilə bağlı bu danışıqlar faktiki olaraq dayandırılıb.
Avropa İttifaqı Türkiyə prezidenti Recep Tayyip Erdoğanın ölkənin vətəndaş cəmiyyəti üzərinə hücumlarına və xaricdə yürütdüyü aqressiv siyasətlərinə görə tənqid edir.
Hazırda Ankara ilə danışıqların 33 fəslindən 14-ü dondurulub.
Bunun əksi olaraq Serbiya və Monteneqro Brüsellə danışıqlara yalnız ötən onillikdə başladıqları halda üzvlüyə doğru Türkiyədən xeyli çox irəliləyiblər.
Üzv ölkələr fikirlərini axırda desinlər
Çavuşoğlu yazır ki, “Türkiyənin Avropa İttifaqı üzvlüyünə qəbul edilib-edilməməsinə dair populist söhbətlərə rəğmən mənim ölkəm üzvlüyə namizəddir və tərəfdaşlığa dair sazişdə də belə yazılıb”.
Türkiyə xarici işlər naziri bunu da qeyd edib ki, Avropa İttifaqına üzv ölkələr Türkiyənin üzvlüyə layiq olub-olmadığına dair fikirlərini öz milli maraqlarına uyğun olaraq proses zamanı yox, yalnız üzvlük danışıqları başa çatdıqdan sonra səsləndirə bilərlər”.
Çavuşoğlu deyib ki, “bugün Türkiyə xalqı böyük əksəriyyətlə Aİ layihəsinə hələ də inanır, amma xalqın geniş əksəriyyəti Türkiyəyə qarşı ikili standartlarına və ayrı-seçkiliyinə görə Aİ-yə etimad göstərmir”.