Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 11:56

CIT: 'Turan' özəl hərbi şirkəti uydurmadır


«Turan» döyüşçüsü

Ermənistan KİV-lərinin haqqında məlumat yaydığı «Turan» hərbi şirkəti real silahlı qruplaşma deyil, cəmi bir nəfərin – «ANNA News» və «Russkaya vesna» saytının müxbiri Oleg Blokhin-in səyləri ilə yaradılmış «genişmiqyaslı uydurmanın məhsuludur». «Conflict Intelligence Team» (CIT) beynəlxalq qrupunun araşdırmasında belə deyilir.

Ötən ilin oktyabrında «Moskovskiy Komsomolets» qəzeti Suriya ərazisində vuruşan muzdlu döyüşçülərdən ibarət «Vaqner» özəl hərbi şirkətindən (qeyri-rəsmi adı «Vaqner qrupu») əlavə, «Turan» adlı başqa bir iri özəl hərbi şirkətin mövcud olduğunu yazmışdı. Bundan öncə isə Donbasdakı separatçılara bağlı «Russkaya vesna» nəşri Rusiyanın Suriyanın Hama əyalətinə «Turan» adlı yeni hərbi birləşmə göndərdiyini yazmışdı. Xəbərdə həmin dəstənin 800-1200 nəfərdən ibarət olduğu bildirilirdi. Şahidlər həmin özəl hərbi şirkətin, əsasən, Orta Asiya, Şimali və Cənubi Qafqazdan olan döyüşçülərdən ibarət olduğunu deyirdilər. Xəbərdə bu hərbi birləşmə həm də «SSRİ xüsusi təyinatlıları» adlandırılırdı.

Oxşarlıqlar

Noyabrda sosial şəbəkələrdə Suriyada döyüşən əsgərlərin fotoları yayılmağa başladı. Onların formasında «Turan» emblemi var idi. CIT «Turan» adlı özəl hərbi şirkətin döyüşçüləri kimi qələmə verilən əsgərlərin bu fotolarını «ANNA News»un müxbirinin çəkdiyi fotolarla şübhəli oxşarlığını aşkar edib. Həmin fotolarda Blokhin-in Suriyanın Deyr-əz-Zor əyalətindən çəkdiyi şəkillərə düşmüş pikap avtomobilini də görmək olur. Həmin avtomobil «ANNA News»un reportajında da görünür. CIT bundan başqa bir «muzdlu» ilə Blokhin-in özünün fotolarını müqayisə edərək, dəbilqələr, taktiki eynəklər, jilet və qolunda cib olan gödəkcədə oxşarlıq aşkarlayıb. Müstəqil araşdırmaçıların ehtimalına görə, ««Turan» özəl hərbi şirkəti»nin ikinci döyüşçüsü qismində Blokhin-in dostu, «REN TV» kanalının teleoperatoru Aleksandr Rychkov çəkilib.

«Turan» batalyonu
«Turan» batalyonu

CIT bildirir ki, internetdə ««Turan» özəl hərbi şirkəti»nin ilk hərbi əməliyyatının videoyazısı ötən ilin mayında çıxıb. Videoyazının məxsus olduğu «SyriaFreeNews» YouTube kanalının onu sayta nə zaman yerləşdirdiyi isə bəlli deyil. Saytın Facebook səhifəsinin abunəçiləri arasında Blokhin də var. Videonun yayılmasından iki gün öncə Hama əyalətində suriyalıların «Pələng qüvvələri»nin döyüşlərinin videoyazısı ortaya çıxmışdı. Görüntünün keyfiyyəti, döyüş şəraiti, rakurslar ««Turan» özəl hərbi şirkətinin ilk hərbi əməliyyatı» videosuna çox bənzəyir.

Fotolarda da özünün olduğu ehtimal edilir

«Crisis Intelligence Team»in mütəxəssisləri baltnews.lv saytının noyabrın 28-də yaydığı materiala da diqqət yetiriblər. Sayt ««Turan» özəl hərbi şirkəti»nin bir «eston» döyüşçüsü haqda məqalə dərc edib. Məqalənin əvvəlindəki fotoda «Turan» döyüşçüsünün Blokhin-in özü olduğu ehtimal edilir. Məqalədəki digər fotoların altında isə Blokhin-in imzası var.

O.Blokhin AzadlıqRadiosunun rus xidmətinin suallarına cavabında ««Turan» özəl hərbi şirkəti»nin onun uydurması olduğuna dair iddiaları rədd edib. A.Rychkov da radio ilə yazışmasında «Turan» döyüşçüsü qismində şəkil çəkdirmədiyini bildirib.

Beynəlxalq araşdırma qrupu hesab edir ki, müəlliflər virtual özəl hərbi şirkətin prototipi kimi Əfqanıstan müharibəsi dövründə mövcud olmuş sovet «müsəlman batalyonları» ideyasından yararlanıblar. Sözügedən hərbi şirkətin komandanlığı, təlim yeri, həlak olmuş döyüşçüləri, yaxud onların qohumlarına dair hər hansı məlumat yoxdur. Müqayisə üçün deyək ki, reallıqda mövcud olan «Vaqner» özəl hərbi şirkəti ilə bağlı bütün bu məlumatları artıqlaması ilə tapmaq mümkündür. CIT hələlik açıq məlumatların köməyi ilə bu yalanı uydurmağın kimə və nə üçün gərəkdiyini müəyyənləşdirə bilmədiyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG