Bu gün, mayın 2-si iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib ki, Azərbaycanda yoxsulluq səviyyəsi 5 faiz təşkil edir.
S.Həsənovanın sözlərinə görə, illər öncə Azərbaycanda əhalinin yarısından çoxu yoxsul olub. «Hazırda Azərbaycanda yoxsulluq səviyyəsi 5 faiz təşkil edir», - o vurğulayıb.
Lakin ekspertlərin sözlərinə görə, bu vəziyyət artıq 10 ildir hökm sürür və rəqəmlər praktiki olaraq dəyişmir.
REAL Partiyasından olan iqtisadçı Natiq Cəfərli hesab edir ki, Azərbaycanda problem yoxsulluğun ölçülməsi ilə, indikatorlarla bağlıdır: «Azərbaycan hökuməti çox aşağı indikatorlarla hesablamalar aparır. Yoxsulluq həddini daha aşağı göstərmək siyasi qərarla bağlıdır və açıqlanan statistika daha çox siyasi qərarın rəqəmsal ifadəsidir».
N.Cəfərli deyir ki, bir çox inkişaf etmiş ölkələrdə yoxsulluq həddi daha yüksəkdir. Misal kimi, o, Almaniyanın (9 faiz), ABŞ-ın (11 faiz) yoxsulluq səviyyəsini göstərərək, Azərbaycan hakimiyyətinin orta bir rəqəm götürdüyünü söyləyir:
«Bəzi hesablamalar onu göstərir ki, Azərbaycanda yoxsulluq həddini hesablayarkən çox az indikatorlar nəzərə alınır. Məsələn, inkişaf etməkdə olan ölkələrdə bir çox xərclər var ki, yoxsulluq həddinin hesablamasına daxil edilib: internet xərcləri, mədəni istirahət, turistik nəqliyyat xərcləri, özünü maarifləndirmə və s. Azərbaycanda bu indikatorlar həddindən artıq zəifdir».
«İndikatorlar Türkiyədəki kimi hesablansa...»
N.Cəfərli vurğulayır ki, indikatorlar Türkiyədəki kimi hesablansa, Azərbaycanda yoxsulluq həddi indikindən ən azı 3-4 dəfə yuxarı olacaq: «Çünki yoxsulluq həddinin ortalama 146 manat götürüblərsə, bu, ən azı 2 dəfə artırılmalıdır və təqribən 300 manat olmalıdır. Bu 300 manat olsa, avtomatik olaraq, Azərbaycanda minimum əməkhaqqı alan 670 minə yaxın insan, minimum təqaüd alan 300 minə yaxın insan yoxsulluq həddindən aşağı düşəcək. Bu da hökumətin xoşuna gəlməyəcək».