Rusiyada prezidentlyiə namizəd və teleulduz Kseniya Sobçak deyib ki, o öz ölkəsinin “son dərəcə dözümsüz cəmiyyətini” və siyasi sistemini daha açıq və demokratik etmək istəyir.
O noyabrın 17-də AP agentliyinə deyib ki, “mən ölkəmizin milyonlarla insanına canlı demokratiyanın nə olduğunu göstərmək istəyirəm”.
Sobçak 2018-ci ilin prezident seçkisində “hamının əleyhinə namizəd” kimi iştirak etmək istədiyini bəyan edib.
Prezident Vladimir Putin bu seçkidə iştirak edəcəyini hələki rəsmən bəyan etməyib, lakin onun bu seçkidə iştirak edəcəyi və qalib gələcəyi gözlənilir.
36 yaşlı Sobçakın, liberal müxalifət partiyası Yablokonun sədri Qriqori Yavlinski də daxil tənqiçiləri deyirlər ki, o “Kremlin oyununu oynayır və seçkiyə demokratiklik görüntüsü vermək istəyir”.
Sobçak 1990-cı illərdə Sankt Peterburqun islahatçı meri olmuş və Putinin siyasət aləmindəki müəllimi sayılan Anatoli Sobçakın qızıdır.
Onun barəsində tənqidlərə baxmayaraq Sobçak Krımın leqal olaraq Ukrayna ərazisi olduğunu bildirməklə Kremli qıcıqlandırıb.
Sobçak deyib ki, Rusiyanın ən böyük problemi onun cəmiyyətinin “son dərəcə dözümsüz” olmasıdır.
Sobçak habelə ABŞ-ın Rusiya siyasətinə müdaxilə etdiyinə dair Kremlin iddialarını rədd edir və bildirir ki, xarici təsirlər Rusiyanın daxili həyatına əhəmiyyətli dərəcədə təsir göstərə bilməz.
Sobçak bu xüsusda deyib: “Bizim ölkəmizdəki problemləri Donald Trump, Amerika, onun ambisiyaları və ya Mərkəzi Kəşfiyyat İdarəsi yaratmayıb. Bizim problemlərimizin kökü pis idarəçilikdə, azad seçkilərin, müstəqil məhkəmələrin və ifadə azadlığının olmamasındadır”.