Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 20:05

Şərq Tərəfdaşlığı ömrünü başa vururmu?


AzadlıqRadiosunun müxbiri Rikard Jozviyak yazır ki, altı keçmiş sovet respublikası – Ukrayna, Gürcüstan, Moldova, Belarus, Ermənistan və Azərbaycanı birləşdirən Şərq Tərəfdaşlığı proqramının zenit nöqtəsi 2013-cü ildə Litva paytaxtı Vilnüsdə keçirilən sammitdə olub.

Şərq Tərəfdaşlığı 2009-cu ildə Polşa-İsveç təşəbbüsü ilə yaradılıb. Bu təşəbbüs keçmiş sovet respublikalarını Avropa İttifaqına daha çox yaxınlaşdırmaq üçün idi, amma sözü gedən ölkələri üzvlük üçün gözləyən Türkiyə və Qərbi Balkan ölkələri ilə eyni mərtəbəyə yüksəltmirdi.

Jozviyakın fikrincə bir tərfədən də Rusiyanın qısqanclığı ilə üzləşən Avropa İttifaqı daha yumşaq yol – Şərq Tərəfdaşlığının yaradılması yolunu seçmişdi.

Nəticə etibarilə bu proqrama daxil 3 ölkə - Ukrayna, Moldova və Gürcüstan Avropa İttifaqı üzvlüyünə gedən ənənəvi cığıra çıxarıldı.

2022-ci ilin fevralında Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi nəticəsində vəziyyət köklü şəkildə dəyişdi, Ukrayna və Moldovaya ittifaq üzvlüyünə namizəd statusu verildi. Gürcüstana belə bir statusun bu ilin sonunadək veriləcəyi vəd edilib.

Eyni qrupda olmaq istəmirlər

Jozviyak sual edir: Belə bir şəraitdə Şərq Tərəfdaşlığı bir format kimi sıradan çıxmayıbmı?

Müxbir bildirir ki, Ukrayna, Moldova və Gürcüstan rəsmiləri şəxsi söhbətlərində qrupun digər üç üzvü – Ermənistan, Azərbaycan və Belarusla eyni qrupda olmaq istəmədiklərini deyirlər, hərçənd onlar rəsmi bəyanatlarında Şərq Tərəfdaşlığına müsbət münasibət bildirirlər. Onların fikrincə onları Ermənistan, Azərbaycan və Belarusla birləşdirən yeganə cəhət keçmiş sovet respublikaları olmalarıdır.

Məqalədə deyilir ki, getdikcə daha çox Moskvadan aralanmaq xətti yürüdən Ermənistan Aİ üzvlüyü üçün müraciət etməyib, amma o sözü gedən üçlükdə Şərq Tərəfdaşlığı proqramının davam etməsini ən çox istəyən ölkə ola bilər.

Azərbaycan hələ ki, Brüssellə, əsas etibarilə enerji sektorunda ikitərəfli münasibətlərə üstünlük verir.

Belarus isə qrupdakı fəaliyyətini 2021-ci ildə dayandırıb.

Sammiti kim keçirəcək?

Jozviyakın fikrincə Şərq Tərəfdaşlığının tənəzzüldə olduğunu göstərən ən böyük əlamət son iki ildə bu barədə hər hansı yüksək səviyyəli sammitin keçirilməməsidir. Normal halda Aİ bu sammitləri hər il keçirməliydi.

Avropa İttifaqı Şurasında son 6 aylıq rotasiyalı sədrlik İsveçə məxsus olub. Lakin bu proqramın əsas təşəbbüsçülərindən biri olan Stokholm sammit keçirməkdən imtina edib. İsveç rəsmiləri jurnalistə bunda heç bir realist fayda görmədiklərini deyiblər.

Təşəbbüsün başqa bir müəllifi – Polşa isə bildirib ki, Avropa İttifaqı Şurasında sədrlik ona keçəndə belə bir sammitin keçirilməsinə hazırdır. Bu isə 2025-ci ilin birinci yarısında baş verə biılər.

Bu ölkələri indi bir yerdə saxlayan nədir?

Jozviyak yazır ki, Tərəfdaşlığa üzv altı ölkənin belə bir sammitə münasibətinin necə olacağı da məlum deyil.

2021-ci ilin dekabrında Brüsseldə keçirilən sammitdə Rusiyanın adı ümumiyyətlə çəkilməyən ümumi bir bəyanat qəbul edilmişdi. Bu bəyanatda keçmiş SSRİ ərazisində mövcud olan münaqişələrin adları da çəkilmirdi.

Elə isə bu proqrama daxil ölkələri indi birlikdə saxlayan nədir? Burası da var ki, Şərq Tərəfdaşlığının 5 üzv (Belarusdan başqa) ölkəsinin xarici işlər nazirləri dekabrın 11-də Aİ ölkələrindən olan həmkarları ilə görüşəcəklər.

Bu görüşlər zamanı Aİ-dəki mobil telefonlar üçün rominq zonasının sözü gedən ölkələrin ərazisinə genişləndirilməsi müzakirə edilməlidir.

Jozviyak yazır ki, Şərq Tərəfdaşlığı hələ bir müddət suyun səthində qala bilər. Bu proqram artıq müəyyən bəhrələr də verib. Məsələn tərəfdaşlıq üzvləri ilə Aİ arasında, xüsusilə də enerji sektorunda əməkdaşlıq böyüyüb. Bəzi nikbin diplomatlar təhlükəsizlik sahəsində də əməkdaşlığa yer qaldığını düşünürlər.

XS
SM
MD
LG