Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 16:50

Müsəlman rəssamın üsyanı


Plakat (Ms Safaa/Instagram səhifəsindən)

Avstraliyada yaşayıb yaradan Səudiyyə əsilli rəssam Ms Saffaa-nın müəllifi olduğu plakat Səudiyyə Ərəbistanında qəyyumluq sisteminə etirazın rəmzinə çevrilib.

Xəttatlıq və qrafiti üslublarının qarışığında çəkilmiş plakat qadın hüquqları fəalları Manal Al-Sharif Samar Badawi-ni əks etdirir. Onların hər ikisi qəyyumluq qanunlarına etiraz hərəkatının fəal iştirakçılarıdır.

PETİSİYANI MİNLƏRLƏ ADAM İMZALAYIB

Etiraz “Human Rights Watch” insan haqları təşkilatının iyulda çıxmış hesabatından sonra daha da güclənib.

Buna da bax:​ 10 ildir qəyyumluq sistemiylə mübarizə aparan səudiyyəli qadınlar

Hesabatda qadınların yanlarında kişi qəyyum olmadan səyahət etməsini, evlənməsini, hətta həbsxanadan çıxmasını yasaqlayan qəyyumluq qanunları sərt tənqid edilir.

Hərəkat gedişində #iammyownguardian (özüm özümə qəyyumam) həştəqi meydana çıxıb. Minlərlə adam qəyyumluq qanunlarına etiraz petisiyasını imzalayıb.

Ms Saffaa
Ms Saffaa

39 yaşlı rəssam 2009-cu ildə Sidney Universitetinin İncəsənət Kollecində oxumaq üçün Sidneyə köçüb. Onun sözlərinə görə, bu plakatı yaradarkən Səudiyyə rəsmilərinin dəfələrlə ona viza verməkdən imtina etməsindən ilhamlanıb.

Saffaa-ya verilmiş hökumət təqaüdünün şərtlərindən biri qardaşının onu himayə etmək üçün onunla birlikdə Avstraliyaya uçması idi. Kanberradakı Səudiyyə bürokratlarına yalvarması isə rəssamı daha da qəzəbləndirib.

Buna da bax: 'Cəza psixiatriyası'

“ROLA GİRMƏLİSİNİZ”

“Onların çaldığını oynamalısınız. Zəif qadın roluna girib ‘mənim üçün bunu etdiyinizə görə çox sağ olun, sizə minnətdaram’ deməlisiniz. İşinizi gördürməkdən ötrü rola girməlisiniz”, – o deyir.

Saffaa-nın üzərində Səudiyyə şemağı (baş örtüyü) olan və #iammyownguardian həştəqi yazılmış posterləri Səudiyyə küçələrinə yapışdırılıb. Onlar “Tvitter”də yayılır və internetdə satılır.

Saffaa deyir ki, bu qaydaları dəstəkləyən səudiyyəli qadınlar, əsasən, hökumətlə sıx əlaqələri olan hakim təbəqədəndirlər.

“Çox yaxşı işi, çox yaxşı maaşı və hökumətlə əlaqələri olanların itirməyə də çox şeyi var. Onlar, təbii ki, razı olduqlarını deyəcəklər", – Saffaa söyləyir.

Buna da bax:​ Qadınlara döyülməyin izlərini makiyajla necə örtmək öyrədilir

BƏDƏL

Bu etiraz Saffaa-ya bədəlsiz ötüşməyib. O, təzyiqlərə məruz qalıb. Trollarsa onun barəsində Səudiyyə hökumətini bilgiləndiriblər.

“Onlar deyirlər ki, ‘gəlin hamımız ondan şikayət edək, qoy o, həbsxanada çürüsün, görək o, barmaqlıqlar arxasında necə rəsm çəkəcək’. Mən düşünürdüm ki, onlayn təhdidlərdən qorunmuşam, ancaq onlar gəlib məni tapdı".

Melburnda yerləşən Avstraliya İslam Muzeyində keçirilən sərgi zamanı bir kişi kobud şəkildə ondan Səudiyyə Ərəbistanının qüsurlarını Qərbə göstərməsinin səbəbini soruşub.

"Bütün üstünlükləri və hüquqları olan kişi gəlib məndən soruşur ki, niyə bizi Qərbin qarşısında gözdən salırsınız. ...Birincisi, sən bunun utancverici olduğunu qəbul edirsən, sualın arxasında utanc var. Özün də mənə senzura qoymağa çalışırsan. ...Düşündüm: ‘Bu rəsmi çəkməyimin səbəbi məhz budur. Bunu məhz sənin kimi insanlara görə edirəm’”.

Buna da bax:​ 'Hicab boykotu İran qadınlarının işinə yaramır'

“SƏSİMİZ VAR”

Saffaa-nın dekabrın əvvəlində Melburnda açılışını etdiyi yeni əsər bir neçə qadın rəssamın işidir. Açılışa ev sahibliyini isə "Deli-cacy" adlı Mərakeş kafesinin sahibəsi, ictimai fəal Hana Assafiri edir. O, özünün Melburndakı restoranlarında ictimai söhbətlərə ev sahibliyi etməsi ilə tanınır.

“Deməyin ki, Səudiyyə qadınlarının səsi yoxdur. Bizim səsimiz var. Sadəcə buna fikir verməmişik", – Safaa deyir.

Saffaa-nın fikrincə, Səudiyyə Ərəbistanında qadın hüquqları uğrunda savaş dövlətin avtoritarlığıyla ümumi mübarizənin bir hissəsidir. Özü də inanclı olan rəssam, krallığın, İslamın mühafizəkar Vəhhabi təriqətinə əsaslanaraq öz legitimliyini saxlaması ilə razılaşmır.

Buna da bax:​ Danimarkada qadın məscidi açıldı. İmam qadın: "Hicab taxmıram"

“Qadınların bədənlərinə, hətta kişilərə də o qədər qaydalar qoyublar ki. Məncə, inanc insanın şəxsi işidir, ancaq Səudiyyədə onu ictimai bir şeyə çevirirlər. Hara getsən, öz inancını sərgiləməlisən", – Saffaa vurğulayır.

XS
SM
MD
LG