Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:18

'Cəza psixiatriyası'


Xakasiyada psixonevroloji dispanser.
Xakasiyada psixonevroloji dispanser.

«Kommersant» qəzetinin ştatdankənar müxbiri David Frenkel-in başına gələnlərlə bağlı AzadlıqRadiosuna danışdıqları böyük ictimai maraq yaradıb.

Peterburqun mərkəzində LGBT fəallarının icazəsiz yürüşünün keçirildiyi yerdə saxlanaraq polis bölməsinə aparılan David Frenkel polisin çağırdığı təcili psixiatrik yardım xidmətinin sanitarları tərəfindən döyülüb və təhqir edilib. Həkim-psixiatr onu boğmağa başlayıb. Sanitarlarsa onun barmaqlarını buraraq əllərini rezinlə bağlayıblar. Onlar içində kamera olan çantanı götürməyə çalışıblar. Bu müddət ərzində David qışqıraraq köməyə çağırsa da, polis əməkdaşları gülərək baş verənləri kamerayla çəkiblər.

Ancaq David-in bəxti gətirib. Onu psixiatrik stasionara yerləşdirməyiblər. O, Peterburqda hər il zorla xəstəxanaya yerləşdirilən 2 mindən çox adamın siyahısına düşməyib. Bu rəqəmi «İnsan hüquqları üzrə vətəndaş komissiyası» üzə çıxarıb. Bəs zorla psixiatriya xəstəxanasına yerləşdirilən adamlar hansı hissləri keçirirlər? Bu barədə əsl adının çəkilməsini istəməyən rəssam Tatiana N. və «İnsan hüquqları üzrə vətəndaş komissiyası» İctimai Birliyinin direktoru Dmitry Gribanov danışıblar.

«HOSPİTALİZASİYA KONVEYERİ»

Dmitry Gribanov deyir ki, «Psixiatrik kömək haqqında» qanuna görə, məhkəmə qərarı olmadan zorla xəstəxanaya yerləşdirmə yalnız o vaxt gerçəkləşə bilər ki, vətəndaş özünə və ətrafdakılara təhlükə yaratsın. Özü də, bu zaman söhbət birbaşa təhlükədən gedir. Yəni həkim-psixiatr vətəndaşın təhlükəli davranışını müşahidə etməlidir.

Onun sözlərinə görə, «İnsan hüquqları üzrə vətəndaş komissiyası» Sankt Peterburq və Leninqrad vilayəti üzrə məhkəmə prosesləri və vətəndaşların zorla psixiatrik xəstəxanalara yerləşdirilməsi hallarının dəqiq statistikasını toplayıb. Bəlli olub ki, təkcə bir xəstəxanada son üç ildə belə halların sayı 2 mini keçib.

Dmitry Gribanov
Dmitry Gribanov

Gribanov deyir ki, məhkəmə proseslərinin 99.7 – 99.8%-ində iş psixiatriya müəssisələrinin xeyrinə həll olunur. O bunu «hospitalizasiya konveyeri» adlandırır: «Bu, nə üçünsə lazımdır. Bəlkə psixiatrik xəstəxanalarda çarpayılar doldurulur, bəlkə xəstədən maddi vəsait istənilir. Çox zaman, xüsusən də xəstə tək yaşayanda mənzil maxinasiyaları baş verir. Gördüyümüz odur ki, belə bir konveyer mövcuddur».

Mütəxəssisin sözlərinə görə, hazırda bu sahədə baş verənlər sovet dövrünün cəza psixiatriyasını xatırladır. Sovet vaxtı insanları cəzalandırmaqdan ötrü psixiatrik xəstəxanalara yerləşdirirdilər. Ancaq indi bunu edənlərin, xüsusən də personalın motivləri tam aydın deyil.

«BİZİ AC SAXLAYIRDILAR»

«İnsana iynə vururlar, yaxud da hansısa preparatı qəbul etdirirlər. Adətən, insan dərhal, bir neçə dəqiqə ərzində sönür, huşunu itirir, bir-iki sutka şüursuz, yaxud yarımşüurlu vəziyyətdə qalır. Psixiatrik yardım haqqında qanuna görə, psixiatrik yardım yalnız könüllü əsaslarla göstərilir. Həm Rusiya qanunlarına, həm də Rusiyanın imzaladığı beynəlxalq müqavilələr xəstənin sağlamlığına ziyan vura biləcək işgəncələri, güc tətbiqini yasaqlayır. Xəstənin ləyaqətini alçaldan bütün hərəkətlər də qadağandır. Ancaq bu, bütün hallarda baş verir», – Gribanov deyir.

Rəssam Tatiana N. danışır ki, telefon vasitəsilə vəkilləri ilə əlaqə saxlamağa cəhd etsə də, baş tibb bacısı buna imkan verməyib. O deyib ki, telefondan istifadə qadağandır. Ancaq Tatiana-nın özü dəhlizdə belə bir yazı görüb: «Xəstənin hər həftə telefonla zəng etməyə ixtiyarı var». Onun sözlərinə görə, başqa şöbələrdə telefondan istifadə qadağan deyilmiş.

«Faktiki sağlam adamları xəstəxanaya yerləşdirirlər ki, biz orada paltar yuyaq, yır-yığış edək və qabları yuyaq. ...Bunu etməyəndə bizi, sadəcə, ac saxlayırdılar. ...Ancaq su, içində bir-iki kələm yarpağı üzür. Orada qidalanma onsuz da pis idi. Hamı arıqlamışdı. Ət, zülallı qidalar vermirdilər. Biz yemək istəyirdik, ancaq vermirdilər. Orada olduğum altı ay ərzində cəmi üç dəfə yumurta veriblər. Axı insan zülalsız yaşaya bilməz», – Tatiana deyir.

Tatiana N.
Tatiana N.

İŞGƏNCƏ

Dmitry Gribanov söyləyir ki, aclıq işgəncə növlərindən biridir. İşgəncə isə beynəlxalq müqavilələrə və Rusiya qanunlarına görə qadağandır: «Ancaq biz birbaşa fiziki təsiri nəzərdə tutan işgəncələrin də tətbiq olunduğunu görürük: döyürlər, bağlayırlar, yaş parçaya bükürlər... Xəstələr bildirirlər ki, insanı su ilə isladıb bükürlər, sonra istilik batareyasına bağlayırlar. Parça quruduqca yığılır, insan güclü sıxılma hiss edir. Bu, onda dəhşət hissi yaradır».

Tatiana N. danışır ki, onun saxlanıldığı şöbədə əlli çarpayıdan yalnız altısında həqiqətən xəstəlikdən əziyyət çəkən insanlar yatırmış. «Qalanları tamamilə sağlam insanlar idi. Onları yaşayış yerlərini ələ keçirmək, bəzilərinin pensiyalarını əllərindən almaq üçün oraya yerləşdirmişdilər. Rastlaşdığım bir-iki nəfəri oraya qohumları yerləşdirmişdi - evə görə və s.», – qadın deyir.

Gribanov da vurğulayır ki, evə görə psixiatrik xəstəxanaya salınanların sayı həddindən çoxdur.

«HEÇ NƏ DƏYİŞMƏYİB»

Onun sözlərinə görə, vətəndaşlar da, rəhbərlik etdiyi qurum da bu hallarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edir. Ancaq bu qurumlar heç vaxt adekvat cavab vermirlər, müraciəti bir-birinin üstünə göndərirlər. Yoxlama aparılanda da bu barədə ətraflı bilgi verilmir. «Yoxlama aparıldı, məlumat təsdiqlənmədi» kimi cavablar gəlir.

«Özü də biz bu mənzərəni illərdir ki, görürük. ...Heç nə yerindən tərpənmir. Hüquq-mühafizə orqanları heç bir tədbir görmür. Nadir hallarda prokurorluq yoxlama apararaq bizim verdiyimiz məlumatı təsdiqləyə bilər», – deyə Gribanov qeyd edir.

Tatiana-nın saxlandığı Peterburqun 2 saylı şəhər Psixiatrik Xəstəxanasında tarixi şəxsiyyətləri də saxlayıblar. Burada sovet dövrünün sürrealist şair və yazıçısı Daniil Kharms və əfsanəvi rokçu Viktor Tsoi müalicə alıb. Dissident şair Iosif Brodsky isə məcburi məhkəmə-psixiatriya ekspertizası keçib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG