Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:34

Səməd Seyidov: 'Mən artıq məruzəçi ilə danışmışam'


Yeni məruzəçilər təyin olundu: Siyasi məhbuslar azad edilirmi?
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

Yeni məruzəçilər təyin olundu: Siyasi məhbuslar azad edilirmi?

Əli Kərimli: "Yenidən məruzçəçinin təyin edilməsi onun göstəricisidir ki, Avropa Şurası Azərbaycan qarşısındakı mənəvi məsuliyyətini dərk edir"

Avropa Şurası Parlament Assambleyası (AŞPA) beş il sonra yenidən Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı məruzəçi təyin edib. O, iki aya hesabat hazırlamalıdır. Bir neçə ay əvvəl də Avropa Şurası bu qurumda korrupsiya ittihamlarında adı hallanan Azərbaycan nümayəndə heyətinin bəzi üzvlərinə sanksiya tətbiq etmişdi.

Siyasi məhbus məsələsi son illər Azərbaycan hakimiyyəti ilə beynəlxalq qurumlar arasında çəkişmə mövzusdur. Hökumət nəinki siyasi məhbusların mövcudluğunu, hətta siyasi məhbus anlayışını qəbul etmir.

Hələ beş il öncə AŞPA-nın məruzəçisi Kristofer Ştrasserin bu mövzuda hazırladığı hesabat AŞPA-da qəbul olunmamışdı. Bundan sonra müşahidəçilər ölkədə insan haqları, siyasi azadlıqlar sahəsində vəziyyətin gərginləşdiyini, siyasi motivlərlə həbs edilənlərin sayının kəskin artdığını qeyd etmişdilər.

O zaman Azərbaycan hakimiyyətinin bəzi AŞPA üzvlərini müxtəlif yollarla ələ alması barədə iddialar səslənsə də, Bakı bunu rədd etmişdi. Amma bu ilin yaz sesiyası ərəfəsində qurumun yaratdığı Müstəqil Araşdırma Qrupunun hazırladığı sənəddə deyilirdi ki, bəzi keçmiş və indiki deputatların Bakıdan aldıqları hədiyyələr hesabına həmin hesabatın qəbul edilməməsinə çalışmaları barədə şübhələr var. Bu hesabatın da ardınca Azərbaycan nümayəndə heyətinin bir neçə üzvünə, o cümlədən nümayəndə heyətinin başçısı Səməd Seyidova sanksiya tətbiq olunmuşdu.

Həmçinin AŞPA-nın 24 deputatı Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçinin təyin edilməsi təklifini irəli sürüblər.

Bəs Bakının mövqeyində dəyişiklik varmı? Bakıda rəsmilər AŞPA-nın məruzəçi təyin etməsini necə dəyərləndirirlər?

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AzadlıqRadiosuna deyir ki, Bakı insan haqları məsələsinin siyasiləşdirilməsinin əleyhinədir. Amma bununla belə sözü gedən məsələdə beynəlxalq qurumla əməkdaşlığa hazırdır. Amma bir şərtlə…

“Siyasi məhbuslarla bağlı məruzəçi təyin olunub. Mən artıq məruzəçi ilə danışmışam, məktub göndərmişəm. O tanınmış, hörmət olunan xanımdır. Gənc siyasətçidir, böyük təcrübəyə malikdir, prinsipialdır. Amma söhbət xanımdan getmir. Söhbət ondan gedir ki, siyasi məhbuslar üzrə məruzəçinin təyin olunması insan haqlarının inkişafına xidmət edirsə bu bir məsələdir, təzyiq kimi təyin olunursa bu başqa məsələdir. Yox, məsələni gündəmdən götürə biləcəksə, xoş gəlir, səfa gəlir”.

Səməd Seyidov deyir ki, AŞPA konstruktiv yanaşma sərgiləyəcəksə bu insan haqlarının, məhbus məsələsinin həllinə yardım edəcək, əks halda münasibətlər gərginləşəcək.

Bakıda da insan haqları fəalı, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru Oqtay Gülalıyev isə düşünür ki, Avropa Şurasının siyasi məhbuslar üzrə məruzəçi təyin etməsi bu məsələdə yeni mərhələnin başlaması deməkdir:

“Siyasi məhbuslar üzrə məruzəçinin təyin olunması güman edirəm bu istiqamətdə canlanmaya səbəb olacaq. Azərbaycanda siyasi məhbus məsələsinin mövcudluğuna dair problem bir daha beynəlxalq arenaya çıxarılacaq. Mən bu addımı müsbət dəyərləndirirəm. Siyasi məhbus probleminin nə dərəcədə həll olunub-olunmasını indidən demək çətindir, amma ümid edirəm ki, irəliyə doğru addım olacaq”.

Əli Kərimli
Əli Kərimli

Azərbaycanda insan haqları fəallarının siyasi məhbus hesab etdikləri şəxslərin bir qismi də Xalq Cəbhəsi Partiyasının üzvləridir. Bu partiyanın sədri Əli Kərimli hesab edir ki, AŞPA məruzəçi təyin etməklə səhvini etiraf etmiş oldu. Onun qənaətincə, ölkədə 150-160 siyasi məhbus varsa, burda AŞPA-nın da mənəvi məsuliyyəti var:

“Məhz onların təmislçiləri, prezident, vise-prezidentlərinin Azərbaycan hakimiyyətinin çirkli pullarına nəfs salması nəticəsində 2013-cü ildə Ştrasserin hesabatı qəbul edilmədi. Azərbaycan hakimiyyəti də bunu kart blanş kimi qəbul etdi. Ondan sonra yüzlərlə ictimai-siyasi fəalı həbs etdi. Ona görə indi həmin adamları ifşa etmək, vəzifədən çıxarmaq problemə adekvat yanaşma deyil. Burda yüzlərlə insanın həyatı məhv edilib. Bir ölkənin azadlıqlara qovuşması illərlə yubanır. Burda Avropa Şurasının məsuliyyəti var və yenidən məruzçəçinin təyin edilməsi, ondan iki aya hesabat istənilməsi onun göstəricisidir ki, Avropa Şurası Azərbaycan qarşısındakı mənəvi məsuliyyətini dərk edir”.

AŞPA-nın məruzəçisi maneə olmayacağı halda iki aya hesabatı beynəlxalq quruma təqdim etməlidir. Maneəni ona görə xatırladırıq ki, keçmiş məruzəçi Ştrasserin Azərbaycana gəlməsinə məhdudiyyətlər qoyulmuş, ona viza verilməmişdi. Bəs, indi Bakı yenə təzyiqlərə əl atacaq ya məsələ nəhayət çözüləcək?

AXCP sədri Əli Kərimli deyir ki, AŞPA-nın təşəbbüslərinə Nazirlər Komitəsi də dəstək verərsə, Azərbaycan hakimiyyəti geri çəkilməyə məcbur qalacaq. Hərçənd o hakimiyyətin bu məsələdə radikal dəyişikliyə hazır olmadığı qənaətindədir. Onun fikrincə, Cümhuriyyətin yüz illiyi ərəfəsində geniş amnistiya aktının qəbul olunmasına və ya siyasi məhbusları da əhatə edən böyük əfv sərəncamının verilməsinə fürsət yaransa da, hakimiyyət buna getmədi.

Yerli hüquq müdafiəçiləri hazırda Azərbaycanda 140 civarında siyasi məhbusun olduğunu bildirirlər. Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, həmin şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər. Amma əksər beynəlxalq insan haqları təşkilatları - o cümlədən Freedom House təşkilatı da Azərbaycanda onlarla şəxsin yalnız siyasi baxışlarına görə həbsə atıldığını bildirir.

Bəs görəsən adi vətəndaşlar bu barədə nə düşünürlər? AzadlıqRadiosu Bakı sakinləri arasında sorğu aparıb:

Sizcə, müxalifət partiya fəalları niyə həbs edilir?
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG