Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:40

Salman Rüşdinin 'Kişot'u və 'Don Kixot'


 «Kişot»
«Kişot»

«The Washington Post» yazır ki, Salman Rüşdi «Gecəyarısı uşaqları» adlı romanını yazarkən reklam kopirayterliyi edirmiş. Kitab 1981-ci ildə nüfuzlu «Booker» mükafatına layiq görülüb. Onun yüz minlərlə nüsxəsi satılıb. Yazıçının «Şeytan ayələri» adlı dördüncü romanına görə isə 1989-cu ildə Ayətullah Xomeyni onun qətlinə fətva verib. Nəticədə bu dərin, əsrarəngiz əsərlərin müəllifi cəmi bir neçə gün ərzində gizlənməli olub və dünyanın ən məşhur yazıçısına çevrilib. Mühafizəkar müsəlmanlar ona qorxunc xəyanətkar, söz azadlığı müdafiəçiləri isə ictimaiyyətin diqqətini cəlb edən məşhur presedent kimi baxmağa başlayıblar.

Bundan sonra Rüşdinin kitabları da daha dərindən araşdırılmağa başlayıb.

«Don Kixot»a nəzirə

Yazıçının «Booker» mükafatının finalına çıxmış «Kişot» (Quichotte) adlı son romanı da bu baxımdan istisna deyil. İspan yazıçısı Migel de Servantesin XVII əsrin əvvəllərinə aid «Don Kixot» romanına nəzirə sayılan «Kişot»da XXI əsrin mədəniyyət və siyasətinə ziddiyyətli baxış ortaya qoymağa çalışılır. İki roman arasında paralellər hiss olunur. Servantes cəngavər romanları oxumaqdan havalanmış ispan zadəganını, Rüşdi isə TV-yə baxmaqdan havalanmış yorğun hindistanlı dərman satıcısını təsvir edir.

Rüşdinin kixotvarı qəhrəmanı İsmayıl Smayl təqaüdə çıxmağa məcbur edilir. O, Salma R. adlı operasayağı tok-şou aparıcısının pərəstişkarıdır. O, təqaüdə çıxandan sonra özünə Kişot adını götürərək Salma R-a gözəl xətlə yazılmış məktublar göndərməyə başlayır. Sonra da onu tapmaq üçün özünün metal rəngli «Chevy Cruze» maşınında Amerikanı səyahətə çıxır. Macəralar absurd hala gəlib çatır.

Salma R.-ın özü keçmiş Hollivud aktrisasıdır və bipolyardır. Sonradan Nyu-Yorka köçüb və burada özünü tok-şou aparıcısı kimi yenidən kəşf edib.

Kişot oğlu Sanço ilə birlikdə Nyu-Yorka tərəf yollanır. Bütün yolboyu zorakı və irqçi zorbalar onlara hədə-qorxu gəlir. «Sizin çox pis əcnəbi görkəminiz var», – bir tipik cahil qadın deyir.

Şübhə və nifrət çəlləyinə dönmüş ölkəni dəyərləndirən Sanço hekayənin məsum vicdanına çevrilir. Ucuz oteldə TV kanallarını çevirən Sanço ağ amerikalıların nifrət dolu absurd sözlər bağırdıqlarını görür.

Romanda irqçilik, opioid böhranı, «Brexit», silahlara nəzarət, immiqrasiya, evtanaziya, korporativ fırıldaq, Allahın mövcudluğu, kiberterrorizm, cinsi qısnama kimi məsələlər də yer alıb. Özü də bunlar bir-birini çox sürətlə əvəz edir.

Hekayə içində hekayə

«The Washington Post» daha sonra yazır ki, Don Kixota müasir baxış olan bu yeni roman həm də hekayə içində hekayədir.

Roman hər addımda oxucuya reallıqla uydurma arasında get-gedə artmaqda olan qarşıdurmanı xatırladır. «Sənətlə həyat arasında sərhəd yayğın və etibarsız olub», – Rüşdi yazır.

Romanın qəhrəmanları hər hansı emosional məna kəsb etmirlər. Onlar, sadəcə, bu ədəbi oyunun konstruksiyalarıdır.

«The Guardian» isə yazır ki, bu romanda eyforiya da var, kədər də, postkolonial melanxoliya da var, postinsan futurizmi də. Üstəlik, çox zaman onlara eyni səhifədə rast gəlinir. Bu, elə bir romandır ki, onu oxumaqdan çox internet səhifəsi kimi aşağı sürüşdürmək lazımdır. Roman ilk baxışdan sonu görünməyən sosial media xəbər lenti kimi görünür. Personajlardan biri deyir ki, həyatın özü bu hala düşüb.

Rüşdinin daha erkən romanları, xüsusən «Gecəyarısı uşaqları» (Midnight’s Children) və «Utanc» (Shame) 1970-ci və 80-ci illərdə Britaniya bədii ədəbiyyatında dominant əyalət ruhuna qarşı antidot kimi görülürdü. «Bu romanlar səs-küylü və tarixi idi. Onlarda tarix, fəlsəfə və imperiya siyasəti vardı. Bu romanlar absurd, isterik və qrotesk personajlarla dolu idi. Onlar müasir dünya üçün canlı görünürdülər. İndi necə? Bəs görəsən, çağdaş həyatın özü qrotesk hala gələndə nə baş verir?», – qəzet yazır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG