Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 05:59

'Mən uşağımı mitinqə gətirməmişəm, o məni gətirib'


Moskvada aksiya, 26 mart, 2017
Moskvada aksiya, 26 mart, 2017

Bu nəsil reallığı onlaynla ölçür. Onların bir obyektə diqqəti, vur-tut, 8 saniyə çəkir. Ata-analarına sayqı göstərirlər, amma böyüklərin qeyd-şərtsiz avtoritetini tanımırlar. Onlardan ötrü uğur var-dövlət və statusla deyil, rəngarəng həyat və bu həyatda öz yolunu tapmaqla ölçülür. Dünyanı və ya bəşəriyyəti dəyişdirmək dərdləri yoxdur, ancaq martın 26-da onların bir çoxu Rusiya şəhərlərinin küçələrinə çıxdı.

Aksiyalara valideynləri də qoşulmuşdu. Mitinqdə gözə dəyən plakatların birində belə yazılmışdı: "Mən uşağımı mitinqə gətirməmişəm, o məni gətirib".

Buna da bax:​ Fərqli Rusiyanın varlığını göstərmək istəyənlər

Bu adamlar kimdir, onlarla necə danışmalı və onlardan nə gözləməli?

Bu yaxınlarda "Sberbank"ın sifarişi ilə müasir Rusiya gəncliyinın keyfiyyət analizi aparılıb. Bu təhlil, istər-istəməz, yeniyetmə və gənclərin çoxlarına gözlənilməz görünən kütləvi etirazı ilə bağlı bir çox sualı cavablayır. "Çağdaş gənclik haqqında 30 fakt” adlanan bu araşdırmanı aparan "Validata" şirkəti gənclər və onların valideynlərindən ibarət fokus qrupları yaradaraq, "sentenial" nəslin (yüzillik anlamında – red.), başqa sözlə, "Z nəslinin" başlıca özəlliklərini təsvir etməyə çalışıb. Araşdırma müəlliflərindən biri, "Validata" şirkətinin aparıcı mütəxəssisi Vlada Gekhtman AzadlıqRadiosu-nun rus xidmətinə XX və XXI əsrlərin qovşağında doğulmuş rusiyalılar, onların dəyərləri və onlarla ünsiyyətdə nəzərə alınmalı amillərdən söz açıb.

Onun sözlərinə görə, şirkətin tədqiqatçıları yaşı 14-22 arasında olan gənclərdən ibarət 14 qrupla işləyib. Bundan başqa tədqiqata valideynləri ilə qatılan 5 qrup da olub. Ekspertlərlə müsahibələr aparılıb, internetdə yayılan 18 bloqda insanlar şirkətin suallarını cavablandırıblar. Tədqiqat Moskva, Saratov və Barnaulu əhatə edib.

Buna da bax: Lukashenka etirazlara niyə imkan verir

Moskvanın Tver küçəsi. 26mart2017
Moskvanın Tver küçəsi. 26mart2017

“Z nəsli”, yəni kimlər?

"İnternet gənclərdən ötrü həyatın bir parçasıdır, oflayn kimi dolğun reallıqdır. Onlar yeni trendləri, fikir və hissləri məhz orada axtarırlar. Bu axın səs sürəti ilə, həm də daim dəyişdiyindən, sabah onların nəylə maraqlanacağını, hansı dalğaya qoşulacaqlarını, nəyə qatılmaq istəyəcəklərini deyə bilmərik... Biz 14 yaşından 22 yaşınadək hər iki cinsdən olan yeniyetmə və gənclərlə danışdıq.

Nəsillər nəzəriyyəsi nisbətən yeni anlayışdır. “Z nəsli” deyərkən, “millenial”lardan (mileniumdan – minilliklərin kəsişməsindən öncə doğulanlar anlamında – red.) fərqli olaraq, az-çox şüurlu həyata sıfırıncı və onuncu illərdə qoşulanlar nəzərdə tutulur. Elə bu üzdən “sentenial” adlanırlar. Bu adamlar 90-cı illərin sonlarında – sıfırlı illərin əvvəlində doğulanlardır və onuncu illərdə artıq şüurlu yaşama başlamışdılar.

Buna da bax:​ Antikorrupsiya aksiyasında müxalifət fəalı Navalny saxlanıb (Video)

Uğur elə xoşbəxtlikdir?

Söhbət təkcə onların onlayn yaşamasından yox, həm də informasiyanı tam fərqli qavramasından gedir... Onlar müxtəlif və nəhəng informasiya axınından çox tez baş çıxarırlar, ancaq iri, məna yüklü mətnləri elə də sevmirlər. Valideynlərlə münasibətlərə gəlincə, bizə elə gəldi ki, nəsillərin münaqişəsi həll olunub, özü də bu, ikitərəflidir. Bir tərəfdən, valideynlər öz uşaqları ilə dostluq etməyə çalışırlar, ən azı iddia edirlər ki, uşaqları sındırmaq olmaz, onlara daha çox azadlıq verilməlidir. Digər tərəfdənsə, bunun nəticəsində gənclər böyüklərə, sadəcə, yaşca böyük, müəllim, yaxud təcrübəli olduqlarına görə itaət etmirlər...

Onların özünüdərki də maraqlıdır... Gənclik xoşbəxtliyə can atır, həyatın uyumlu və hüzurlu olmasını istəyir. Onlar rifah dolu həyat istəyirlər. Həm də bu həyat yeknəsəq olmamalıdır. Onlara drayv, fan, hərəkət, güclü təəssüratlar, spontanlıq, rəngarənglik lazımdır. Əks halda, hər şey çox darıxdırıcı olur... İndi uğur... xoşbəxtliyin özüdür. İştirakçılardan birinin dediyi kimi, bütün bu maşınlar, pul - hamısı boş şeydir, uğur elə xoşbəxtlikdir. Onlar elə belə də deyirlər", - Gekhtman-ın sözləridir.

Buna da bax:​ Təhsilli rusiyalılar vətəndən gedir

“Arzu edirəm ki, sən çox çalışmayasan...”

Tədqiqatçılar gənclərdən 20 ildən sonra özlərini necə gördükləri barədə yazmağı xahiş ediblər. Onların özlərinə 20 il sonra üçün yazdıqları məktublar təxminən bu məzmunda olub: "Arzu edirəm ki, sən çox çalışmayasan ki, həyata, ailənə, həyatdan həzz almağa vaxtın qalsın".

Başqa bir məktubda isə deyilir: "Mən səndən soruşmaq istəyirəm - sən xoşbəxtsənmi? Öz yolunu tapmısanmı?".

Nə qədər çox puldan söhbət getsə də, sadəcə, pul qazanmaq üçün işləmək onları cəlb eləmir. İşdən həzz almaq çox vacibdir. İdeal variantda bu, pul müqabilində hobbi ilə məşğul olmaqdır. Bu həyatdan və özündən həzz almaq təfəkkürü çox qabarıq idi. Nəticədə, bununla bağlı müəyyən xəyal qırıqlığı da var. Onlar bu yolda səhv etməkdən çox qorxurlar. Nədənsə elə düşünürlər ki, bu yolu, sadəcə, bir dəfə seçmək olar və onu düzgün seçməsən, həyat bitəcək və sən özünü, ən başlıcası, valideynlərini ömürlük məyus edəcəksən... Məyusluqsa artıq xoşbəxt olmamaq deməkdir... Onlar valideynlərini məyus etməkdən çox qorxurlar. Bu, bizi bir qədər təəccübləndirdi.

Buna da bax: 2016-cı ildə Rusiyada rüşvətxorluq 75% artıb

Tənhalıq qorxusu?

Bizi çox təəccübləndirən daha bir qorxu, öncəki nəsillərdən fərqli olaraq, tənhalıq qorxusudur. Mənim 49 yaşım var. Balaca olanda, tənha adamlara hörmətlə yanaşıldığını görürdüm. Tənha adam cəmiyyətə qarşı gedən qeyri-adi, özəl insandır. Ancaq bu nəsildə tənhalıq cəmiyyət tərəfindən rədd edilməkdir, uğursuzluqdur. Bu üzdən, hamısı gələcəkdə mütləq ailəsinin və uşaqlarının olmasını istəyir... Gənclər cəmiyyət tərəfindən tanınmağa çox can atırlar, bunu çox istəyirlər. Bu, mütləq böyük adam olmaq, xərçəng xəstəliyinə çarə tapmaq demək deyil. Sadəcə, ictimaiyyət tərəfindən qəbul olunmaqdan, dostlar arasında uğur və populyarlıq qazanmaqdan, cəmiyyətdə özünü təsdiqlədiyinə əminlikdən söhbət gedir.

“Səssiz qiyam” qəzəbə çevrilə bilər?

Aksiyaya qatılan qızlardan biri "Novaya qazeta”ya müsahibəsində deyib ki, onlar ideya çox aydın olduğuna görə küçəyə çıxıblar. Hamımız kimi gənclər də yalanı, ədalətsizliyi sevmir. Birinin dəbdəbəli, digərinin çox pis yaşaması onlara ədalətsiz görünür, bu, tam aydındır. Onlar, sadəcə, bunun yanlış olduğunu söyləməyə çıxıblar. Tədqiqatda "səssiz qiyam" haqqında yazanda da biz bunu nəzərdə tutmuşuq. Bu o vəziyyətdir ki, səssiz qiyam qəzəb və güclü itaətsizliyə çevrilə bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG