Keçid linkləri

2025, 20 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:37

Dünya xəbərləri

Rusiya Zaporojyedə cəzaçəkmə müəssisəsini vurub, 16 nəfər ölüb

Kamyanskedə yaralı
Kamyanskedə yaralı

Rusiya qoşunları iyulun 29-na keçən gecə Zaporojye vilayətindəki cəzaçəkmə müəssisəsinə zərbə endirib, 16 nəfər ölüb, 35 nəfər yaralanıb. Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorov məlumat verib.

İlkin məlumata görə, zərbələr idarəolunan aviabombalarla həyata keçirilib.

“Yaralılara bütün zəruri tibbi yardım göstərilir. Müəssisənin binaları dağılıb. Yaxınlıqdakı fərdi evlərə də ziyan dəyib”, – deyə o bildirib.

Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak isə qeyd edib ki, “bu, rusların növbəti hərbi cinayətidir və onlar yalnız qarşısı alınarsa dayanarlar”.

Rusiya hərbçiləri həmçinin Dnepropetrovsk vilayətinin Sinelnikov rayonu ərazisindəki kəndlərdən birinə pilotsuz uçuş aparatları ilə hücum ediblər. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, yanğının söndürülməsi zamanı xilasedicilərə təkrar zərbə endirilib, yanğınsöndürmə maşını zədələnib.

Vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak qeyd edib ki, Sinelnikov rayonunda bir neçə yaşayış məntəqəsi zərbələrə məruz qalıb. Hücum nəticəsində 2 nəfər həlak olub, 3 nəfər yaralanıb. Beş fərdi ev, inzibati bina, mağazalar, yanacaqdoldurma məntəqəsi və avtomobillər ziyan görüb.

Kamyanske şəhərinə raket hücumu nəticəsində üçmərtəbəli bina, doğum evi və şəhər xəstəxanasının bir şöbəsi zədələnib. Hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb. “İki qadının vəziyyəti ağırdır. Onlardan biri hamilədir”, – deyə Sergey Lısak əlavə edib.

Bütün xəbərləri izləyin

İspaniya 'Meta' ilə bağlı araşdırma aparacaq

"Meta" şirkətinin baş icraçı direktoru Mark Zukerberq
"Meta" şirkətinin baş icraçı direktoru Mark Zukerberq

İspaniya hökuməti "Facebook" və "Instagram"ın sahibi "Meta" şirkətinin istifadəçilərin gizliliyini pozub-pozmadığını araşdıracaq. Ölkənin baş naziri Pedro Sançes noyabrın 19-da belə bir açıqlama verib.

Sançesin ofisinin bildirdiyinə görə, araşdırma bir neçə beynəlxalq tədqiqat mərkəzinin apardığı tədqiqatlara əsaslanır. Belə ki, şirkətin "Android" cihaz istifadəçilərinin internet fəaliyyətini izləmək üçün gizli mexanizmdən istifadə etdiyi iddia olunur.

"İspaniyada qanun hər hansı alqoritmdən və ya böyük texnologiya platformasından üstündür. Hüquqlarımızı pozan hər kəs bunun nəticəsinə qatlanacaq", – Sançes deyib.

Hökumətin mövqeyinə görə, "Meta" şirkəti təhlükəsizlik və məxfiliklə bağlı Avropa İttifaqının məlumatların qorunması üzrə ümumi qaydalarını (GDPR), bəzi digər qanunları pozmuş ola bilər.

"Meta" ölkənin aşağı palatasının komitəsi qarşısında ifadə verməyə çağırılacağı açıqlanıb.

Şirkətin bu açıqlamaya münasibəti bəlli deyil. Amma "Meta" indiyədək istifadəçi datasını qaydalara uyğun idarə etdiyini bildirib.

Gürcüstan XİN Brüsselin insan haqları üzrə dialoqu təxirə salmasını tənqid edir

Tbilisidəki Rustaveli prospektində Gürcüstan və Aİ bayraqlarını əks etdirən qraffiti
Tbilisidəki Rustaveli prospektində Gürcüstan və Aİ bayraqlarını əks etdirən qraffiti

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqının Tbilisi ilə insan hüquqlarının müdafiəsinə dair dialoqu təxirə salması ilə bağlı bəyanat yayıb. Qurum qeyd edir ki, Aİ-nin Gürcüstanla bütün səviyyələrdə dialoqu dayandırmasına baxmayaraq, Tbilisi insan hüquqları ilə bağlı qarşıdakı görüşü Brüssel ilə əməkdaşlıq imkanı, Gürcüstanın tez-tez tənqid olunduğu məsələlərin müzakirəsi üçün fürsət kimi qiymətləndirirdi.

"...Avropa tərəfi sözügedən görüşü tamamilə qəbuledilməz və əsassız bəhanə ilə təxirə saldı. Bu mövzudan növbəti siyasi manipulyasiya üçün istifadə olunması ciddi şübhələr doğurur və elə təəssürat yaradır ki, Avropa Xarici Fəaliyyət Xidməti görüşün keçirilməsində səmimi maraqlı olmayıb", – bəyanatda deyilir.

AzadlıqRadiosunun gürcü xidməti xəbər verir ki, görüşün təxirə salınmasına nümayəndə heyətinə sanksiya altında olan məmurun salınması səbəb olub. Söhbətin daxili işlər nazirinin müavinindən getdiyi güman edilir. Avropa diplomatlarına görə, Gürcüstan sanksiya tətbiq edilən şəxslərin iştirakında israr edib, bu isə Aİ üçün qəbuledilməzdir. Brüssel vurğulayıb ki, görüş "Gürcüstan tərəfinin yaratdığı maneələr ucbatından" təxirə salınıb.

Gürcüstan daxili işlər nazirinin beş müavini var: Şalva Tadumadze, Aleksandr Daraxvelidze, Mariam Tabatadze, Roland Mesxi Giorgi Saxokiya. Onlardan ikisi –Tadumadze və Daraxvelidze müxtəlif ölkələrin sanksiyaları altındadır.

Sanksiya altında olan digər nazir müavini Giorgi Butxuzi noyabrın 11-də vəzifədən azad edilib və yerinə Saxokiya təyin olunub.

Aİ hələlik Gürcüstanın yüksəkvəzifəli məmurlarına vahid sanksiyalar tətbiq etməyib. Ayrı-ayrı ölkələr isə "Gürcü Arzusu" təmsilçilərinə məhdudiyyətlər açıqlayıb.

Ötən il noyabrın sonunda Gürcüstan Avropaya inteqrasiyanın 2028-ci ilədək dayandırılmasını elan edib. O vaxtdan parlament binası qarşısında nümayişlər keçirilir. Etirazçılar növbədənkənar seçkilərin keçirilməsini, saxlanmış bütün nümayişçilərin buraxılmasını tələb edirlər.

Ukrayna Rusiyaya ATACMS raketləri ilə hücum etdi

ATACMS
ATACMS

Ukrayna noyabrın 18-də Voronejə ABŞ istehsalı olan dörd uzaqmənzilli ATACMS raketi ilə zərbə endirib. Bunu Rusiyanın Müdafiə Nazirliyi (MN) bildirir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bir gün öncə bildirmişdi ki, Rusiyanın ərazisində bir hərbi obyektə zərbə endirmək üçün ATACMS-dən istifadə olunub. Bu, müharibə başlayandan bəri ilk belə haldır. Qurum neçə raketin buraxıldığını, hansı istiqamətdə atıldığını dəqiqləşdirməyib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bütün raketlər vurulub, yerə düşən qalıqlar uşaq evinin, herontologiya mərkəzinin və şəxsi evin damlarına ziyan vurub. Rusiya MN vurulduğu bildirilən raketlərin qalıqlarının fotolarını dərc edib.

Qurum Xarkov vilayətində ATACMS raketlərinin buraxılış qurğularının cavab zərbəsi ilə məhv edildiyini bildirib. Amma bu məlumat müstəqil təsdiqlənməyib

İndiyədək Ukrayna bu raketlərlə Rusiyanın işğal etdiyi ərazilərə zərbələr endirib.

ABŞ 2023-cü ildən Ukraynaya ATACMS uzaqmənzilli ballistik raketlər verir. O zaman Vaşinqton Ukraynanın Rusiya ərazisini vurmasına qadağa qoymuşdu, bu qadağa sonradan aradan qaldırıldı. 2025-ci ilin sentyabrında ABŞ prezidentinin xüsusi elçisi Kit Kelloq Ukraynanın Rusiyanın dərinliyinə zərbələr endirə biləcəyini təsdiqləmişdi.

Ternopolda dağılan bina
Ternopolda dağılan bina

Rusiya Ukraynanın qərbinə və Xarkova zərbələr endirib, ölənlər var

Noyabrın 19-da Rusiyanın raket və dron hücumlarından sonra Ukraynaya qərbindəki Lvov və Ternopol şəhərlərində partlayışlar baş verib.

"Rusiya yenidən enerji infrastrukturumuza hücum edir. Ukraynanın bir sıra bölgələrində fövqəladə elektrik kəsintiləri tətbiq olunub", – Ukraynanın Energetika Nazirliyi Telegram-da bildirib.

"Reuters" ziyanın tam miqyasının, hələlik, bəlli olmadığını yazır.

Ukrayna dövlət mediası Ternopolda çoxmərtəbəli yaşayış binasının vurulduğunu bildirib. Ölkənin Telegram kanallarında paylaşılan görüntülərdə Ternopolda çoxmərtəbəli binanın üst qatlarının dağıldığı, göyə qara tüstünün qalxdığı, narıncı alovun hələ də yandığı görünür.

Ukraynanın qərbi ilə həmsərhəd, NATO üzvü Polşa öz hava məkanını qorumaq üçün ölkənin cənub-şərqindəki Jeşuv və Lublin hava limanlarını müvəqqəti bağlayıb, Polşa və müttəfiq ölkələrin təyyarələrini havaya qaldırıb.

+++

Ternopolda iki binanın vurulması nəticəsində azı 19 nəfər həlak olub, 16-sı uşaq olmaqla 66 nəfər xəsarət alıb. Zərbədən doqquzmərtəbəli yaşayış binası qismən dağılıb, daha bir doqquzmərtəbəli binada isə yanğın baş verib.

Prezident Volodimir Zelenski xilasetmə işlərinin davam etdiyini, qurbanların daha çox ola biləcəyini bildirib. Son məlumata görə, uşaqlar daxil olmaqla, 30-dan çox insan yaralanıb.

İvano-Frankovsk vilayətində ikisi uşaq olmaqla üç nəfər yaralanıb.

Xarkovda Rusiyanın hücumu yaşayış evləri və digər mülki obyektlərə ziyan vurub, 40-dan çox yaralının olduğu bildirilir.

Zelenski Rusiyanın Ukraynaya toplam 470-dən çox zərbə dronu və müxtəlif tipli 48 raket buraxdığını deyib.

Rusiya hücumlarla bağlı hələ şərh verməyib.

ABŞ Konqresi 'Epşteyn dosyesi'nin açıqlanmasına səs verib

Vaşinqtonda "Epşteyn işi" ilə bağlı məlumatların dərcini tələbi edən etirazçı.
Vaşinqtonda "Epşteyn işi" ilə bağlı məlumatların dərcini tələbi edən etirazçı.

Noyabrın 18-də ABŞ Konqresi Ədliyyə Nazirliyi üzərinə maliyyəçi Cefri Epşteynlə bağlı bütün sənədləri açıqlamaq öhdəliyi qoyan qanun layihəsini təsdiqləyib. Prezident Donald Tramp qanunu imzalayacağını bildirib. Yetkinlik yaşına çatmayanlara qarşı seksual cinayətlərə görə məhkum edilmiş Epşteyn yeni məhkəmə prosesini gözləyərkən intihar etmişdi.

Konqresin bu addımından öncə prezident respublikaçı konqresmenləri qanun layihəsini dəstəkləməyə çağırmışdı. Prezident Tramp və respublikaçı fraksiyanın rəhbərliyi aylarla "Epşteyn dosyesi"nin ictimailəşdirilməsinə qarşı çıxıb, bunu Epşteynin qurbanlarının maraqlarını qorumağın vacibliyi ilə əsaslandırıblar.

"Epşteyn işi" ABŞ-də böyük diqqət çəkib, bunun əsas səbəblərindən biri onun ölkənin siyasi və maliyyə dairələrində geniş əlaqələrinin olmasıdır. Epşteynin tanışları və dostları arasında keçmiş prezident Bill Klinton, Nyu-York meri Maykl Blumberq də var idi. 90-cı illərdə D.Tramp da onunla dostluq edib. Epşteyn arxivində onların bir çoxu ilə yazışmalar saxlanılır.

Ağ evə gəldikdən sonra Donald Tramp federal istintaq zamanı toplanmış "Epşteyn dosyesi"ni açıqlamağa söz versə də, bu vəd yerinə yetirilməyib və bir neçə respublikaçı konqresmen buna görə prezidenti tənqid edib. Qanun layihəsinin təşəbbüskarları da elə həmin qanunvericilər olublar.

"Bu, bir partiyanın deyil, cəmiyyətin tələbidir", – qanun layihəsinə son, həlledici imzanı atan demokrat Adelita Qrixalva deyib.

Ukraynanın keçmiş baş nazir müavini iki aylıq həbs olunub

Aleksey Çernışov
Aleksey Çernışov

Ukraynanın Korrupsiyaya Qarşı Ali Məhkəməsi "Energoatom"dakı mənimsəmə işi üzrə keçmiş baş nazir müavini Aleksey Çernışovu 60 sutka həbsə məhkum edib. Ona 51.6 milyon qrivna (təxminən 1.23 milyon dollar) girov qarşılığında azadlığa çıxmaq imkanı verilib. Bu barədə AzadlıqRadiosunun Ukrayna xidmətinin müxbiri məhkəmə zalından xəbər verib. Çernışova bu iş üzrə qanunsuz varlanma ittihamı irəli sürülüb.

Hakim ittiham tərəfinin vəsatətinin qismən təmin olunduğunu bildirib.

Çernışov məhkəmənin həbs qərarını "şok və absurd" adlandırıb, şübhələrin əsassız olduğunu deyib.

İclasda prokurorluq təmsilçisi keçmiş məmurun 55 milyon qrivna (1.3 milyon dollar) girov qarşılığında həbs olunmasını xahiş edib. İttihama görə, bu, Çernışovun mümkün qanunsuz varlandığı bildirilən məbləğə bərabərdir.

NABU bildirib ki, detektivlər şübhəliyə və onun etibar etdiyi şəxsə ümumilikdə 1.2 milyon ABŞ dollarından çox və təxminən 100 min avro nağd pul verilməsi faktını azı üç epizod üzrə sənədləşdiriblər. Sübutlar arasında vəsaitlərin verilməsinin detallarının müzakirə olunduğu gizli dinləmə yazıları da var.

Prokuror onu da deyib ki, "Professor" ləqəbli fiqurantlardan birinin Çernışovun həyat yoldaşı Svetlana olduğu ehtimal edilir.

İttihamları rədd edir

Çernışovun vəkilləri və özü ittihamları rədd edirlər. Keçmiş baş nazir müavini deyib ki, "Energoatom"la heç bir əlaqəsi olmayıb, istintaqın ona qanunsuz yolla əldə edilmiş pulun verilməsini sübut edən dəlilləri yoxdur.

Çernışov məhkəmədə bildirib ki, istintaq materiallarında adı keçən digər fiqurantları tanımır. O, həmçinin SAPO və NABU əməkdaşlarının ona aid etdikləri "Çe Qevara" ləqəbi barədə heç nə bilmədiyini deyib. Ancaq etiraf edib ki, lent yazılarındakı səs onunkuna bənzəyir.

Keçmiş məmur istintaqın "pulyuma məkanı" adlandırdığı ofisdə olduğunu təsdiqləyib. İttihama görə, Çernışov məhz orada pul alıb. O isə iddia edir ki, həmin yerə intellektual klub görüşünə gedib.

Təqsirli bilinsə, Çernışovu 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə və 3 il müddətinə vəzifə tutma qadağası gözləyir.

Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) Ukrayna AES-lərinin operatoru "Energoatom" şirkətində genişmiqyaslı mənimsəmə sxeminin aşkarlandığını bildirir. NABU-nun məlumatına görə, bu sxem vasitəsilə 100 milyon dollar leqallaşdırılıb.

Tramp Səudiyyənin vəliəhd şahzadəsi ilə görüşəcək

ABŞ prezidenti Donald Tramp Ər-Riyadda qarşılanma mərasimində Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla əl sıxır.
ABŞ prezidenti Donald Tramp Ər-Riyadda qarşılanma mərasimində Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla əl sıxır.

Noyabrın 18-də ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının de-fakto lideri, vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşəcək. "Reuters" Vaşinqtonun Səudiyyəyə F-35 qırıcıları satışının, krallıqla bir sıra biznes sazişlərinin müzakirə olunacağını yazır.

MBS kimi tanınan bin Salman 2018-ci ildən bəri ilk dəfədir ABŞ-yə gedir. Həmin il Səudiyyənin agentləri ölkənin İstanbuldakı konsulluğunda Səudiyyənin tənqidçisi Camal Xaşoqini qətlə yetiriblər. ABŞ kəşfiyyatı jurnalistin tutulması və qətlinə məhz bin Salmanın göstəriş verməsi qənaətinə gəlib. Vəliəhd şahzadə əməliyyata sifariş verdiyini dansa da, krallığın de-fakto lideri olaraq məsuliyyətini etiraf edib.

Bin Salmanın Vaşinqtondakı isti qarşılanması isə Xaşoqinin qətlinin münasibətlərdə yaratdığı gərginliyin düzəlməsi əlaməti olacaq.

Trampın mayda krallığa səfəri zamanı Səudiyyə 600 milyard dollarlıq investisiya öhdəliyi götürüb. Ağ evdən yüksəkvəzifəli bir rəsmi "Reuters"ə deyib ki, ABŞ-Səudiyyə arasında texnologiya, istehsal, müdafiə və digər sahələr üzrə anlaşmalar gözlənilir.

ABŞ prezidenti noyabrın 18-də jurnalistlərə deyib: "Biz F-35-ləri Səudiyyəyə satacağıq". O, Səudiyyənin 48 ədəd qırıcı təyyarə almaq üçün müraciət etdiyini bildirib.

Vaşinqtonun Səudiyyəyə ilk dəfə F-35 satacaq, Yaxın Şərqdə hərbi balansı dəyişdirə bilər. İndiyədək regionda F-35-ə sahib yeganə ölkə İsrail olub.

BMT Təhlükəsizlik Şurası ABŞ-nin Qəzzada sülh planını təsdiqlədi

BMT Təhlükəsizlik Şurası
BMT Təhlükəsizlik Şurası

Noyabrın 17-də BMT Təhlükəsizlik Şurası Qəzzada sülhün qurulmasına dair qətnaməni təsdiqləyib. Bu sənədin əsas müddəaları ABŞ prezidenti Donald Trampın bu regionda sülh planına əsaslanır.

Qətnamə layihəsini ABŞ təqdim etmişdi. Sənəddə bir neçə ərəb ölkəsinin hərbçilərindən ibarət Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yaradılması, ərazini müvəqqəti idarə olunması üçün Trampın rəhbərliyi ilə Sülh Şurasının qurulmasını nəzərdə tutur. Qətnamədə eləcə də bir neçə ilkin şərt yerinə yetirilərsə, Fələstin dövlətinin yaradılması ehtimalından da söz açılır.

Qətnaməni Təhlükəsizlik Şurasının 13 üzvü dəstəkləyib, Rusiya və Çin bitərəf qalıb. Müşahidəçilər bunu Tramp administrasiyasının ciddi diplomatik qələbəsi kimi qiymətləndirirlər.

"Bu, tarixi əhəmiyyətə malik bir andır", – ABŞ prezidenti D.Tramp özünün sosial şəbəkə səhifəsində yazıb.

Qətnamənin qəbulu Rusiyanın mövqeyinə görə sual altında idi, çünki Rusiya bir müddət öncə öz qətnamə layihəsini təklif edib, daha çox Fələstin dövlətinin yaradılmasına diqqət ayrılıb. Ərəb və müsəlman ölkələri isə ABŞ-nin təqdim etdiyi layihəni dəstəkləyirdi.

Sənəddə deyilir ki, beynəlxalq kontingent Qəzza zolağının silahsızlaşdırılmasına, silahlı qruplardan silahların yığılması, Qəzzada təhlükəsizliyin təmin edilməsinə, sərhədlərin qorunmasına cavabdeh olacaq. Noyabrın 17-də ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS Fələstin qruplaşması qətnaməni tənqid edib, beynəlxalq kontingentin neytral qüvvə olmayacağını, onu tərksilah etməyə cəhd göstərərsə, işğal tərəfini dəstəkləmiş olacağını bildirib.

Qətnamə Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə öz missiyasını yerinə yetirmək üçün gərəkən bütün tədbirləri görmək səlahiyyəti verir. Bu isə silah tətbiqinə icazə anlamına gəlir. Qəzza beynəlxalq kontingentin nəzarətinə keçdikdən sonra İsrail ordusu ərazidən çıxacaq.

Banqladeşin devrilmiş baş naziri ölümə məhkum edilib

Şeyx Həsinə
Şeyx Həsinə

Banqladeşdə hərbi cinayətlər məhkəməsi devrilmiş baş nazir Şeyx Həsinəni edam cəzasına məhkum edib. O, ötən il tələbə hərəkatına qarşı ölümcül repressiya əmri verməkdə təqsirli bilinib.

Ölkənin keçmiş liderinə qarşı bu hökm fevralda gözlənilən parlament seçkilərindən bir neçə ay öncəyə təsadüf edir. Həsinənin "Avami Liqası" seçkilərdə iştirakdan kənarlaşdırılıb. "Reuters" yazır ki, noyabrın 17-də çıxarılan hökmün səsvermə ərəfəsində yeni iğtişaşlara səbəb ola biləcəyi sarıdan narahatlıqlar var.

Banqladeşin Beynəlxalq Cinayətlər Tribunalı paytaxt Dəkkədə yerləşir, ölkənin daxili hərbi cinayətlərini araşdırır. Həsinə prosesdə iştirak etməyib. O, 2024-cü ilin avqustunda Hindistana qaçıb.

78 yaşlı Həsinə insanlığa qarşı cinayətlərə görə ömürlük həbs, qiyam zamanı bir neçə nəfərin öldürülməsi ilə bağlı isə edam cəzası alıb.

Hökmdən apellyasiya şikayəti verilə bilər.

Keçmiş baş nazir hökmün saxta tribunalda çıxarıldığını, ona demokratik mandatı olmayan, seçilməmiş hökumətin sədrlik etdiyini deyib. O, daha öncə məhkəməni "siyasi motivli maskarad" adlandırmışdı.

BMT-nin hesabatına görə, 2024-cü il iyulun 15-dən avqustun 5-dək Banqladeşdəki etirazlarda 1400-dək etirazçı öldürülüb, minlərlə insan yaralanıb. Bu, ölkə 1971-ci ildə müstəqillik əldə edəndən bəri ən şiddətli zorakılıq olub.

Həsinə Hindistana qaçandan sonra 170 milyon əhalisi olan bu Cənubi Asiya ölkəsini Nobel Sülh Mükafatı laureatı, 85 yaşlı Məhəmməd Yunusun başçılığı ilə aralıq hökumət idarə edir.

Polşada Ukraynaya gedən dəmiryol xətti zədələnib

D.Tusk Varşava-Lublin istiqamətində dəmiryol relslərinin zədələndiyi yerdə
D.Tusk Varşava-Lublin istiqamətində dəmiryol relslərinin zədələndiyi yerdə

Polşanın şimal-şərqində Ukrayna ilə ölkəni birləşdirən dəmiryol xətti zədələnib. Qatarın maşinisti zədələnməni görərək Mazovets vilayət polisinə məlumat verib.

Polisin məlumatına görə, qatarda iki sərnişin və bir neçə işçi olub, heç biri xəsarət almayıb.

Polşanın baş naziri Donald Tusk sabotaj ehtimalını istisna etmədiyini bildirib. Daxili işlər nazirinin müavini Maçey Duşik isə zədələnmənin partlayış səbəbindən baş vermədiyini deyib, amma detallı danışmayıb.

Tusk daha sonra yazıb ki, Varşava – Lublin xəttində partlayıcı qurğu işə düşüb: "Təəssüf ki, ən pis qorxular təsdiqləndi".

İyulda Polşada sabotaj aktları təşkil etmək məqsədilə Rusiya xüsusi xidmətləri ilə əməkdaşlıqda şübhəli bilinən 32 nəfər saxlanıb. Cinayətkar qrupa Polşa, Rusiya, Ukrayna, Belarus və Kolumbiya vətəndaşları daxil idi. Polşa Daxili Təhlükəsizlik Agentliyi bildirirdi ki, onlar cinayətləri Rusiya kəşfiyyatının göstərişi ilə gerçəkləşdirib, yaxud planlaşdırıb.

Rusiya Polşada diversiya və sabotajla bağlı ittihamları rədd edir. Rusiya Xarici İşlər Nazirliyi (XİN) Varşavanın iddialarını sübutsuz adlandırır, ölkələr arasındakı gərginliyi artırmağa yönəldiyini deyir.

Çin yeni evlənənlərə pul vauçerləri verəcək

Çinli cütlüklərin toy fotosessiyaları
Çinli cütlüklərin toy fotosessiyaları

Çinin şərqindəki Ninbo şəhərində 28 oktyabr-31 dekabr tarixlərində nikah bağlayan pul vauçerləri veriləcək. "Reuters" hakimiyyətin gəncləri nikah bağlamağa, uşaq sahibi olmağa həvəsləndirməyə çalışır.

Ötən il ölkə üzrə nikahların sayı 20 faiz azalıb. Gənclərin ailə qurmaq istəyinin azalması isə uşaq baxımı, təhsil xərclərinin yüksək olması ilə izah edilir.

Ninboda yeni evlənənlər ümumi dəyəri 1000 yuan (141 dollar) olan səkkiz vauçer ala biləcəklər. Onlar vauçerlərdən toy fotosessiyası, mərasim və şənlik xidmətləri, mehmanxanada qalmaq, nikahla bağlı digər sahələrdə istifadə edə bilərlər.

Hançjou və Pinhu şəhərləri də oxşar tədbirlər, ilin sonunadək pul vauçerləri təklif ediləcəyini bildirib.

Çin 1.4 milyard əhali ilə dünyada ikinci yerdədir, amma əhalisi sürətlə qocalır. Ötən il ölkədə 6.1 milyon cütlük nikah üçün qeydiyyatdan keçib, bu isə bir il öncəkindən 7.68 milyon azalma deməkdir.

Ötən il hakimiyyət universitet və kolleclərə "sevgi təhsili" verməyi tapşırmışdı, məqsəd nikah, sevgi, doğum və ailə barədə müsbət fikirləri təşviq etmək idi.

Rusiya Xarkovu vurub. Zelenski Avropada səfərdədir

Yunanıstan baş naziri Kiriakos Mitsotakis Afinada Ukrayna prezidenti Volodimir Zelenskini qəbul edir.
Yunanıstan baş naziri Kiriakos Mitsotakis Afinada Ukrayna prezidenti Volodimir Zelenskini qəbul edir.

Rusiya Ukraynaya ölümcül hava zərbələrini davam etdirir. Ötən gecə Xarkov vilayətində azı üç nəfər həlak olub. Prezident Volodimir Zelenski Avropa paytaxtlarına səfər edir, ölkəsinə dəstəyi gücləndirməyə çalışır.

Noyabrın 17-də səhər saatlarında Rusiya Ukraynanın Xarkov vilayətində Balakliya dəmiryol qovşağını vurub, üç nəfər ölüb, azı 10 nəfər yaralanıb.

Balakliya hərbi administrasiyasının rəhbəri Vitali Karabanov deyib ki, şəhər mərkəzi hücuma məruz qalıb. Rusiya 2022-ci ilin fevralında genişmiqyaslı işğala başlayanda Balakliya qısa müddətə işğal altında qalıb, bir neçə aydan sonra azad edilib.

Qış yaxınlaşdıqca Rusiya Ukraynanın enerji infrastrukturlarına hücumları intensivləşdirib. Bu isə enerji çatışmazlığı sarıdan narahatlıqlara səbəb olur.

Bu arada prezident Zelenski Ukraynanın enerji təchizatını və silah tədarükünü gücləndirmək niyyəti ilə Avropa paytaxtlarına səfərə başlayıb. O, noyabrın 17-də Parisdə Fransa prezidenti, Kiyevin tərəfdarı Emmanuel Makronla görüşməlidir. Zelenski bildirib ki, "Fransa ilə böyük bir saziş" üzərində iş gedir, lakin bu səfər zamanı böyük bir açıqlamanın verilib-verilməyəcəyi, hələlik, bəlli deyil.

Zelenski Qərb tərəfdaşlarından Rusiyanın dərinliklərindəki raket buraxılış nöqtələrini məhv etməkdən ötrü əlavə uzaqmənzilli raketlər istəyib. Fransa bundan əvvəl Ukraynanın müdafiəsi üçün "Aster" orta mənzilli raketləri göndərməyi vəd edib.

Ukrayna lideri noyabrın 18-də İspaniyaya səfər etməlidir.

Noyabrın 16-da Afinaya gedən Zelenski gələn aydan 2026-cı ilin martına qədər ABŞ-dən mayeləşdirilmiş təbii qaz idxalı barədə saziş imzalayıb.

Bundan öncə Zelenski qalmaqallı energetika sektorunu yenidən qurmaq vədi verib. Noyabrın 10-da Ukraynanın korrupsiyaya qarşı mübarizə qurumu energetika sektorunda on milyonlarla dollarlıq korrupsiya ilə bağlı "genişmiqyaslı əməliyyat" başladıldığını açıqlamışdı.

Zelenski noyabrın 16-da bildirib ki, azı üç dövlət enerji şirkətinin rəhbərliyi vəzifədən kənarlaşdırılacaq, başqa dəyişikliklər də planlaşdırılır.

Bu islahatlar Zelenskiyə təzyiqləri azaldacaqmı, Ukraynanın Qərb müttəfiqlərini qane edəcəkmi, hələlik, bəlli deyil. Qərb tərəfdaşları Ukraynadan Rusiyanın genişmiqyaslı işğalına qarşı mübarizənin getdiyi vaxtda ölkədə kök salmış korrupsiya ilə mübarizədə daha fəal olmağı tələb edirlər.

Böyük Britaniya da miqrantlar üçün qaydaları sərtləşdirir

La-Manş boğazını üzüb Britaniyaya gələn miqrantlar
La-Manş boğazını üzüb Britaniyaya gələn miqrantlar

Qeyri-qanuni miqrantlar Böyük Britaniyada müddətsiz yaşayış icazəsi almaq üçün indiki kimi 5 deyil, 20 il gözləməli olacaqlar. Hökumət miqrasiya siyasətini sərtləşdirir. Bu barədə daxili işlər naziri Şabana Mahmud "The Sunday Times"a müsahibəsində danışıb.

Nazirin dediyinə görə, qərarın məqsədi ölkəni "hissələrə parçalayan" qeyri-qanuni miqrasiyanı dayandırmaqdır: "Mənim üçün hazırda Avropanın təhlükəsiz ölkələrindən keçərək Fransanın şimalında qayığa minməyə çalışanlara çox açıq bir siqnal göndərmək vacibdir: bu səyahət buna dəyməz".

Yeni qaydalarla qeyri-qanuni gələn miqrantlar üçün 20 illik gözləmə müddəti təyin edilir ki, bu da Avropada ən uzun müddətdir. Yeni qanuni proqramlar üzrə gələn qaçqınlar isə daimi yaşayış icazəsinə müraciət hüququ qazanmaq üçün 10 il gözləməli olacaqlar. Bundan əlavə, qaçqın statusu müvəqqəti veriləcək, hər 30 aydan bir yenidən qiymətləndiriləcək. Bu müddət ərzində onların ölkəsi "təhlükəsiz" sayılsa, geri göndəriləcəklər.

Ş.Mahmudun sözlərinə görə, hökumətin məqsədi ölkəni birləşdirmək, sərhədlər üzərində nəzarəti bərpa etməkdir.

"The Sunday Times" yazır ki, Britaniyanın planı Danimarkanın islahatlarına söykənir. Həmin ölkədə sığınacaq müraciətlərinin sayı son 40 ilin minimumuna enib, müraciət edənlərin 95 faizi rədd cavabı alır.

Rusiyada müxalifətçi qiyabi olaraq 6 il həbsə məhkum edilib

Leonid Qozman
Leonid Qozman

Rusiyanın İkinci Qərbi Dairə Hərbi Məhkəməsi müxalifətçi Leonid Qozmanı qiyabi olaraq 6 il həbs cəzasına məhkum edib. Siyasətçi xarici nəşrə müsahibəsində terrorçuluğa haqq qazandırmaqda təqsirli bilinib. Xəbəri "Mediazona"nın müxbiri məhkəmə zalından verib.

Qozman barədə ordu haqqında "saxta məlumatlar" işi üzrə daha öncə də qiyabi hökm çıxarılmışdı. Bu hökm də nəzərə alınmaqla, ona ümumilikdə 10 il azadlıqdan məhrumetmə cəzası kəsilib. Prokurorluq terrorçuluğa haqq qazandırma maddəsi üzrə 6 il, ümumilikdə isə 11 il tələb etmişdi.

Siyasətçiyə ittiham onun "Bild на русском" nəşrinə müsahibəsi ilə əlaqədar verilib. İstintaqın versiyasına görə, müsahibədə o, Moskvaya PUA hücumlarını və Krım körpüsünün partladılmasını alqışlayıb. Vəkillər Qozmana bəraət tələb edirdilər.

Siyasətçi 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra ölkəni tərk edib. 2024-cü ildə onun həyat yoldaşı Marina Yeqorova Moskvada saxlanılıb və mədəni dəyərlərin qaçaqmalçılığı maddəsi ilə ittiham olunub. O, Rusiyadan ona miras qalmış yemək dəstlərini aparmaq istəyirdi. Yeqorova bir ildən çox ev dustaqlığında qalıb. Noyabrın əvvəlində Qozman onun Rusiyanı qanuni şəkildə tərk etdiyini bildirib.

Moldova parlamenti 'Rus Evi'nin bağlanmasını birinci oxunuşda dəstəkləyib

Moldova parlamenti
Moldova parlamenti

Moldova parlamenti noyabrın 13-də səs çoxluğu ilə Rusiya ilə 1998-ci ildə imzalanmış sazişin ləğvini, Kişinyovdakı Rusiya Elm və Mədəniyyət Mərkəzinin (Rus Evi) bağlanmasını birinci oxunuşda təsdiqləyib. Avropayönlü hakimiyyət bu qurumu dağıdıcı fəaliyyətdə, dövlət təhlükəsizliyinə təhdid yaratmaqda ittiham edir.

Parlamentdə debatlar bir neçə saat gərgin şəraitdə keçib. Hakim sağ-mərkəzçi "Hərəkət və həmrəylik" (PAS) partiyasından 54, "Evdə Demokratiya" fraksiyasından altı deputat sazişin denonsasiyasını dəstəkləyib. Kommunistlər, sosialistlər, "Alternativ" bloku və "Bizim partiya" qərarın əleyhinə səs veriblər. Bu, ümumilikdə 35 səs deməkdir.

Sənədin ikinci oxunuşu üzrə səsvermə 10 gün sonra keçiriləcək.

Sazişin ləğvi ilə bağlı təklifi parlamentin plenar iclasında mədəniyyət naziri Kristian Jardan təqdim edib. O deyib ki, "Rus Evi" Moldovada rus mədəniyyətini deyil, təbliğatın təşviqi üçün vasitə kimi istifadə olunur. Nazirə görə, hökumət dezinformasiya fəaliyyətinin, Rusiyanın Ukraynadakı təcavüzünün əsaslandırılmasının açıq elementlərini aşkarlayıb.

Parlamentdə sosialistlər fraksiyasının lideri İqor Dodon layihənin gündəlikdən çıxarılmasına çağırıb. Onun sözlərinə görə, hökumət aydın arqumentlər təqdim etməyib, "sazişin denonsasiyası əksər vətəndaşların maraqlarına ziddir". Dodonun fraksiyadakı həmkarı, vitse-spiker Vlad Batrınça isə Rusiya ilə sazişin mümkün denonsasiyasını "faydasız və təhlükəli layihə" adlandırıb, insanları barrikadalara çıxara biləcəyini deyib.

Kişinyovda "Rus Evi" 2009-cu ildə açılıb. Sazişin denonsasiyası ikinci oxunuşda qəbul olunsa və prezident Maya Sandu bunu elan etsə, mərkəz 2026-cı ilin iyulunda fəaliyyətini dayandırmalıdır.

Moldovadakı Rusiya səfirliyi Kişinyovun "Rus Evi"ni bağlamaq qərarını "səhv və səmərəsiz" adlandırıb.

Rusiyanın "Rossotrudniçestvo" federal agentliyinin təmsilçisi olan "Rus Evi" Bakıda bu ilin əvvəlində, Moskva ilə siyasi gərginlik fonunda bağlanıb. Rəsmi Bakı bunu təmsilçiliyin hüquqi qeydiyyatının olmaması ilə izah edib. Apreldə isə "Rossotrudniçestvo"nun rəhbəri Yevgeni Primakov deyirdi ki, Moskva ilə Bakı "Rus Evi" ilə bağlı kompromis axtarırlar, onun qeydiyyat formatı müzakirə olunur.

BBC Trampdan üzr istəyib, amma defamasiya iddiasını rədd edir

BBC
BBC

BBC noyabrın 13-də ABŞ prezidenti Donald Trampın çıxışının montajındakı səhvə görə üzr istəyib, amma prezidentin defamasiya iddiasını rədd edib. Tramp korporasiyanın ona böhtan atdığını deyərək 1 milyard dollarlıq məhkəmə iddiası ilə hədələmişdi.

D.Trampın 2021-ci il yanvarın 6-dakı çıxışı elə montaj olunub ki, onun tərəfdarlarını Kapitoliyə hücum etməyə çağırması təəssüratı yaranıb. Tramp 2020-ci il prezident seçkisinin nəticələrinin saxtalaşdırıldığını iddia edirdi.

BBC yazır ki, sədri Samir Şah Ağ evə şəxsi məktub göndərərək üzr istəyib.

"Montajımızın bilməyərəkdən nitqin müxtəlif hissələrini bir tam kimi göstərdiyini, bununla da guya prezident Trampın zorakı hərəkətə birbaşa çağırış etdiyi barədə yanlış təəssürat yaratdığını qəbul edirik", – BBC düzəlişində yazıb.

Trampın vəkili BBC-yə məktub göndərərək üzr tələb edib, sənədli filmin ona vurduğu ziyana görə 1 milyard dollarlıq məhkəmə iddiası ilə hədələmiş, BBC-yə cavab üçün cümə günü – noyabrın 14-ü son tarix qoyulmuşdu.

Davamı

XS
SM
MD
LG