Keçid linkləri

2026, 30 Aprel, cümə axşamı, Bakı vaxtı 20:57

Tramp-Putin danışığından saatlar sonra Ukrayna dronları Uralı vurdu

Ukraynanın ardıcıl ikinci gecə zərbəsindən sonra Perm neftvurma stansiyasının ərazisində yanğın.
Ukraynanın ardıcıl ikinci gecə zərbəsindən sonra Perm neftvurma stansiyasının ərazisində yanğın.

Ukrayna dronları ölkə sərhədindən təxminən 1500 kilometr aralıda yerləşən Rusiya neft obyektini vurub. Aprelin 30-da baş vermiş bu hücum ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin telefon danışığından bir neçə saat sonra oldu. İki lider Ukraynada dörd ildir davam edən genişmiqyaslı müharibədə mümkün atəşkəs barədə danışıblar.

Rusiya və Ukraynanın Telegram kanalları yerli sakinlərə istinadən bildirib ki, Perm şəhəri yaxınlığında neft kəməri obyektinin ətrafında gecə saatlarında partlayışlar olub. Yayılan videolarda şəhər üzərində alov və tüstü görünüb. Region qubernatoru Dmitri Maxonin xəsarət alan olmadığını deyib.

Ukraynanın əsas təhlükəsizlik qurumu hücuma görə məsuliyyəti üzərinə götürərək şəhərdəki böyük neft emalı zavodunu hədəf aldıqlarını bildirib. Bir gün əvvəl Perm yaxınlığında başqa bir obyektə də oxşar hücum olmuşdu.

Ukrayna Təhlükəsizlik Xidməti Telegram-da bildirib: "Düşmən sadə bir faktı anlamalıdır: onun artıq təhlükəsiz arxa cəbhəsi yoxdur".

Zərbə məsafəsi böyüyür

Ukrayna son aylarda Rusiyanın enerji obyektlərinə dron hücumlarını artırıb. Bu hücumlar Rusiyanın ixracını məhdudlaşdırır və Moskvanın gəlirlərinə təsir edir.

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev Rusiyada zərbə məsafəsini genişləndirəcək. O, X platformasında yazıb: "Bu məsafələri genişləndirməyə davam edəcəyik. Bunlar Rusiyanın terroruna qarşı Ukraynanın tam əsaslandırılmış cavablarıdır".

Aprelin 28-də Ukrayna dronları Tuapse şəhərindəki Qara dəniz limanında yerləşən Rusiya neft emalı zavodunu vurub. Bu, son iki həftədən az müddət ərzində həmin obyektə üçüncü hücum idi. Region üzərində qalın tüstü yayılıb. Çimərliklərə neft sızıb, işçilər sahil zolağını təmizləməyə çalışıblar.

Tramp və Putin müvəqqəti atəşkəsi müzakirə ediblər

Tramp və Putin telefon danışığında Ukraynadakı döyüşləri dayandırmaq üçün mümkün müvəqqəti atəşkəsi müzakirə ediblər.

Tramp aprelin 29-da Ağ evdə jurnalistlərə bildirib ki, Putinlə 90 dəqiqə davam edən söhbətdə gələn ay atəşkəs məsələsinə baxılıb. O deyib ki, "azacıq" atəşkəs ideyasını irəli sürüb və Putinin bunu edə biləcəyini düşünür.

Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov Rusiya mediasına bildirib ki, Putin mayın 9-da – Rusiyanın nasist Almaniyası üzərində qələbəni qeyd etdiyi gün – atəşkəsə hazır olduğunu deyib. Uşakov əlavə edib ki, telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.

Bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyi bildirmişdi ki, bu il Qırmızı Meydanda ənənəvi Qələbə Günü paradında hərbi texnika və ağır silahlar nümayiş etdirilməyəcək.

Tramp-Putin danışığına reaksiya verən Zelenski deyib ki, komandasına ABŞ administrasiyası ilə əlaqə saxlayaraq Rusiyanın təklif etdiyi müvəqqəti atəşkəsin detallarını aydınlaşdırmağı tapşırıb. "Bunun konkret nə anlama gəldiyini dəqiqləşdirəcəyik – söhbət Moskvadakı parad üçün bir neçə saatlıq təhlükəsizlik tədbirlərindən gedir, yoxsa daha ciddi bir şeydən?", – o, "X" platformasında yazıb.

XS
SM
MD
LG