Keçid linkləri

2026, 10 Aprel, Cümə, Bakı vaxtı 14:05

Putin Ukrayna ilə Pasxa atəşkəsi elan edir. Dmitriyev ABŞ-dədir

Putin Rusiya ordusunun komandanlıq mərkəzində
Putin Rusiya ordusunun komandanlıq mərkəzində

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə "Pasxa atəşkəsi" elan edib. Atəşkəs aprelin 11-i saat 16:00-dan aprelin 12-si günün sonunadək davam etməlidir.

Pravoslav xristianlar Pasxanı aprelin 12-də qeyd edirlər.

Kremlin məlumatına görə, müdafiə naziri Andrey Belousova bu müddət ərzində bütün istiqamətlərdə döyüş əməliyyatlarını dayandırmaq göstərişi verilib. "Hesab edirik ki, Ukrayna tərəfi də Rusiya Federasiyasından nümunə götürəcək", – məlumatda deyilir.

Ukrayna prezidenti Volodimir Zelenski daha öncə Pasxa münasibətilə atəşkəs təklif etmişdi. Kremlin sözçüsü Dmitri Peskov aprelin 9-u səhər demişdi ki, bu məsələ ilə bağlı qərar hələ qəbul olunmayıb.

Putin keçən il də "Pasxa atəşkəsi" elan etmişdi. Ukrayna prezidenti isə demişdi ki, Rusiya cəbhədə tam sükuta hazırdırsa, Ukrayna da eyni şəkildə davranacaq. Sonradan tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham etdi.

Dmitriyev ABŞ-yə gedib

Bu arada Kremlin xüsusi təmsilçisi Kirill Dmitriyevin ABŞ prezidenti Donald Tramp administrasiyasının üzvləri ilə görüşmək üçün ABŞ-yə getdiyi bildirilir. Xəbəri "Reuters" mənbələrə istinadla yayıb.

Danışıqlarda Ukrayna ilə sülh sazişi, eləcə də Rusiya-ABŞ iqtisadi əməkdaşlığının müzakirə olunacağı deyilir.

"Reuters" diqqəti səfərin Rusiya neftinə sanksiyaların yumşaldılması müddətinin bitməsinə az qalmış reallaşmasına çəkir. ABŞ gəmilərə yüklənmiş neftin bir ay ərzində - aprelin 11-dək alınmasına icazə verib. Sanksiyalar Dmitriyevin martın 12-də ABŞ-yə səfərindən sonra yumşaldılıb. O zaman Dmitriyev bildirmişdi ki, təxminən 100 milyon barel neftin üzərindən sanksiyalar qaldırılacaq.

"Reuters" qeyd edir ki, sanksiyalar bu dəfə də gündəmdə ola bilər.

Tərəflər hələlik danışıqlarla bağlı xəbərə münasibət bildirməyiblər.

Çoxsaylı görüşlərə baxmayaraq, Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqlar dalana dirənib. Cəbhədə də kəskin dönüş yaranmayıb.

Rusiya Ukrayna ərazisinin 20 faizini tutub, bunun böyük hissəsi 2022-ci il fevralın sonunda başlanan işğaldan sonra gerçəkləşib.

XS
SM
MD
LG