Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:02

‘Sıravi Putinin xilas edilməsi’…təxirə salınır


"Qatil ovçu" filmindən kadr
"Qatil ovçu" filmindən kadr

Rusiya və Ukraynada Hollivudun yeni triller filminin prokatı təxirə salınıb. Bəzi məlumatlara görə film hər iki ölkədə ümumiyyətlə qadağan edilə bilər. Bu filmdə ABŞ əsgərləri dövlət çevrilişi ilə üzləşmiş Rusiya prezidentini xilas edirlər.

Birləşmiş Ştatlarda ekranlara ötən həftə çıxmış Hunter Killer (Qatil ovçu) filminin süjetinə görə ABŞ dəniz piyadaları müdafiə naziri tərəfindən girov götürülmüş Rusiya prezidentini xilas edir və beləliklə də Üçüncü Dünya Müharibəsinin qarşısını almış olurlar.

Filmin Rusiya prokatçısı Megogo Distribution kinoteatrlardan bu filmi elan edilmiş rəsmi premyera günündən, oktyabrın 31-dən əvvəl nümayiş etdirməməyi xahiş etmişdi. Şirkət bildirirdi ki, filmin nümayiş etdirilməsi üçün lisenziya hələki verilməyib.

Megogo şirkətinin məktubunda deyilirdi ki, “biz hələ də Rusiya Mədəniyyət Nazirliyinin cavabını almamışıq”.

Öz növbəsində Rusiya Mədəniyyət Nazirliyi bildirib ki, prokatçı filmin göstərilməsi üçün lazım olan bütün sənədləri təqdim etməyib.

Amma məsələ burasındadır ki, filmin nümayiş etdirilməsi üçün zəruri sənədlərin hamısı çoxdan təqdim olunmuş və nazirlik prokatla əlaqədar heç bir irad bildirməmişdi.

Rusiya Mədəniyyət Nazirliyi AFP xəbər agentliyinə deyib ki, Megogo Distribution bu filmin daimi olaraq Rusiyanın Dövlət Film Fondunda saxlanmasına icazəni təsdiq edən sənədi təqdim etməyib və filmin nümayişinə lisenziya da məhz bu səbəbdən verilməyib.

Nazirlik bunu da əlavə edib ki, filmin ona təqdim edilmiş nüsxəsinin keyfiyyəti qənaətbəxş olmayıb.

Dövlət Dumasının keçmiş deputatı, müxalifətçi Dmitry Gudkov Facebook səhifəsində yazıb ki, nazirlik 1999-cu ildən hakimiyyətdə olan Vladimir Putinin devrilə biləcəyindən qorxduğuna görə bu filmin nümayişini ümumiyyətlə qadağan edə bilər.

Bu ilin əvvəllərində Mədəniyyət Nazirliyi “Stalinin ölümü” adlı Britaniya filmini qadağan etmişdi. Nazirlik bildirirdi ki, həmin kinokomediya Rusiyanın tarixi keçmişini məsxərəyə qoymaqla rus xalqını təhqir edir.

Bu qadağan Rusiyada ifadə azadlığı məsələsini gündəmə gətirmiş və mediada debatlara yol açmışdı.

Bu filmin Ukraynada təxirə salınmasına da heç bir rəsmi izahat verilməyib. Burada da film ötən həftə nümayiş etdirilməliydi.

Kinomania adlı kino prokatçısının adının çəkilməsini istəməyən nümayəndəsi AFP-yə deyib ki, premyerası hələ oktyabrən 25-nə təyin edilmiş “Qatil ovçu” filmi ölkənin “müvafiq qanununa” görə qadağan ediləcək.

Ukrayna Dövlət Kino Komitəsi bildirib ki, “hazırda filmə baxış keçirilir və qərar tezliklə elan ediləcək”.

Ukraynadan alınan xəbərlərdə isə deyilir ki, bu ölkənin qanunlarına görə Rusiya təhlükəsizlik qüvvələrini və onların nümayəndələrini rəğbətli bir şəkildə təsvir edən filmlər qadağan olunur.

Ukraynada sosial media şərhçiləri bidlirirlər ki, bu filmlə real həyat arasında müəyyən paralellər var.

Bəzi sosial media istifadəçiləri bu filmi kinayə ilə "Sıravi Putinin xilas edilməsi" adlandırıblar
Bəzi sosial media istifadəçiləri bu filmi kinayə ilə "Sıravi Putinin xilas edilməsi" adlandırıblar

İstifadəçilərdən biri Facebook-da kinayə ilə yazıb ki, bu filmə “Sıravı Putinin xilas edilməsi” adı verilməli idi. O heç şübhəsiz Steven Spielberg-in 1998-ci ildə çəkdiyi məşhur “Saving Private Ryan” (Sıravi Ryan-ın xilas edilməsi) filminə işarə edib.

Moskva və Kiyev arasında münasibətlər 2014-cü ildə Rusiya Krım yarımadasını qanunsuz ilhaq edəndən bəri pisləşib. Bundan başqa Rusiya Ukraynanın şərqində hökumətə qarşı döyüşən moskvayönlü separatçılara dəstək verir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG