Qələbə Günü münasibətilə üçgünlük atəşkəs elan olunmasına baxmayaraq, Rusiyanın dron və artilleriya hücumları Ukraynada azı üç nəfərin həyatına son qoyub.
Rusiya dronu Ukraynanın ikinci ən böyük şəhəri Xarkovda çoxmərtəbəli yaşayış binasını vurub.
Ölkənin digər üç regionuna edilən hücumlarda azı üç nəfər ölüb, xəsarət alanlar var.
Ukrayna rəsmiləri hücumlarda yaralananların olduğunu da açıqlayıb.
Moskva isə öz növbəsində Kiyevi atəşkəsi pozmaqda günahlandıraraq Rusiya ərazisindəki altı mülki obyektə hücum olunduğunu bildirib.
Ukrayna hakimiyyəti mayın 10-na keçən gecə ölkə üzərində Rusiyaya məxsus 20-dən çox dronun qeydə alındığını açıqlayıb.
Rusiya Müdafiə Nazirliyinin mayın 10-da yaydığı məlumata görə, Ukrayna silahlı qüvvələri Kursk və Belqorod vilayətləri ilə yanaşı, digər sərhədyanı ərazilərdəki mülki obyektlərə zərbələr endirib.
Kursk vilayəti səmasında 100-dək Ukrayna dronun aşkarlandığı bildirilir. Vilayət rəhbəri Aleksandr Xinşteyn xəsarət alanların olmadığını açıqlayıb.
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ordusu sükut rejiminə əməl etmir, Ukrayna qüvvələri də buna eyni şəkildə cavab verəcək.
Atəşkəsin uzadılması müzakirə olunmur
Atəşkəs rejiminin rəsmi olaraq mayın 11-də başa çatacağı gözlənilir. Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakov jurnalistlərə deyib ki, atəşkəsin uzadılması ilə bağlı hazırda hər hansı bir müzakirə aparılmır. Onun sözlərinə görə, ABŞ-nin vasitəçiliyi ilə sülh danışıqlarının bərpası ilə bağlı da heç bir plan yoxdur.
Rusiya prezidenti Vladimir Putin mayın 9-da jurnalistlərə açıqlamasında Ukraynadakı müharibənin artıq sona yaxınlaşdığını düşündüyünü bildirib. O, Avropa üçün yeni təhlükəsizlik mexanizmlərinin müzakirəsini istədiyinə eyham vurub.
Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi artıq beşinci ilə keçib. ABŞ vasitəçiliyi ilə sülh danışıqları Rusiyanın sərt tələblərinə görə dalana dirənib. Moskva Ukraynadan öz qoşunlarını Donbas vilayətinin şərq hissələrindən çıxarmasını tələb edir.
Uşakov dövlət televiziyasına onu da deyib ki, ABŞ-nin elçiləri Stiv Uitkoff və Cared Kuşner danışıqlar üçün yenidən Moskvaya gələ bilərlər. Ancaq o, Ağ evin belə bir səfərə razılıq verib-vermədiyini açıqlamayıb.