Keçid linkləri

Təcili xəbərlər
2023, 01 Dekabr, Cümə, Bakı vaxtı 23:02

Suriyada qəzaya uğrayan Rusiya təyyarəsində 39 nəfər həlak olub


An-26 təyyarəsi (Foto arxivdəndir)
An-26 təyyarəsi (Foto arxivdəndir)

Rusiyanın hərbi nəqliyyat təyyarəsi Suriyada Hmeimim hərbi-hava bazasının yaxınlığında qəzaya uğrayıb. Müdafiə Nazirliyinin məlumatına görə təyyarənin göyərtəsindəki 39 nəfər həlak olub.

Nazirlik bildirir ki, ilkin araşdırmaya görə göyərtəsində 33 sərnişin və 6 heyət üzvü olan An-26 təyyarəsi martın 6-da yerə enərkən Latakiya sahil şəhəri yaxınlığında qəzaya uğrayıb.

Rəsmilər bildirirlər ki, “qəzaya böyük bir ehtimalla texniki nasazlıq səbəb olub”. Onlar deyirlər ki, təyyarənin atəşə tutulduğunu göstərən heç bir əlamət yoxdur.

Rusiya Suriya münaqişəsində prezident Bashar al-Assad-a həlledici dəstək verərək qarşıdurmadakı qüvvələr balansını onun xeyrinə dəyişib.

Suriyadakı hərbi əməliyyatların bazası kimi əsasən Hmeimimdən istifadə edən Rusiya Suriyada hava kampaniyasına başlayandan bəri 40-dək hərbçisini itirib.

Bu da bildirilir ki, Moskva Suriya münaqişəsinə müdaxilə edəndən bəri 9 təyyarəsini itirib.

Ötən ay Rusiyanın Su-25 döyüş təyyarəsi şimal-qərbdəki İdlib qəzası üzərində vurulub. Təyyarənin çiyində daşınan raketlə vurulduğu düşünülür.

Müdafiə Nazirliyi bildirmişdi ki, təyyarədən paraşütlə atılan pilot qiyamçılarla döyüşdükdən sonra özünü əl qumbarasını partlatmaqla öldürüb.

Rusiyanın Suriyanın qərbindəki dəniz donanma qurğusu son vaxtlarda hücuma məruz qalıb.

Xəbər verilir ki, dekabrın 31-də Hmeimim bazasının qumbaraatanlardan atəşə tutulması nəticəsində 2 Rusiya hərbi qulluqçusu həlak olub.

Kreml bu hücum nəticəsində təyyarələrindən heç birinə ziyan toxunmadığını bildirsə də, gündəlik Kommersant qəzetinin yazdığına görə 7 təyyarəyə təmirə gəlməyəcək ziyan dəyib.

Yanvarın əvvəllərində silahlılar Hmeimim, habelə Rusiyanın Tartusdakı dəniz bazasını atəşə tutublar.

Rusiya hərbiyyəsi bildirib ki, 13 dronun iştirak etdiyi hücumun qarşısı alınıb.

Lap bu yaxınlarda isə Birləşmiş Ştatlar xəbər verib ki, Suriyada onun himayəsində olan bazaya Suriya hökumət qoşunları tərəfindən edilən hücum zamanı ABŞ-ın iki hərbi müşaviri həlak olub.

Koalisya qüvvələrinin bu hücuma cavab olaraq fevralın 7-də Deyr ez-Zorda endirdiyi hava zərbələri nəticəsində çox sayda rusiyalı muzdlu əsgərin həlak olduğu xəbər verilir.

Rusiya Müdafiə Nazirliyi də dəqiq məlumatlar vermir. Nazirliyin yaydığı məlumatda deyilir ki, hava zərbəsi nəticəsində Rusiya və keçmiş sovet respublikalarından olan “onlarca” döyüşçü yaralanıb.

XS
SM
MD
LG