Rusiyanın Avropanın hər hansı aktivini, şirkət, yaxud banklarını müsadirə etmək planı yoxdur. Amma əgər Avropa İttifaqı (Aİ) Rusiyanın suveren aktivlərinə əl qoyarsa, onda mövqeyinə baxacaq. Bunu Maliyyə Nazirliyinin rəsmisi oktyabrın 22-də deyib.
Nazir müavini Aleksey Moiseyevin sözlərinə görə, Avropa indiyədək dondurulmuş aktivlərin müsadirəsindən çəkinib, Moskva da Aİ kursunu dəyişməyincə, belə davranacaq: "Biz hələ heç nəyi müsadirə etməmişik. Avropalılar konfiskasiya demirlər, biz də onlar bunu etməyincə, heç nəyi müsadirə etmirik. Amma müsadirə etsələr, biz də buna baxarıq".
"Reuters" yazır ki, Moiseyev dövlətin əlində olan aktivlərin sürətli özəlləşdirilməsinə dair prezident fərmanının Avropanın aktivlərini ələ keçirməklə əlaqəsi olmadığını deyib.
Həmin fərmanda sürətli satış mexanizmi təqdim olunur, 10 gün içində aktivin məcburi qiymətləndirilməsi, mülkiyyət hüquqlarının daha sürətli qeydiyyatı tələb edilir. Fərmanda deyilirdi ki, bu tədbirlər ABŞ və müttəfiqlərinin "qeyri-dost" hərəkətlərinə cavabdır.
Rusiyanın 204 milyard dollarlıq aktivlərindən Ukraynaya kredit vermək planı hazırlanır
Avropa İttifaqı (Aİ) liderləri oktyabrın 23-də Avropa Komissiyasına Rusiyanın dondurulmuş 176 milyard avro (204 milyard dollar) dəyərində aktivlərindən Ukraynaya kredit verilməsi üçün hüquqi təklif hazırlamağı tapşıracaqlar. Bu addım Kiyevin növbəti üç il ərzində maliyyə ehtiyaclarının böyük hissəsini qarşılaya bilər.
AzadlıqRadiosunun jurnalisti Rikard Yozvyaka danışan Avropa diplomatlarına görə, plan ilin sonunadək razılaşdırıla bilər. ABŞ artıq əvvəlki kimi Kiyevi maliyyələşdirməsə, bunun maliyyə çatışmazlığını doldura biləcəyi düşünülür.
Məqsəd, əsasən, Belçikada, "Euroclear" maliyyə bazarı şirkətində saxlanılan aktivləri müsadirə etmək deyil, onları Avropa Komissiyasının buraxdığı, Aİ üzv ölkələrinin, G7 ölkələri və digər tərəfdaşların təmin edə biləcəyi istiqrazlarla əvəzləməkdir.
Bu vəsait 2026-2028-ci illərdə Ukraynaya "reparasiya krediti" kimi veriləcək. Kiyev yalnız Rusiya müharibə təzminatlarını ödədikdən sonra bu pulu geri qaytarmalı olacaq.
Hələ üç məsələ həllini tapmalıdır və yaxın həftələrdə müzakirə ediləcək:
Birincisi, "Euroclear"in yerləşdiyi Belçikanın qaldırdığı hüquqi suallardır.
İkincisi, Ukraynanın vəsaiti necə xərcləyə biləcəyi barədə mübahisələrdir, bu məsələni Fransa qaldırır.
Nəhayət, daha geniş müzakirə iştirakçıların kimliyi, necə qatılacaqlar və bununla bağlı risklər haqqında olacaq.
Belçikanın narahatlığı
Belçika narahatdır ki, Çin kimi bəzi Aİ üzvü olmayan ölkələr aktivlərin müsadirə ediləcəyindən siyasi səbəblərdən qorxaraq "Euroclear"dəki suveren sərvətlərini geri çəkə bilər. Avropa Mərkəzi Bankı (ECB) da bu narahatlığı dilə gətirib.
Ancaq AzadlıqRadiosunun gördüyü müzakirə sənədində Avropa Komissiyası bu addımların müsadirə olmadığını, əsas məbləğin toxunulmaz qalacağını vurğulayıb. Bu tədbir həmçinin birdəfəlik və müvəqqəti xarakter daşıyır.
Belçika həmçinin narahatdır ki, əgər Rusiya işi məhkəməyə verib qalib gəlsə, vəsaiti özü ödəməli ola bilər. Amma Avropa Komissiyası bildirib ki, Rusiyanın məhkəmə qərarları Aİ-də icra edilə bilməz.
Ən vacibi odur ki, fərdi üzv dövlətlərin ikitərəfli zəmanət sistemi təklif olunub. Bu sistem 2028-ci ildə qüvvəyə minəcək uzunmüddətli Aİ büdcəsi ilə əvəz olunacaq.
Daha bir sual – Ukrayna ildə təxminən 45 milyard avro (52 milyard dollar) pulu necə xərcləyəcək.
Yekdillik olmadan gerçəkləşmə?
Fransa vəsaitin, əsasən, Avropada müdafiə xərclərinə sərf olunmasını tələb edir, digər ölkələr isə daha çevik yanaşma istəyir.
Avropa Komissiyası kompromis təklif edib: vəsaitin bir hissəsi "Ukraynanın müdafiə texnoloji, sənaye bazasına və onun Avropa müdafiə sənayesinə inteqrasiyasına, o cümlədən müdafiə materiallarının alınmasına", digər hissəsi isə klassik büdcə dəstəyi olaraq xərclənəcək.
İndi əsas məsələ budur ki, Aİ-nin 27 üzvü bu planı dəstəkləyəcəkmi? İmzalanma üçün hər bir üzvün razılığı tələb olunmur, amma nə qədər çox üzv dövlət razılıq versə, risk də daha geniş paylanmış olar.
Brüssel G7 ölkələrinin də layihədə iştirakını istəyir, çünki Rusiya Mərkəzi Bankının aktivləri başqa yerlərdə də var. Məsələn, Britaniya və Yaponiya da öhdəlik götürsə, bu, avroda saxlanılan aktivlərin potensial qaçışının qarşısını almağa kömək edər.
Aİ-nin bir rəsmisi radioya deyib ki, məsələn, Macarıstan və Slovakiya bu planı dəstəkləməsə, bir neçə zəngin qeyri-Aİ üzvü bunun yerini doldura bilər.