"Müdafiə Xətti" insan haqları müdafiə təşkilatının icraçı direktoru, ilyarımdır həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Mayın 4-də keçirilən məhkəmə iclasında bu barədə qərar verilib.
Təxminən bir ildir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində R.Səfərovun işinə baxılır.
Hüquq müdafiəçisi dələduzluq, sağlamlığa zərər vurma və xuliqanlıqda ittiham olunur. Cinayət işində iddia edilir ki, o, Natiq İmanquliyev adlı şəxsdən torpaq satmaq bəhanəsi ilə 60 min manat pul alıb. Lakin nə torpağı satıb, nə də pulu geri qaytarıb. Bu səbəbdən 2024-cü il dekabrın 3-də N.İmanquliyev R.Səfərovun yaşadığı binanın qarajına gələrək pulun qaytarılmasını tələb edərkən aralarında dava düşüb. Nəticədə R.Səfərov ona xəsarət yetirib.
R.Səfərov isə N.İmanquliyevdən nəinki pul almadığını, həbs olunduğu günədək ümumiyyətlə onunla görüşmədiyini bildirir.
Mayın 4-də keçirilən məhkəmə iclasında Tərlan Əliyev adlı şahid dindirilib.
Ardınca R.Səfərovun vəkili Rövşanə Rəhimova vəsatət qaldıraraq zərərçəkmiş qismində tanınmış N.İmanquliyevin telefon anten məlumatlarının mobil operatordan alınmasını tələb edib. Cinayət işinin materiallarında ona R.Səfərovun həbsindən sonra özəl xəstəxanaların birindən verilmiş həkim rəyi mövcuddur. Lakin özü məhkəmədə dindirilərkən deyib ki, heç vaxt həmin klinikada olmayıb. Buna görə də anten məlumatları vasitəsilə bu məsələyə aydınlıq gətirilməlidir.
Hakimlər N.İmanquliyevin rəyin verildiyi dövrə aid telefon anten məlumatlarının mobil operatordan alınmasına razılıq verib.
""Siyasi qara" olduğum üçün..."
Bundan sonra çıxış edən R.Səfərov xatırladıb ki, mayın 3-də dünyada Beynəlxalq Media Azadlığı Günü qeyd olunur. Hüquq müdafiəçisi vurğulayıb ki, Azərbaycan hakimiyyəti nə qədər çalışsa da, ölkədə vicdanlı jurnalistlərin axırına çıxa bilməyib: "Həmin jurnalistlərin əksəriyyəti həbsdədir. Mən onların qarşısında kepkamı çıxarıram. Bütün vicdanlı jurnalistlərin bayramını təbrik edirəm. Ümumiyyətlə, dünyada həbsdə olan jurnalistlərin 10 faizi Azərbaycanın payına düşür".
Jurnalistləri Müdafiə Komitəsi (CPJ) dünyada 330 jurnalistin həbsdə olduğunu bildirir. Onlardan 24-ü Azərbaycandadır. Onlar əsasən qaçaqmalçılıq, vergidən yayınma və digər maddələrlə ittiham olunsalar da, özləri peşəkar fəaliyyətlərinə və hökumətdəki korrupsiyanı ifşa etdiklərinə görə cəzalandırıldıqlarını deyirlər.
R.Səfərov özünü "ölkədəki 400-ə yaxın siyasi məhbusdan biri" adlandırıb. O deyib ki, Azərbaycanda siyasilər "ağlar" və "qaralar" olaraq bölünüb.
"Mən "siyasi qara" olduğum üçün 11 ildir həbslərə, işgəncələrə məruz qalıram. Çünki Azərbaycan hakimiyyəti hüquqazidd, qeyri-demokratik bir hakimiyyətdir. Mən mazoxist deyiləm. Amma fəxr edirəm ki, ölkədəki 400 siyasi məhbusdan biriyəm", – R.Səfərov bildirib.
Hüquq müdafiəçiləri hazırda Azərbaycanda siyasi məhbusların sayının 340 olduğunu deyirlər.
Mayın 18-də keçiriləcək növbəti məhkəmə iclasında prokuror R.Səfərov üçün cəza istəyəcək.
Xatırlatma
Hüquq müdafiəçisi Rüfət Səfərov 2024-cü il dekabrın 3-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.
R.Səfərov həbs olunduğu ərəfədə ABŞ-yə səfəri planlaşdırılırdı. 2024-cü il dekabrın 10-da – Beynəlxalq İnsan Hüquqları Günündə Vaşinqtonda ABŞ Dövlət Departamenti dünya üzrə bir neçə hüquq müdafiəçisini mükafatlandırıb. Onların arasında R.Səfərov da olub. Mükafatları həmin dövrdə dövlət katibi Antoni Blinken təqdim edib.
R.Səfərov həbsdə olduğu üçün tədbirə qatılmadığından Blinken onun mükafatını oradakı boş stulun üzərinə qoyub. Dövlət katibi çıxışında Azərbaycanda ictimai-siyasi fəalların, o cümlədən R.Səfərovun həbsindən də söz açıb.
Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi motivlərlə həbs olunmadığını iddia edirlər.
R.Səfərov 2015-ci ilin dekabrında Zərdab rayon Prokurorluğunun müstəntiqi vəzifəsində çalışarkən etdiyi bəyanatla bu sistemdə işləmək istəmədiyini açıqlamışdı. Bundan sonra o, korrupsiya ittihamı ilə həbs olunmuşdu. Ona 9 il həbs cəzası kəsilsə də, 2019-cu ilin martında əfv sərəncamı ilə azadlığa buraxılmışdı.