"Müdafiə Xətti" insan haqlarını müdafiə təşkilatının icraçı direktoru, 1 il 2 aydır həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərov deyir ki, atası Eldar Sabiroğlu bu hakimiyyətin qurucularından biri olsa da, özü atasının mövqeyi ilə razılaşmayıb. Bəyanat verməklə prokurorluğun müstəntiqi vəzifəsindən istefası da ölkədəki insan hüquq və azadlıqlarının boğulmasına etirazından qaynaqlanıb.
"Onları dəli edən budur ki, necə ola bilər, hakimiyyətin qurulmasında birbaşa xidmətləri olan bir insanın övladı asi çıxır, etiraz edir?! Bunu mənə bağışlamadılar. 10 il ərzində dəfələrlə həbs etdilər, özümün, ailə üzvlərimin başına elə iyrənc işlər gətirdilər... Açığı, mən bu qədərini gözləmirdim", - R.Səfərov yanvarın 26-da öz məhkəməsində bunları deyib.
Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
R.Səfərovun atası E.Sabiroğlu keçmiş deputatdır, 2007-2013-cü illərdə Müdafiə Nazirliyi Mətbuat xidmətinin rəhbəri də olub.
Hüquq müdafiəçisi vurğulayıb ki, 2015-ci ildə prokurorluğun müstəntiqi vəzifəsindən istefa verəndən sonra müxtəlif təzyiqlərlə üzləşsə də, heç nəyə görə peşman deyil: "Bu gün biz tiranlığın içindəyik. Bəlkə də, sadəlövhcə görünər, böyük bir tiranlıqda Rüfət təkbaşına hüquq mübarizəsi aparır. Olsun. Əminəm ki, günün birində haqq qələbə çalacaq".
Yanvarın 26-da məhkəmədə zərərçəkmiş qismində tanınan Natiq İmanquliyev R.Səfərovun vəkillərinin suallarını cavablandırıb.
İddia olunur ki, N.İmanquliyev torpaq sahəsi almaq məqsədilə R.Səfərova 60 min manat versə də, ona nə torpaq satılıb, nə də pulu geri qaytarılıb. Bu üzdən, 2024-cü il dekabrın 3-də Rüfətdən pulunun geri qaytarılmasını tələb edəndə aralarında dava olub, xəsarət alıb.
Vəkilin sualına cavab verərkən N.İmanquliyev iddia edib ki, R.Səfərov ona xəsarət yetirib. Müdafiəçi xatırladıb ki, əgər Rüfət onu vurubsa, bu qədər xəsarət yetiribsə, nə əcəb özünün əlində heç bir iz qalmayıb? Zərərçəkmiş bu suala cavab verə bilməyib.
N.İmanquliyev vəkilin suallarına cavab olaraq onu da deyib ki, xəstəxanada müayinədən keçməyib. Vəkil Elçin Sadıqov hakimlərin nəzərinə çatdırıb ki, şəxs tibbi müayinədən keçmədiyini bildirdiyi halda, onunla bağlı tibbi rəy hazırlanıb.
Müdafiə tərəfinin zərərçəkmişə pulun mənbəyi barədə sual verməsi isə məhkəmə prosesində qalmaqal doğurub.
"Deyirsiniz ki, əvvəl 60 min manat verib torpaq sahəsi almısınız. Dediyinizə görə, sonra yenə də torpaq almaq üçün Rüfət Səfərova daha 60 min vermisiniz. Fəhlə adamsınız, qısa müddətdə 120 min manat sizdə haradan idi?", - vəkil Rövşanə Rəhimli zərərçəkmişdən bu sualı soruşub.
Prokuror baxılan cinayət işinə aidiyyəti olmadığını əsas gətirərək sualın çıxarılmasını istəyib.
R.Səfərov buna etiraz edincə, prokuror sualın qanunsuz olduğunu söyləyib.
"Qanunsuzluq bilirsiniz nədir? Qanunsuzluq təqsirsiz adamı həbs etməkdir. Qanunsuzluq saxta ittihamı müdafiə etməkdir. Özünüz də yaxşı bilirsiniz ki, onun nəinki 120 mini, heç 120 manatı yoxdur. Mənə nəinki pul verməyib, məni heç görməyib. Yenə də bu ittihamı müdafiə etməyi özünüzə sığışdırırsınız", - R.Səfərovun prokuror Vüsal Mehrəliyevə dediyi sözlərdir.
Beləcə, məhkəmə prosesi yarımçıq dayandırılıb.
Xatırlatma
Hüquq müdafiəçisi Rüfət Səfərov 2024-cü il dekabrın 3-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1-ci (xuliqanlıq) maddələriylə ittiham irəli sürülüb. Bu maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.
R.Səfərov həbs olunan ərəfədə onun ABŞ-yə səfəri nəzərdə tutulmuşdu. 2024-cü il dekabrın 10-da – Beynəlxalq İnsan Hüquqları Günündə, Vaşinqtonda ABŞ Dövlət Departamenti dünya üzrə bir neçə hüquq müdafiəçisini mükafatlandırıb. Onların arasında R.Səfərov da olub. Mükafatları odönəmki dövlət katibi Antoni Blinken təqdim edib. R.Səfərov həbsdə olduğundan tədbirə qatılmadığı üçün Blinken onun mükafatını oradakı boş stula qoyub. Dövlət katibi çıxışında Azərbaycanda ictimai-siyasi fəalların, o cümlədən R.Səfərovun həbsindən də söz açıb.
Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi motivlərlə həbs olunmadığını iddia edirlər.
R.Səfərov 2015-ci ilin dekabrında Zərdab rayon Prokurorluğunun müstəntiqi vəzifəsində çalışarkən bəyanatla bu sistemdə işləmək istəmədiyini açıqladıqdan sonra korrupsiya ittihamıyla həbs olunmuşdu. O, 9 il həbs cəzası alsa da, 2019-cu ilin martında əfv sərəncamıyla azadlığa buraxılmışdı.