Keçid linkləri

2026, 21 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:14

Rüfət Səfərov: 'Nə qədər Azərbaycanda bu hakimiyyət var, belə həbslər çox olacaq'

Rüfət Səfərov
Rüfət Səfərov

"Müdafiə Xətti" insan haqları müdafiə təşkilatının icraçı direktoru, 1 il 5 aydır həbsdə olan Rüfət Səfərov deyir ki, bu müddətdə təəssüfləndiyi məsələlərdən biri hüquq müdafiəçisi kimi işini görə bilməməsidir.

"Təəssüf ki, insan haqlarının belə ağır olduğu bir dövrdə özümdən asılı olmayan səbəblərdən hüquq müdafiəçisi kimi fəaliyyətimi davam etdirə bilmirəm. Əliyev rejimi məndən məhz sistemli şəkildə apardığım hüquq müdafiəçiliyi fəaliyyətimə görə qisas alır", – R.Səfərov aprelin 20-də öz məhkəməsində onunla bağlı səslənən ittihamlara münasibət bildirərkən belə deyib.

Onun işinə 10 aydır Bakı Ağır Cinayətlər Məhkəməsində Aygün Qurbanovanın sədrlik etdiyi hakimlər kollegiyası baxır.

R.Səfərovla bağlı cinayət işində iddia olunur ki, o, Natiq İmanquliyev adlı şəxsdən torpaq satmaq adıyla 60 min manat pul alıb. Lakin ona nə torpaq satıb, nə də pulunu geri qaytarıb. Bu üzdən 2024-cü il dekabrın 3-də N.İmanquliyev R.Səfərovgilin yaşadığı binanın qarajına gəlib ondan pulunun geri qaytarılmasını tələb edəndə aralarında dava olub. Nəticədə R.Səfərov ona xəsarət yetirib.

"Haradan bilirsiniz ki, polislər su almağa gəlmişdilər?"

Zərərçəkmiş qismində tanınan N.İmanquliyev vəkillərin vəsatəti əsasında aprelin 20-də yenə məhkəməyə çağrılmışdı. Cinayət işində onun öncədən R.Səfərovla görüşüb torpaq sahəsinə görə ona 60 min manat pul verdiyi iddia olunsa da, hüquq müdafiəçisi həbs edildiyi günədək bu şəxsi görmədiyini bildirir. Onun sözlərinə görə, ilk dəfə tutulduğu gün evinin qarajında maşından düşəndə həmin şəxs ona hücum edib, nəticədə aralarında dava düşüb, az sonra qaraja polislər daxil olub.

Vəkil Rövşanə Rəhimovanın suallarına cavab verən N.İmanquliyev iddia edib ki, R.Səfərov atasına məxsus torpaq sahəsini satmaqdan ötrü 60 min manatı ondan Tibb Universitetinin qarşısında alıb. Amma bunu təsdiqləyən heç bir sübutu yoxdur.

Rövşanə Rəhimova
Rövşanə Rəhimova

Vəkil soruşub ki, necə olub ki, alqı-satqı olmadan böyük məbləğdə pulu heç bir sübut-dəlil olmadan R.Səfərova verib? Cavab verib ki, Novxanıda torpağı satmağa razılıq vermişdi deyə, çox sevinirdi, bu üzdən digər məsələlərə fikir verməyib.

O iddia edib ki, pulunun qaytarılmadığını görüb, R.Səfərovun yaşadığı evin yanına gəlib, qarajda onu gözləyib. Məhz onların davası zamanı polislərin gəlib binanın qarajına daxil olması, R.Səfərovu götürüb aparmasına gəlincə, zərərçəkmiş iddia edib ki, polislər həmin vaxt binanın yaxınlığındakı mağazadan su almağa gəlmişdilər.

"Siz haradan bilirsiniz ki, polislər su almağa gəlmişdilər? Bəs necə oldu ki, binanın altındakı qaraja gəldilər?", – N.İmanquliyev vəkilin bu suallarına cavab verə bilməyib.

"Bir nəfər gedib yüksək səviyyədə mükafat alacaqdı deyə..."

R.Səfərov isə vurğulayıb ki, onu həbs etmək üçün bu cür insanlardan istifadə olunur. Hüquq müdafiəçisi bildirib ki, zərərçəkmiş qismində tanınan şəxsin istintaqdakı ifadəsində yazılanlarla məhkəmədə dedikləri arasında fərqə diqqət yetirmək kifayətdir ki, bu işin qurama olduğuna əminlik yaransın: "Bir nəfər gedib yüksək səviyyədə mükafat alacaqdı deyə, onun qarşısını kəsmək üçün tutub həbs etmək lazım idi. Yəqin, vaxtın azlığına görə belə keyfiyyətsiz şəkildə iş qurublar. Həqiqətən ayıbdır. Nə qədər Azərbaycanda bu hakimiyyət var, belə həbslər çox olacaq. Onsuz da bu məhkəmədən gözləntim yoxdur, bitirin, gedib-gəlmək istəmirəm".

Məhkəməsində baş verənləri izləyən diplomatik korpus təmsilçilərinə minnətdarlığını çatdıran R.Səfərov ayrıca ABŞ Dövlət Departamenti, Avropa İttifaqı, Avropa Şurası kimi beynəlxalq təşkilatlara da müraciət edib. Hüquq müdafiəçisi ümumbəşəri prinsiplərə yetərincə hörmət qoyulması, insan hüquqlarının müdafiəsinə bütün dünyada diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

R.Səfərovun məhkəməsi mayın 4-də davam edəcək.

Xatırlatma

Hüquq müdafiəçisi Rüfət Səfərov 2024-cü il dekabrın 3-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1-ci (xuliqanlıq) maddələriylə ittiham irəli sürülüb. Bu maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.

R.Səfərov həbs olunan ərəfədə onun ABŞ-yə səfəri nəzərdə tutulmuşdu. 2024-cü il dekabrın 10-da – Beynəlxalq İnsan Hüquqları Günündə Vaşinqtonda ABŞ Dövlət Departamenti dünya üzrə bir neçə hüquq müdafiəçisini mükafatlandırıb. Onların arasında R.Səfərov da olub. Mükafatları o dönəmki dövlət katibi Antoni Blinken təqdim edib.

R.Səfərov həbsdə olduğundan tədbirə qatılmadığı üçün Blinken onun mükafatını oradakı boş stula qoyub. Dövlət katibi çıxışında Azərbaycanda ictimai-siyasi fəalların, o cümlədən R.Səfərovun həbsindən də söz açıb.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi motivlərlə həbs olunmadığını iddia edirlər.

R.Səfərov 2015-ci ilin dekabrında Zərdab rayon Prokurorluğunun müstəntiqi vəzifəsində çalışarkən bəyanatla bu sistemdə işləmək istəmədiyini açıqladıqdan sonra korrupsiya ittihamıyla həbs olunmuşdu. Ona 9 il həbs cəzası kəsilsə də, 2019-cu ilin martında əfv sərəncamıyla azadlığa buraxılmışdı.

XS
SM
MD
LG