"Müdafiə Xətti" insan haqlarını müdafiə təşkilatının icraçı direktoru, 1 il 4 ay aydır həbsdə olan hüquqçu Rüfət Səfərov məhkəməsinin tez yekunlaşmasını istəyir. Deyir ki, siyasi sifarişlə quraşdırılan cinayət işidir, məhkəməyə də hansı göstəriş veriləcək, həmin hökmü elan edəcəklər.
"Prosesi uzadıb insanlara əlavə əziyyət vermək nəyə lazım? Onsuz da məni bu məhkəmə maraqlandırmır. Bilirəm ki, siyasi sifarişdir, nə deyiləcəksə, gəlib onu elan edəcəksiniz", - R.Səfərov martın 16-da öz məhkəməsində belə deyib.
Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Martın 16-da məhkəmədə ev, torpaq alqı-satqısıyla məşğul olduğunu deyən iki nəfər şahid qismində dindirilib.
R.Səfərovla bağlı cinayət işində iddia olunur ki, o, Natiq İmanquliyev adlı şəxsdən ona torpaq satmaq adıyla 60 min manat alsa da, nə torpaq satıb, nə də pulu geri qaytarıb. İttihama görə, bu üzdən, 2024-cü il dekabrın 3-də N.İmanquliyev R.Səfərovgilin yaşadığı binanın qarajına gəlib, ondan pulunun geri qaytarılmasını tələb edəndə aralarında dava düşüb və nəticədə R.Səfərov ona xəsarət yetirib.
R.Səfərov isə həbs olunduğu günədək N.İmanquliyevi görmədiyini, ondan pul almadığını, bu şəxsin onu həbs etmək üçün öncədən öyrədilərək göndərildiyini söyləyir.
Şahidlər öz ifadələrində deyiblər ki, N.İmanquliyevin əvvəl torpaq sahəsi aldığını bilirdilər və araçı kimi, alqı-satqı prosesinə də qatılıblar. Ancaq ikinci dəfə torpaq sahəsi almaq istəməsi, bundan ötrü kimə, harada və nə qədər pul verməsi barədə məlumatları olmadığını söyləyiblər.
Şahidlərin istintaqdakı ifadələri ilə məhkəmədə söylədikləri arasında ziddiyyətlər yaranıb. Onlar bunu istintaqdakı ifadələrini şəxsən özləri oxumadan imzalaması ilə izah ediblər.
"Üzümü görməyən adamları gəlib burada yalan danışmağa məcbur etməyə ehtiyac yoxdur. Bu ölkədəki sistem – polis, prokurorluq, məhkəmə insanların mənəviyyatını məhv eləməklə məşğuldur. Bitirin getsin bu tamaşanı. Məni bu məhkəmə yox, günlərdir aclıq edən Tofiq Yaqublunun vəziyyəti narahat edir. Onu təsadüfən dəhlizdə gördüm, ayaqüstü zorla dayanırdı. Bir insana bu qədər zülm etmək olmaz", - R.Səfərovun sözləridir.
Hüquq müdafiəçisinin məhkəməsi aprelin 6-da davam edəcək.
Xatırlatma
Hüquq müdafiəçisi Rüfət Səfərov 2024-cü il dekabrın 3-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1-ci (xuliqanlıq) maddələriylə ittiham irəli sürülüb. Bu maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.
R.Səfərov həbs olunan ərəfədə onun ABŞ-yə səfəri nəzərdə tutulmuşdu. 2024-cü il dekabrın 10-da – Beynəlxalq İnsan Hüquqları Günündə Vaşinqtonda ABŞ Dövlət Departamenti dünya üzrə bir neçə hüquq müdafiəçisini mükafatlandırıb. Onların arasında R.Səfərov da olub. Mükafatları odönəmki dövlət katibi Antoni Blinken təqdim edib.
R.Səfərov həbsdə olduğundan tədbirə qatılmadığı üçün Blinken onun mükafatını oradakı boş stula qoyub. Dövlət katibi çıxışında Azərbaycanda ictimai-siyasi fəalların, o cümlədən R.Səfərovun həbsindən də söz açıb.
Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi motivlərlə həbs olunmadığını iddia edirlər.
R.Səfərov 2015-ci ilin dekabrında, Zərdab rayon Prokurorluğunun müstəntiqi vəzifəsində çalışarkən, bəyanatla bu sistemdə işləmək istəmədiyini açıqladıqdan sonra korrupsiya ittihamıyla həbs olunmuşdu. Ona 9 il həbs cəzası kəsilsə də, 2019-cu ilin martında əfv sərəncamıyla azadlığa buraxılmışdı.