"Müdafiə Xətti" insan haqlarını müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov deyir ki, siyasi sifarişlə həbs olunduğuna görə məhkəmədən ədalətli hökm gözləntisi yoxdur. İstədiyi budur ki, ittihamın saxtalığını, cinayət işində yazılanların yalan olduğunu göstərməyə prokuror və hakimlər imkan versin. Hüquq müdafiəçisi fevralın 16-da öz məhkəməsində belə deyib.
1 il 3 aydır həbsdə olan R.Səfərovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Yanvarın 26-da keçirilmiş ötən məhkəmə iclasında hüquq müdafiəçisi ilə prokuror arasında qalmaqal yaşanmış, hakimlər də qəfildən məhkəməni yarımçıq dayandırmışdılar.
Əvvəlki məhkəmə iclaslarında vəkillərinin yanında əyləşən R.Səfərov fevralın 16-da keçirilən məhkəmə prosesində şüşə kabinəyə salınıb. Bunu ötən iclasda baş verənlərlə əsaslandırıblar.
R.Səfərov bildirib ki, onun üçün harada saxlanmasının fərqi yoxdur. Hüquq müdafiəçisi vurğulayıb ki, prokuror, hakimlər də daxil, hər kəs onun siyasi sifarişlə həbs olunduğunu yaxşı bilir: "Elə danışırsınız, sanki axırda ədalətli hökm verəcəksiniz, mən də buradan çıxıb evimə gedəcəyəm. Heç olmasa, həqiqəti üzə çıxarmağa imkan verin, sizdən başqa gözləntim yoxdur. Məhkəmə başlanandan bircə dənə tutarlı dəlil ortaya qoyulmayıb. İki ildir dostlarımdan, ailəmdən təcrid olunmuşam. Mənim də psixoloji durumumu başa düşün".
"Həyatdır, sabah kimi harada olacağını bilmək olmaz"
R.Səfərov vurğulayıb ki, bu gün başqalarının həbsinə sifariş verən və bunu icra edənlərin özlərinin də sabahı sığortalı deyil. Sonra 1995-2000-ci illərdə baş prokuror, ardından, Rumıniya, Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfir olmuş Eldar Həsənovun 2020-ci ildəki həbsini yada salan R.Səfərov E.Həsənov məhkəmədə hüquqlarının pozulmasından şikayətlənərkən, hüquqqoruyucu kimi, onu müdafiə etdiyini vurğulayıb: "Həyatdır, sabah kimin harada olacağını bilmək olmaz".
Hüquq müdafiəçisi haqqında ittihamda yazılıb ki, o, Natiq İmanquliyev adlı şəxsdən torpaq satmaq adıyla 60 min manat pul alsa da, nə torpaq satıb, nə də pulunu geri qaytarıb. İddia olunur ki, bu üzdən 2024-cü il dekabrın 3-də N.İmanquliyev R.Səfərovgilin yaşadığı binanın qarajına gəlib, ondan pulunun geri qaytarılmasını tələb edəndə aralarında dava düşüb. Nəticədə R.Səfərov ona xəsarət yetirib.
Fevralın 16-da məhkəmədə qarajın gözətçisi Eldar Hacıyev şahid qismində dindirilib. O, ifadə verməyə başlamazdan öncə R.Səfərov ona deyib: "Eldar dayı, bilirəm, sizi iki gün aparıb saxlayıblar, incidiblər. Necə istəyirsiniz, elə də danışın, təki sizi incitməsinlər, məni düşünməyin...".
E.Hacıyev ifadəsində bildirib ki, qarajda R.Səfərovla N.İmanquliyevin davasının şahidi olmayıb. O, səs-küy eşidib gələndə artıq polislər Rüfəti saxlamışdılar.
E.Hacıyev vəkil Rövşanə Rəhimlinin suallarını cavablayarkən əlavə edib ki, ardından dörd nəfər maskalı polis onun özünü də maşına mindirib idarəyə aparıb və orada iki gün saxlayıblar.
Martın 2-də keçiriləcək növbəti məhkəmə iclasında E.Hacıyevin dindirilməsi davam edəcək.
R.Səfərov və vəkilləri pul verdiyini iddia edən və bu işdə zərərçəkmiş qismində tanınan N.İmanquliyevin gəlirlərinin araşdırılması üçün vəsatət verərək, bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərilməsini istəyiblər.
N.İmanquliyev iddia edir ki, Novxanıda əvvəl 60 min manata torpaq sahəsi alıb. Daha sonra həmin torpaq sahəsinin yanındakı ərazini də almaq fikrinə düşüb və bu məqsədlə R.Səfərova 60 min manat verib.
R.Səfərov isə həbs olunduğu günədək heç vaxt N.İmanquliyevlə görüşmədiyini və ondan pul almadığını, ilk dəfə tutulduğu gün qarajda maşından düşərkən bu şəxsin qəfil ona hücum çəkdiyini deyir.
R.Səfərov N.İmanquliyevin narkotik istifadəçisi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Narkoloji Mərkəzə sorğu göndərilməsi barədə də vəsatət qaldırıb: "Mən özüm də müstəntiq işləmişəm, insanın davranışları onun haqqında çox şey deyir".
Məhkəmə hər iki sorğunu göndərməyə razılıq verib.
Xatırlatma
Hüquq müdafiəçisi Rüfət Səfərov 2024-cü il dekabrın 3-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1-ci (xuliqanlıq) maddələriylə ittiham irəli sürülüb. Bu maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.
R.Səfərov həbs olunan ərəfədə onun ABŞ-yə səfəri nəzərdə tutulmuşdu. 2024-cü il dekabrın 10-da – Beynəlxalq İnsan Hüquqları Günündə, Vaşinqtonda ABŞ Dövlət Departamenti dünya üzrə bir neçə hüquq müdafiəçisini mükafatlandırmışdı. Onların arasında R.Səfərov da vardı. Mükafatları odönəmki dövlət katibi Antoni Blinken təqdim etmişdi.
R.Səfərov həbsdə olduğundan tədbirə qatılmadığı üçün Blinken onun mükafatını oradakı boş stula qoyub. Dövlət katibi çıxışında Azərbaycanda ictimai-siyasi fəalların, o cümlədən R.Səfərovun həbsindən də söz açıb.
Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi motivlərlə həbs olunmadığını iddia edirlər.
R.Səfərov 2015-ci ilin dekabrında Zərdab rayon Prokurorluğunun müstəntiqi vəzifəsində çalışarkən bəyanatla bu sistemdə işləmək istəmədiyini açıqlayandan sonra korrupsiya ittihamıyla həbs olunmuşdu. Ona 9 il həbs cəzası kəsilsə də, 2019-cu ilin martında əfv sərəncamıyla azadlığa buraxılmışdı.