"Müdafiə Xətti" insan haqlarını müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərovun 8 il həbs cəzasına məhkum edilməsi haqda hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başlayıb. Hüquq müdafiəçisinin vəkilləri istəyirdi ki, bu şikayətə baxılanda bir çox məsələlər araşdırılsın. Bu üzdən vəkillər avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində keçirilən ilk iclasda da bir sıra vəsatətlər veriblər. Vəsatətlərin çoxu videogörüntülərin əldə olunub məhkəmədə baxılmasına aid idi.
Cinayət işində iddia edilir ki, R.Səfərov Natiq İmanquliyev adlı şəxsdən torpaq satmaq adıyla 60 min manat pul alıb. Amma nə torpaq satıb, nə də pulunu geri qaytarıb. Bu üzdən 2024-cü il dekabrın 3-də N.İmanquliyev hüquq müdafiəçisinin yaşadığı binanın qarajına gəlib, ondan pulunun geri qaytarılmasını tələb edəndə aralarında dava olub. Nəticədə R.Səfərov ona xəsarət yetirib.
Vəkillər vəsatət verib ki, pulların verildiyi iddia edilən ərazidəki, qarajdakı videogörüntüləri məhkəmə alıb araşdırsın. Çünki R.Səfərov bildirib ki, N.İmanquliyevlə tutulduğu gündən öncə heç vaxt görüşməyib, ondan pul da almayıb. Qarajda maşından düşəndə isə üstünə həmin şəxs özü hücum edib.
Apellyasiya məhkəməsində Habil Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası bu vəsatətlərin heç birini təmin etməyib. Ümumiyyətlə, qərar verilib ki, R.Səfərovun apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan (şahidlər dindirilmədən, sübutlar araşdırılmadan) baxılsın.
"Buna görə hələ də məndən əl çəkmirlər"
R.Səfərov deyib ki, Azərbaycanda məhkəmələrin sifarişə qulluq etdiyini yaxşı bilir, bu üzdən apellyasiya məhkəməsindən heç bir gözləntisi yoxdur. İstəyir ki, bu proses qısa müddətdə yekunlaşsın, hökm qüvvəyə minsin, cəzaçəkmə müəssisəsinə köçürülsün.
R.Səfərov vurğulayıb ki, Azərbaycanda insan haqlarını müdafiə etdiyinə görə siyasi sifarişlə həbs olunub: "9 il əvvəl prokurorluğun müstəntiqi olanda bircə cümlə dedim ki, mən sizinlə, bu cür sistemlə işləmək istəmirəm. Buna görə hələ də məndən əl çəkmirlər. Bu nə kindir?!".
O, əlavə edib ki, 2024-cü il dekabrın 5-də ABŞ-a səfəri nəzərdə tutulmuşdu. Ona Vaşinqtonda həmin dövrdə ABŞ dövlət katibi olan Entoni Blinken tərəfindən mükafat təqdim olunmalıydı. Lakin həbs etməklə bunun qarşısını aldılar: "Blinken təqdimetmə mərasimində mükafatları verdi. Mənim mükafatımı da adımı çəkib boş kresloya qoydular. Mənim günahımdır ki, ABŞ Dövlət Departamenti mənə "cəsarətli hüquq müdafiəçisi" mükafatı verirdi? Sağ olsunlar. Məni buna görə həbs ediblərsə, dələduz, xuliqan deməyə ehtiyac yoxdur".
Hakim H.Məmmədov hüquq müdafiəçisinin sözünü kəsəndə R.Səfərov deyib ki, onsuz da danışanda hakimləri nəzərə almır, məhkəmə prosesini izləməyə gələnləri, ictimaiyyəti düşünür.
R.Səfərovun məhkəməsi avqustun 20-də davam edəcək.
Xatırlatma
R.Səfərov 2024-cü il dekabrın 3-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 8 il həbs cəzası kəsilib. Hüquq müdafiəçisi Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələriylə təqsirli bilinib.
2024-cü il dekabrın 10-da – Beynəlxalq İnsan Hüquqları Günündə, Vaşinqtonda ABŞ Dövlət Departamenti dünya üzrə bir neçə hüquq müdafiəçisini mükafatlandırıb. Onların arasında R.Səfərov da olub. R.Səfərov həbsdə olduğundan tədbirə qatılmadığı üçün ABŞ dövlət katibi E.Blinken onun mükafatını oradakı boş stula qoyub. Dövlət katibi çıxışında Azərbaycanda ictimai-siyasi fəalların, o cümlədən R.Səfərovun həbsindən də söz açıb.
Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi motivlərlə həbs olunmadığını iddia edirlər.
R.Səfərov 2015-ci ilin dekabrında Zərdab rayon Prokurorluğunun müstəntiqi vəzifəsində çalışarkən bəyanatla bu sistemdə işləmək istəmədiyini açıqladıqdan sonra korrupsiya ittihamıyla həbs olunmuşdu. Ona 9 il həbs cəzası kəsilsə də, 2019-cu ilin martında əfv sərəncamıyla azadlığa buraxılmışdı.