Keçid linkləri

2026, 12 İyun, cümə, Bakı vaxtı 22:28

Rüfət Səfərov: 'Bugünkü mühit 30-cu illərdəki stalinizm 'troyka'sını xatırladır'

Rüfət Səfərov
Rüfət Səfərov

“Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərova 8 il həbs cəzası kəsilib. İyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçinə hökm oxunub.

Hakim Aygün Qurbanovanın sədrliyilə çıxarılan hökmə əsasən, Səfərov Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrilə təqsirli bilinib. CM-in 221.1-ci (xuliqanlıq) maddəsilə olan ittihama isə xitam verilib.

“Yerlər səhv düşüb”

Hökmdən öncə son sözünü deyən hüquq müdafiəçisi bildirib ki, heç bir cinayət törətmədiyi halda, il yarımdır həbsdədir. Bu məhkəmə prosesinin hüquqa, qanuna aidiyyəti olmadığını söyləyən Səfərovun sözlərinə görə, onunla bağlı baş verənlər ictimai-siyasi münasibətlər sistemindən qaynaqlanır. O vurğulayıb ki, tutulduğu gün – 2024-cü il dekabrın 3-də cinayət baş verib, lakin onun özünə qarşı:

“Qanunsuz həbs olunmuşam, əleyhimə yalan ifadələr, yalan ekspertiza rəyləri verilib. Bu qanunsuzluqlarda iştirak edən müstəntiq, ekspert, hakimlər cinayət məsuliyyətinə cəlb olunmalıdır, lakin yerlər səhv düşüb. Burası qorxulu Bakı, təməl insan haqlarının qaranlıq zülmətə qərq edildiyi vahiməli Azərbaycandır”.

Hüquq müdafiəçisi bildirib ki, ittihamların tamamilə yalan və saxta olduğunu vəkilləri sübut etdi.

Həbsinin sifarişinin Prezident Administrasiyasından verildiyini, Daxili İşlər Nazirliyinin də bu sifarişi icra etdiyini deyən R.Səfərov cəzalandırılmasının səbəbinə də toxunub. Yeni Azərbaycan Partiyasının qurucularından biri, keçmiş deputat Eldar Sabiroğlunun oğlu olduğunu yada salan Səfərov ölkədəki repressiya siyasətinə, insan haqlarının pozulmasına göz yuma bilməməsi və müstəntiq vəzifəsindən istefa verməsi, bundan sonra başına gələnlərdən də danışıb. O, əlavə edib ki, budəfəki həbsinin səbəbi hüquq müdafiəçisi kimi, ABŞ Dövlət Departamenti tərəfindən mükafata layiq görülməsi olub:

“Məni mükafat almaq üçün Vaşinqtona dəvət etməsəydilər, orada ABŞ dövlət katibi və digər vəzifəli şəxslərlə təmaslarım gözlənilməsəydi, İlham Əliyev həbsimə rəvac verməyəcəkdi”.

'Siyasi şərləmələrin etalonu': 'Müdafiə Xətti' rəhbərinə 9 il tələbi
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00

“İllərdir mən yüksək səslə ədalət istəyirəm”

Hüquq müdafiəçisi son sözündə ölkədə insan haqlarının vəziyyətindən danışıb. Deyib ki, bu gün Azərbaycanda hüquqsuzluq meydan sulayır, əksəriyyət sosial-iqtisadi məngənə sıxılır: “Belə bir mühitdə xoşbəxt olmağı, bəxtəvərlər sinfinin dar çevrəsini özümə qadağan etmişəm”.

O vurğulayıb ki, məhkəmədən heç bir xahişi və gözləntisi yoxdur. Səbəbini də belə izah edib:

“Azərbaycan hakimləri xüsusən siyasi işlərdə hüquqi iradələrini repressiv icra hakimiyyəti orqanlarına kirayə verirlər. Bugünkü mühit 30-cu illərdəki stalinizm “troyka”sını xatırladır. İllərdir mən yüksək səslə ədalət istəyirəm. Amma eşidilmirəm, qulaq asmırlar. Vicdansızlıq və allahsizlıq edirlər. Fürsətdən istifadə edib, keçmiş həmkarlarımı – prokurorluq əməkdaşlarını da ədalətsizliyin dibinə yuvarlanmamağa çağırıram”.

R.Səfərov çıxışını belə yekunlaşdırıb: “Yaşasın azad, demokratik və hüquqi Azərbaycan!”

Bir neçə dəqiqəlik müşavirədən sonra Aygün Qurbanova, Fərid Namazov və Telman Hüseynovdan ibarət hakimlər kollegiyası onun haqqında 8 illik həbs hökmünü elan ediblər.

Hüquq müdafiəçisinin vəkilləri bu hökmdən apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Xatırlatma

Hüquq müdafiəçisi Rüfət Səfərov 2024-cü il dekabrın 3-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.

R.Səfərov həbs olunduğu ərəfədə ABŞ-yə səfəri planlaşdırılırdı. 2024-cü il dekabrın 10-da – Beynəlxalq İnsan Hüquqları Günündə Vaşinqtonda ABŞ Dövlət Departamenti dünya üzrə bir neçə hüquq müdafiəçisini mükafatlandırıb. Onların arasında R.Səfərov da olub. Mükafatları həmin dövrdə dövlət katibi Antoni Blinken təqdim edib.

R.Səfərov həbsdə olduğu üçün tədbirə qatılmadığından Blinken onun mükafatını oradakı boş stulun üzərinə qoyub. Dövlət katibi çıxışında Azərbaycanda ictimai-siyasi fəalların, o cümlədən R.Səfərovun həbsindən də söz açıb.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi motivlərlə həbs olunmadığını iddia edirlər.

R.Səfərov 2015-ci ilin dekabrında Zərdab rayon Prokurorluğunun müstəntiqi vəzifəsində çalışarkən etdiyi bəyanatla bu sistemdə işləmək istəmədiyini açıqlamışdı. Bundan sonra o, korrupsiya ittihamı ilə həbs olunmuşdu. Ona 9 il həbs cəzası kəsilsə də, 2019-cu ilin martında əfv sərəncamı ilə azadlığa buraxılmışdı.

XS
SM
MD
LG