Azərbaycan hakimiyyəti xaricdə yaşayan tənqidçilərini əksər hallarda sosial şəbəkə paylaşımları və onlayn çıxışlarına görə cinayət məsuliyyətinə cəlb edir. Qiyabi olaraq uzunmüddətli həbs cəzalarına məhkum edilən bu şəxslər ekstradisiya, xarici səfərlər zamanı saxlanılma və digər transmilli təzyiq formaları ilə üz-üzə qalırlar. Bu barədə "Human Rights Watch" (HRW) insan haqları təşkilatının iyunun 10-da yaydığı hesabatda bildirilir.
Qurumun Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorqi Qoqiyanın sözlərinə görə, Azərbaycan hakimiyyəti onlayn çıxışlardan süni cinayət işləri uydurur ki, tənqidçiləri ölkə sərhədlərindən kənarda da təqib edə bilsin.
"Human Rights Watch" 2025-ci ilin iyulundan 2026-cı ilin martınadək Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 8 hökmü araşdırıb. Bu işlər üzrə Avropa və ABŞ-də yaşayan Azərbaycan vətəndaşları qiyabi qaydada 6 ildən 16 ilədək müddətə azadlıqdan məhrum ediliblər.
Qiyabi cinayət təqibi mexanizmi
Təşkilat qeyd edir ki, 2023-cü ilin dekabrında Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklərlə ilk dəfə qiyabi cinayət təqibi mexanizmi yaradılıb. Bu qanunvericilik məhkəmələrə onlayn çıxışları cinayət hökmünə çevirməyə, daha sonra isə həmin qərarlardan ekstradisiya tələbləri, beynəlxalq səfərlər zamanı saxlanılma və ya əmlakın müsadirəsi üçün hüquqi əsas kimi istifadə etməyə imkan verir.
HRW diqqəti Fransada yaşayan tarixçi və alim Altay Göyüşovun işinə çəkir. O, fevralın 18-də Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. İttiham tərəfi sübut kimi onun 2020-ci ildə yayımlanmış "YouTube" videosunu, həmçinin 2024 və 2025-ci illərə aid iki "Facebook" statusunu təqdim edib. Həmin materiallarda Gürcüstan, Qırğızıstan və Ukraynadakı xalq etirazları müzakirə olunur, tarixi müqayisələr aparılır və Azərbaycan hökuməti tənqid edilir.
Təşkilat bildirir ki, nəzərdən keçirdiyi işlərdə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin linqvistik ekspertiza rəyləri əsas rol oynayıb. Həmin rəylərdə onlayn paylaşımların məzmununda hakimiyyətin zorla ələ keçirilməsinə, kütləvi iğtişaşlara və ya terrorçuluğa çağırışların olduğu iddia edilir.
HRW bildirir ki, tətbiq olunan meyarlarda beynəlxalq hüququn ifadə azadlığının qorunmasına dair standartları nəzərə alınmır, buna görə də belə ekspert rəyləri mahiyyət etibarilə qüsurludur.
"Azərbaycanın mesajı budur ki.."
Bəyanatda deyilir ki, Azərbaycan hakimiyyəti ifadə azadlığı hüququ çərçivəsində qorunan çıxışlara görə bütün qiyabi hökmləri yenidən nəzərdən keçirməli və ləğv etməlidir. Təşkilat hökuməti ifadə azadlığı ilə bağlı cinayət qanunvericiliyini beynəlxalq standartlara uyğunlaşdırmağa çağırır.
"Azərbaycanın mesajı budur ki, ölkəni tərk etmək tənqidçiləri qisasdan qorumayacaq. Avropa hökumətləri bu hökmlərin transmilli repressiya alətinə çevrilməməsini təmin etməlidir", — Qoqiya bildirib.
Hakimiyyət təmsilçiləri adətən insan haqları pozuntuları barədə tənqidləri rədd edir və beynəlxalq təşkilatları Azərbaycana qarşı qərəzli mövqe tutmaqda günahlandırırlar.
İnsan haqları qrupları hazırda ölkədə 328 siyasi məhbusun olduğunu bildirir. Hökumət “siyasi məhbus” terminini qəbul etməsə də, beynəlxalq qurumlar hakimiyyəti siyasi repressiyaları, azad mediaya və vətəndaş cəmiyyətinə təzyiqləri dayandırmağa çağırıb.