ABŞ dövlət katibi Marko Rubio Fransada G7 qrupunun və müttəfiq ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak edir. Artıq ikinci gündür Parisdə İran və Ukrayna müharibələri, qlobal təhlükəsizlik müzakirə olunur.
Hazırda G7-yə Fransa prezidentlik edir.
Rubio Parisə yola düşməzdən öncə müttəfiqlər üçün əsas mesajın Hörmüz boğazının açılmasının zəruriliyi olacağını deyib.
"Kömək etmək onların marağındadır", – Rubio deyib. O, ABŞ-nin tərəfdaşlarının bu boğazdan keçən enerji axınından daha çox asılı olduğunu deyib, nəinki Birləşmiş Ştatların.
Ancaq dövlət katibi Vaşinqtonun necə bir yardım istəyə biləcəyini deməyib. Belə qərarların müdafiə rəsmilərinin boynuna düşdüyünü söyləyib.
Hörmüzdən dünya neft və mayeləşdirilmiş qazının təxminən 1/5-i keçir.
Rubio Tehran ilə danışıqların vasitəçilərlə davam etdiyini, "müəyyən konkret irəliləyiş" olduğunu, amma durumun dəyişkən qaldığını vurğulayıb.
Daha öncə prezident Donald Tramp İranla "çox əsaslı" müzakirələr aparıldığını demişdi. Vaşinqton diplomatiyaya şərait yaratmaq üçün İranın enerji infrastrukturuna zərbələri aprelin 6-dək təxirə salıb.
Müttəfiqlər koordinasiya istəyir
Tramp müttəfiqlərdən İranla bağlı daha güclü mövqe tələb etmişdi. O vaxtdan bəri G7-nin xarici işlər nazirləri ilk dəfədir bir araya gəlir.
AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlu xəbər verir ki, Vaşinqton üçün İran və Hörmüzdə naviqasiya azadlığı prioritet olsa da, G7 üzvləri Ukrayna müharibəsinə fokuslanıblar, Yaxın Şərq böhranında daha dərin iştiraka tərəddüdlə yanaşırlar.
Rubio da ABŞ-nin yükün paylaşılması ilə bağlı məyusluğunu, Amerikanın Kiyevə göstərdiyi dəstəyi vurğulayıb.
"Ukrayna Amerikanın müharibəsi deyil, amma biz savaşa istənilən ölkədən daha çox töhfə vermişik", – o deyib.
Çətin diplomatik sınaq
Təhlilçilər Rubionun həssas balans sınağı ilə üzləşdiyini deyirlər. Axı, onun həmkarları həm Hörmüzün bağlanmasının yaratdığı iqtisadi fəsadları yoluna qoymağa çalışır, həm də özlərinin strateji prioritetlərini götür-qoy edirlər.
Dövlət katibi bir-birinə zidd gözləntilərin öhdəsindən gəlməlidir. Bunu 2003-2005-ci illərdə Buş administrasiyası dövründə dövlət katibinin köməkçisi olmuş Pol Sonders AzadlıqRadiosuna deyir: "Dövlət katibi Rubio ABŞ-nin maraqları və ehtiyacları, prezident Trampın gözləntiləri, digər G7 üzvlərinin perspektivləri və prioritetləri arasında yol cızmalı olacaq. Asan olmayacaq".
Onun fikrincə, müttəfiqlərin məyusluğu müzakirələri çətinləşdirə bilər.
"G7-nin digər üzvləri xəbərdarlıqsız enerji və iqtisadi böhrana sürüklənməkdən məyus olublar", – deyən Sonders onların çoxunun Ukraynaya, Yaponiyanın isə Çinə daha çox diqqət ayırdığını vurğulayır.
Fransa isə Avropada liderlik rolunu təsdiqləməyə çalışır, - təhlilçi əlavə edir.
"İran müharibəsi nə vaxt və necə bitəcək?", – Sondersə görə, danışıqların əsas sualı həllini gözləyir.