Keçid linkləri

2026, 25 Fevral, çərşənbə, Bakı vaxtı 22:35

Rusiyadan şikayət var

Rostov polisi
Rostov polisi

Rusiyanın Rostov şəhərində hüquq-mühafizə orqanlarının əslən Azərbaycandan olan ailələrin yaşadığı mənzillərə basqın etdiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna aktrisa Ruhiyyə Yusifova məlumat verib. Onun sözlərinə görə, yanvarın 24-ü, gecə saatlarında bir qrup rəsmi geyimli şəxs dayısı Mərdan Əskərovun yaşadığı evə daxil olub. Onun vurğulamasına görə, dayısı oğlunu heç bir günahı olmadan döyüblər: "Anasını, onun hamilə xanımını və iki övladını, dayımı tutub aparıblar. Evi dağıdıblar, hər şeyi sındırıblar. Daha sonra dayımın böyük oğlunun evinə giriblər, arvad-uşağı vurublar".

R.Yusifova əlavə edib ki, polis şöbəsinə aparılan qohumlarının telefonları əllərindən alınıb. Onun sözlərinə görə, onların əksəriyyəti daha sonra oradan buraxılıb, lakin dayısını hələ də polis şöbəsində saxlayırlar.

Aktrisa hadisənin konkret nə səbəbdən baş verdiyini bilmir, lakin hesab edir ki, qohumları əsassız yerə belə hücumlara məruz qalıblar.

Amma onu da əlavə edir ki, onlar Rusiya vətəndaşlarıdır.

Bu açıqlamaya Rusiya və Azərbaycanın məsul qurumlarından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Son dönəmlər Azərbaycan və Rusiya münasibətlərində müəyyən gərginliklər yaşandığı bildirilirdi. Xüsusilə AZAL təyyarəsinin 2024-cü il dekabrın 25-də Bakı-Qroznı aviareysini yerinə yetirərkən qəzaya düşməsi və 38 nəfərin həlak olması gərginliyi doğuran əsas amil kimi təqdim edilirdi. Azərbaycan rəsmiləri vurğulayırdı ki, təyyarə Rusiya ərazisində vurulub. Onların mövqeyinə görə, Rusiya tərəfi üzr istəməli, təqsirkarlar məsuliyyətə cəlb edilməli və zərərçəkən ailələrə kompensasiya ödənilməlidir. Kreml rəhbərliyi hadisə ilə bağlı üzrxahlıq etsə də, rəsmi Bakının başqa istəklərini gerçəkləşdirmədi.

Daha sonra Rusiyada Azərbaycan diasporunun təmsilçilərinə təzyiqlərin artdığı, həbs edilənlərin olduğu açıqlandı. Azərbaycanda da buna paralel olaraq bəzi Rusiya vətəndaşları müxtəlif ittihamlarla həbs edildilər. Amma ötən ilin oktyabrında iki ölkə rəhbərinin görüşündən sonra yenidən tərəflər arasında əməkdaşlığa dair bəyanatlar səslənməyə başladı. Bundan sonra Azərbaycanda tutulan "Sputnik-Azərbaycan" təmsilçiləri də azadlığa buraxıldılar.

Bütün bunlarla belə, elə o zaman da bəzi ekspertlər hesab edirdi ki, gərginliyə aid müəyyən proseslərə baxmayaraq, reallıqda Azərbaycan və Rusiya hakimiyyətləri çox yaxın münasibətlərə malikdirlər.

XS
SM
MD
LG