Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:07

Roman qəhrəmanlarını sevməliyikmi?


Bakı, kitablar, arxiv foto
Bakı, kitablar, arxiv foto

Oxucular roman qəhrəmanlarını hətta "sevilən" və "yapışıqlı" kimi ifadələrlə səciyyələndirirlər.

Hər hansı romanın nəşri onun müəllifinə əsərini oxucuların gözü ilə görmək imkanı açır. Bu zaman yazıçının aldığı rəylər arasında qəhrəmanlarının sevilib-sevilməməsi barədə fikirlər də olur. Oxucular roman qəhrəmanlarını hətta "sevilən" və "yapışıqlı" kimi ifadələrlə səciyyələndirirlər.

Oxucu içərisində sevilən qəhrəmanların olmadığı kitabı oxuyursa, bu, həmin əsərin uğursuzluğudur və o deməkdir ki, əsər öz məqsədinə çata və oxucuda qəhrəmanlarla bağlı həyəcan, duyğu yarada bilməyib.

Buna da bax: Karl May heç vaxt getmədiyi Vəhşi Qərb haqda silsilə romanları necə yazırdı...

Çox zaman sevilən qəhrəmanın hansı cinsdən olması da dartışılır. Məsələn, siyasətçi qadın namizəd sevilən olmalıdırmı? "Yuxarıdakı qadın" (The Woman Upstairs) adlı romanın müəllifi Claire Messud müsahibələrinin birində jurnalistin sualından dəhşətə gəlmişdi. Jurnalist ona əsərin baş qəhrəmanı Nora ilə "dost olmaq istəmədiyini" demişdi.

“Allah xatirinə, bu nə sualdır?”

Spektakldan səhnə
Spektakldan səhnə

“Allah xatirinə, bu nə sualdır? Siz Humbert Humbert, Mickey Sabbath, Saleem Sinai, Hamlet, Krapp, Edip,Oscar Wao, Antigona, Raskolnikovla dost olmaq istəyərdiniz? Ya da... Orhan Pamukun yazdığı hər hansı kitabda kiminləsə? Kitabı özünüzə dost tapmaq üçün oxuyursunuzsa, sizin dərin probleminiz var", - yazıçı belə cavab vermişdi.

Messudun bu sözləri o qədər məşhurlaşdı ki, hətta "New Yorker" jurnalının Margaret Atwood və Tessa Hadley kimi tanınmış yazıçıların da qatıldığı dəyirmi masasında bütün bu "sevimlilik" anlayışı tənqid edilib. Bir çoxları bu baxımdan oxucuların kişi qəhrəmanlarla müqayisədə qadın qəhrəmanlara daha sərt yanaşdığını söyləyib.

Çəhrayı getto?

Ancaq amerikalı yazıçı Jennifer Weiner qadın yazarların "çəhrayı gettodan" çıxması baxımından "sevimlilik" anlayışından vaz keçilməsini vacib sayır. "Çəhrayı getto" qadın yazıçıların, özəlliklə gənclərin kişi yazarlara nisbətən daha az ciddi, daha az zəkalı və daha az ədəbi görünməsini nəzərdə tutan ifadədir. Yazıçı Slate-ə yazdığı məqalədə göstərir ki, "sevimli" qəhrəmanlar "qeyri-ciddi", "kommersiya" ədəbiyyatı üçün, sadəcə, oxucunu əyləndirmək üçün dizayn olunur, "sevilməyən” qəhrəmanlarsa daha çox ciddi, yüksək ədəbiyyata aiddir.

Bizi sınağa çəkən qəhrəmanlar?

Ancaq "ciddi, ədəbi sevimsiz" və "kommersiya havalı, sevimli" qəhrəmanlar arasındakı dixotomiya keyfiyyətli ədəbiyyatın, əslində, necə olmalı olduğu sualını qabardır. Ən yaxşı romanların qəhrəmanları - Humbert Humbert, Hamlet, Raskolnikov, Antiqona - ideal olmaya bilər, ancaq onlar bizi sınağa çəkir, bizim onları həqiqətən sevib-sevmədiyimizi sorğulayır.

Tam mənada insan kimi təsvir olunan, qüsurları, əsəbləri, ümid və istəkləri, nifrət və həsədləriylə görünən qəhrəman hələm-hələm sevimli ola bilməz. Bir şəxsi həqiqətən anlamaq üçün, sadəcə, onun səthi, üzdə olan yaxşı keyfiyyətlərini əsas götürə bilmərik. Onların qüsurlarını, düşüncə və söyləmlərini, dəhşətli əməllərini də bilməliyik. Hekayə gözəl təsvir olunan zaman idealda biz həmin qəhrəmanlara görə narahat oluruq. Sevilən oldu, ya olmadı, bu qəhrəmanların başına gələnləri yaşamağa başlayırıq.

“Sənət insani duyğuları genişləndirmirsə…”

George Eliot
George Eliot

​XIX əsrdə yaşamış yazıçı George Eliot-un təbirincə desək, “sənət insani duyğuları genişləndirmirsə, əxlaqi baxımdan heç nədir". Eliota görə, hekayə danışmağın məqsədi oxucu ilə qəhrəman arasında münasibət yaratmaqdır. İdealda bu münasibət sonradan geniş dünyaya proyeksiya olunmalıdır. Bədii ədəbiyyat bizə sevimsiz olanı da sevmək bacarığı öyrətməlidir. Xarakterləri, seçimləri və düşdükləri şərait etibarilə qeyri-adi durumda olanlara görə narahat olmaq bacarığımızı inkişaf etdirir. Beləcə, bizim gerçək həyatda da bənzər duyğuları yaşamaq ehtimalımızartır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG