Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:52

Karl May heç vaxt getmədiyi Vəhşi Qərb haqda silsilə romanları necə yazırdı...


Karl May öz yaratdığı "Qoca Shatterhand" obrazının geyimində. (1896)
Karl May öz yaratdığı "Qoca Shatterhand" obrazının geyimində. (1896)

Keçmiş Sovetlər İttifaqında kitabları heç çap olunmayan, ancaq gənc alman nəslinin sevimlisi yazıçısı Karl May'ın həyatı çoxlarına naməlumdur. O 14 uşaqlı ailədə dünyaya gəlmiş, oxumağa böyük marağı olsa da uşaqlıdan işləmək ehtiyacı keçirdiyi üçün təhsilini yarımçıq qoymuşdu. Özü xatirələrində deyir ki, yazıçılığa marağı uşaqlıqdan bəri fantaziyaları, xəyalları içində yaşadığı üçün yaranıb. Amma macəra ədəbiyyatına isə onu 14 yaşındaykən ABŞ-dan Almaniyaya qayıtmış bir uşağın danışdığı əhvalatlar cəlb edib.

Karl May 1907-ci ildə.
Karl May 1907-ci ildə.

Karl May kimi cinayətkar təbiətli bir adamın, keçdiyi çoxlu sınaqlardan sonra axırda yazıçı ola bilməsi böyük iradə tələb edir. O özü gizlətsə də 70 illik ömrünün təxminən 20 ilini həbsxanalarda keçirmişdi. Onun bütün həyatı boyu yazdığı kitabların sayı isə 70-ə qədərdir.

Buna da bax: Ayzek Azimov dayanmadan yaza bilmək üçün yazıçılara nə məsləhət görürdü...

Karl May (1842-1912) Almaniya tarixində ilk bestsellerlər müəllifidir, bu haqda alman kinoşünası və yazıçısı Michael Petzel kitabında yazır və onu “ən çox oxunan alman yazıçı” adlandırır.

Təəssüf ki, onun kitablarının nə qədər satıldığı dəqiq bilinmir, çünki May dünyada satılan kitabların statistikasının aparılmadığı bir dövrdə məşhur olub. Bundan əlavə yazıçının roman yaradıcılığı olduqca qəribə olub, onun romanları əvvəlcə qəzetlərdə və reklam broşürlərində çap olunub, yalnız bundan sonra kitab formasına salınıb.

Ancaq bütün bunlara baxmayaraq təxmini hesablamalara görə Karl May’ın dünyanın 40 dilinə tərcümə olunan kitabları da daxil olmaqla əsərləri indiyədək 200 milyon nüsxədən çox satılıb. Bu göstərici ilə yazıçı günümüzdə J.K. Rowling’in 450 milyon ədəd satılmış “Harry Potter” seriyasından kitabları ilə yarışır.

Əslində Karl May həyatının xeyli hissəsini həbsxanada keçirib. O kiçik və çox vaxt qəribə oğurluqlara görə həbs olunurdu, məsəlçün onun həbslərindən biri yanmış şam qalıqlarını oğurladığı üçün idi. O oğurluq və fırıldaqçılığa yoxsul uşaqlığında başlamış və çox vaxt o ehtiyac üzündən oğruluğa can atırdı. O peşəkar fırıldaqçı kimi pul, xəz və hətta bir dəfə beş bilyard topu da oğurlayıb. 1870-ci ildə May növbəti dəfə məhkəmə qarşısına çıxır və dörd illik həbsə məhkum edilir. Bu onun ən uzun müddətli həbsi idi və May bu həbsdən özü üçün xoşbəxt bir məqam tapır, belə ki, onu böyük həbsxana kitabxanası gözləyidi. Azadlıqda heç vaxt çoxlu kitab oxumaq şansı olmayan yazıçı burda öz araşdırmalarına başlaya bilərdi. Beləliklə May həbsxanadaca taleyini yazıçılığa bağlamağa qərar verir və bu qərar ona heç görünməmiş məşhurluq gətirir.

Karl Mayın 1893-cü ildə çap olunmuş "Vinnetu" kitabının üz qabığı.
Karl Mayın 1893-cü ildə çap olunmuş "Vinnetu" kitabının üz qabığı.

Karl May kitablarını yazmaqdan öncə hər şeyi təfərrüatıyla araşdırıb öyrənməyi sevirdi. “O coğrafiyadan bəhs edən kitablar, səfər qeydləri və macəra romanlarını acgözlüklə oxuyurdu” – deyə Karl Mayin bioqrafiyasını yazan Thomas Kramer öz kitabında qeyd edir. O Amerika hindualarının tarixini, mədəniyyətini əhatəli öyrənmiş hətta iki hindu sözü “Iltçi” və “Hatatitla”nı (Karl Mayın qəhramanları Vinnetu və Qoca Şatterhandın atları) “Cənub qərb və şimali Amerikada istifadə edilən iyirmi dil” adlı kitabından tapıb atlara ad vermişdi. Ancaq onun əsərlərini oxuyanlar inana bilmir ki, Karl May bu əsərlri yazarkən nə Amerikaya gedib, nə hindu görüb, nə də kovboyların həyatını müşahidə etmişdi. O bütün yazdıqlarını beynində hazırlayır, beynində Amerika boyu səyahətə çıxırdı.

May yazıçılığa başlayandan sonra onu tanımayanlara özünü səyyah kimi təqdim edirdi və növbəti dəfə həbsxanaya düşüb çıxanda tanışlarına növbəti ekzotik səyahətinə çıxdığı haqda danışırdı. Ətrafdakı insanlarsa onun haqda yayılan bu mifi daha da geniş çevrələrə ötürürdü. Məsəlçün, o dövrdə Almaniyada çıxan "Deutscher Hausschatz in Wort und Bild" dərgisinin redaktoru 1880-ci ildə yazırdı ki, "Karl May əsərlərində təsvir etdiyi macəraların yaşandığı bütün ölkələri gəzib".

Yazıçının bu yalanı 1875-ci ildə Vinnetu haqda ilk əsəri yazanda da heç kimə məlum deyildi və sonra da beləcə davam etmiş, ümumilikdə 1890 larda May'ın kitablarının ən məşhur olduğu illərə qədər müəllif Almaniyanın sərhəddlərindən kənara çıxmamışdı. Ancaq bir az gec də olsa, ömrünün sonlarına yaxın yazıçı kitablarında təsvir etdiyi yerləri görmək üçün iki dəfə uzun sürən səyahətə çıxır.

1899-cü ildə o Yaxın Şərqə, 1908-ci ildə isə ABŞ-a yola düşür. Düzdür o Vinnetunun macəraları ilə başlayıb, qoca Sahtterhandın macəraları ilə bitən seriya romanlarında hadisələrin cərəyan etdiyi Vəhşi Qərbi görə bilmir, sağlamlığında yaranan problemlər üzündən səfərini Niagara şəlaləsində sona çatdırır.

Karl May'ın alman mədəniyyətinə böyük təsiri şübhəsizdir, təsdiq olunmamış məlumatlara görə faşist lideri Adolf Hitler də Karl May'ın kitablarını sevirmiş, bu haqda 1933-cü ildə onun evindən reportaj hazırlayan jurnalist qeyd edirdi. "Onun kitab rəflərinin bir tərəfində siyasi və elmi ədəbiyyat, alman itinə qulluq etmək üçün kitablar var idi, digər tərəf isə başdan başa Karl May'ın Vinnetu, Qoca Shatterhand, Shut kimi qəhramanları haqda kitabları ilə dolu idi". Hətta deyilənə görə Sovet İttifaqında Karl May'a olan ögey münasibət məhz Hitlerin bu yazıçıya sevgisindən qaynaqlanırmış.

Buna da bax: Thomas Mann: 'Əgər alman ziyalıları hamılıqla faşizm biabırçılığına qarşı çıxsaydı'

Karl Mayın romanı əsasında çəkilmiş "Gümüş dənizdə xəzinə" filmindən bir kadr.
Karl Mayın romanı əsasında çəkilmiş "Gümüş dənizdə xəzinə" filmindən bir kadr.

Alman yazıçıları Herman Hesse də, Hans Fallada da, nobel mükafatı laureatları Heinrich BöllBertha von Suttner də Karl May yaradıcılığının heyranlarıydı. Hətta alman yazıçısı Karl Zuckermayer öz qızını May'ın qəhramanının şərəfinə Maria Vinnetu adlandırmışdı.

Karl Mayın müasir dövrdə tanınmağa başlaması isə1960-cı illərdən başlayaraq Almaniya və Serbiyanın birgə onun kitabları əsasında çoxseriyalı filmlər çəkməsi ilə başamışdı. Avropalılar arasında Vəhşi Qərb haqda filmlərin məşhurluğunun isə məhz Karl May'ın əsərləri əsasında çəkilmiş filmlərdən gəldiyi deyilir.

(Məqalədə Karl May haqda alman yazarı Michael Pettelin "Karl May -Filmbildgeschichten" və Thomas Kramerin "Karl May" kitablarından istifadə olunub).

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG