Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Mart, çərşənbə axşamı, Bakı vaxtı 21:16

Qiyas İbrahimov: 'Məni oturmağa yeri olmayan, çirkab yerə saldılar'


Q.İbrahimov

Mərhum prezident Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək!» şüarı yazandan bir gün sonra narkotik ittihamıyla həbs olunan Qiyas İbrahimov cəzaçəkmə müəssisəsində ona dolayısıyla kitab oxumaq qadağası qoyulduğunu bildirir. Gənc fəalın anası Şura Əmiraslanova Facebook-da oğlunun məktubunu paylaşıb.

«Kitab oxumağıma imkan vermədilər»

Q.İbrahimov bildirir ki, cəzaçəkmə müəssisəsində yataq rejimi vaxtı yataqxanalarda zəif işıqlı gecə lampası yandırmasına qadağa yoxdur. Dediyinə görə, o da saxlandığı 2 Saylı Cəzaçəkmə Müəssisəsində lampa işığında kitab oxuyurdu və buna görə cəzalandırılıb:

«Heç bir qeyddə «Bu işıqda kitab oxumaq olmaz» yazıldığını görməmişəm. Belə bir qadağa yoxdur. Ancaq kitab oxuduğum bir vaxtda gecə yoxlamasına gələn Mehman və Rəşad adlı nəzarətçilər mənə kitab oxumamağı, yatmağı əmr edib, adımı qeyd elədilər. Növbəti səhər yoxlamasında isə həmin nəzarətçilər rəis müavini Şakir Qəniyevə məruzə edib, mənim onlara tabe olmadığımı bildirdilər. Rəis müavini də heç bir əsas gətirmədən, digər məhbusların yatmasına, yatma rejiminə mane olduğumu söyləyib, məni 9 saatlıq müvəqqəti karsa göndərdi. Ora isə heç oturmağa yeri olmayan, çirkab içində bir kameradır».

«Xırda bəhanələrlə rüşvət alınır»

Q.İbrahimovun dediyinə görə, o, rəis müavinindən də gecə öz yatağında kitab oxumasına qadağa qoyulmasının səbəbini soruşub, ancaq əsaslı cavab ala bilməyib. Gənc fəal iddia edir ki, belə müdaxilələr nəzarətçilərin məhbuslardan rüşvət qopartmaq məqsədilə atdıqları addımlardır: «Ən xırda bəhanələrlə məhbuslardan rüşvət tələb edilir. Rəis müavini deyir ki, müəssisənin yaxşı kitabxanası var. Halbuki, ora günün cəmi iki saatını açıq ola, ya olmaya. Burada həbsxana rəhbərliyinin vəhşi biznes maraqlarını təmin etməyən obyekt kimi kitabxananın açıq olmasına ehtiyac da görmürlər».

M.Sadıqov
M.Sadıqov

Penitensiar Xidmət: «Absurd iddiadır»

Ancaq Penitensiar Xidmət Q.İbrahimovun həm kitab oxumağa qadağa, həm də cəzaçəkmə müəssisəsində rüşvət hallarıyla bağlı dediklərini təkzib edir. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna deyib ki, hansısa məhkumun kitab oxumasına qadağa qoyulması absurd iddiadır: «Həm dövlət vəsaiti hesabına, həm də əməkdaşlıq etdiyimiz qeyri-hökumət təşkilatlarının köməyi ilə cəzaçəkmə müəssisəsindəki kitabxana fondu ildə bir neçə dəfə zənginləşdirilir. 2 Saylı Cəzaçəkmə Müəssisəsində də kifayət qədər zəngin kitabxana var. Həm bədii, həm xüsusi ədəbiyyat, latın və kiril əlifbasıyla, hətta ingilis və rus dillərində də kitablar yetərincədir. Müəssisə rəhbərləri də çalışırlar ki, məhkumlar daim mütaliə ilə məşğul olsunlar, daxili aləmlərini zənginləşdirsinlər. Bu, qətiyyən həqiqətəuyğun olmayan məsələdir».

Cəzaçəkmə müəssisəsində müxtəlif bəhanələrlə rüşvət alınması hallarına gəlincə, M.Sadıqov deyir ki, Q.İbrahimovun özündən və ya ailə üzvlərindən orada kimsə rüşvət alıbsa, konkret ərizə yazsın, məsələ araşdırılsın: «Araşdıraq, həmin əməkdaş barədə də lazımi tədbir görülsün. Yox, özü kiməsə pul vermədiyi halda yalan niyə danışır ki, rüşvət alınır?».

Xatırlatma

Q.İbrahimov digər gənc fəal Bayram Məmmədovla birlikdə 2016-cı il mayın 10-da Heydər Əliyevin heykəlinə şüar yazdıqdan bir gün sonra həbs olunub. Onların hər ikisi qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər.

Apellyasiya məhkəməsi və Ali Məhkəmə də bu cəzanı qüvvədə saxlayıb.

Sonradan Q.İbrahimov və atası Həsən İbrahimov haqqında yeni cinayət işi başlanıb. Onlar Cinayət Məcəlləsinin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə ittiham olunublar. Cinayət işi Bakı Apellyasiya Məhkəməsində Q.İbrahimovun işinə baxmış hakim V.Məmmədovun şikayəti əsasında başlanıb. Məhkəmədə hakim Q.İbrahimovun sözünü kəsəndə, atası əsəbiləşərək «balalarınızdan görəsiz...» deyib. Bu, hakimə hörmətsizlik kimi qəbul edilib.

Bu ittihamla Q.İbrahimovun cəzası daha üç ay artırılıb, atası isə aylıq qazancından 20 faiz tutulmaqla, 1 il 6 ay islah işlərinə məhkum edilib.

Q.İbrahimov və B.Məmmədov narkotik ittihamı üzrə özlərini təqsirli bilməyiblər. Məhkəmədə də deyiblər ki, keçmiş prezident, hazırkı dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs ediliblər.

«Amnesty International» təşkilatı Q.İbrahimov və B.Məmmədovu vicdan məhbusu elan edib. Təşkilat hesab edir ki, gənclərə narkotik ittihamı saxtalaşdırılıb.

Ancaq hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edirlər.

XS
SM
MD
LG