Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:46

45 dərəcə istidə həbsxanada yatmaq...


Azərbaycanda həbsxana, arxiv foto
Azərbaycanda həbsxana, arxiv foto

(AzadlıqRadiosu qızmar yayda həbsxana həyatı yaşayanların durumunu araşdırıb )

Havaların həddindən artıq isti keçməsi həm də həbs yerlərində saxlanılanların durumunu gündəmə gətirib. Həbsdə olan bir sıra ictimai-siyasi fəalın yaxınları qızmaq yay günlərində onların su problemi ilə üzləşməsindən, məhkumların sərinləşdirici vasitələrlə (kondisioner, ventilyator) təmin olunmamasından gileylənir.

“QAZ YOX, İŞIQ YOX, SOYUDUCU İŞLƏMİR, VENTİLYASİYA SIRADAN ÇIXIB...”

Keçmiş prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazandan sonra narkotik ittihamıyla 10 il həbs cəzası alan Qiyas İbrahimovun anası Şura Əmiraslanova oğlunun ağır şəraitdə saxlandığını deyir: ​“2 saylı cəzaçəkmə müəssisəsindən Qiyas zəng vurmuşdu. Həbsxanadakı acınacaqlı vəziyyətdən danışdı. Bir yandan yayın istisi, bir yandan da müəssisənin problemləri - qaz yox, işıq yox, soyuducu işləmir, ventilyasiya sistemi sıradan çıxıb. Bunların hamısını məhbus etməlidi, bəs müəssisənin rəhbərliyi nə işə baxır?”.

Qiyas İbrahimov
Qiyas İbrahimov

“OD TUTUB YANAN KAMERALAR, ƏLLƏRİ QANDALLI GÜNÜN ALTINDA SAXLANILANLAR, SUSUZLUQ VƏ APARILAN AZUQƏ ÜÇÜN PUL TƏLƏBİ”

Qobustanda qapalı həbsxana rejimində saxlanılan məhbusların yaxınları da narazıdır. Həmin həbsxanada məhkumlar kamera şəraitində saxlanılır:

“Kameralar od tutub yanır, ventilyator da yoxdur. Biz apardığımız çantanı da götürməkdən ötrü xeyli pul istəyirlər. Rəis bəzən məhkumları saatlarla əlləri qandallı vəziyyətdə günün altında saxlatdırır. Qobustan həbsxanasında məhkumlar tez-tez su problemi ilə üzləşirlər. Orada sanitar qovşaq kameranın içindədir deyə, yayda susuzluq şəraitində kameradakı vəziyyəti təsəvvür etmək çətin deyil”, - həbsxanada saxlanılan məhkumlardan birinin ailəsindən AzadlıqRadiosu-na bildirilib.

PENİTİNSİAR XİDMƏT: “ABSURDDUR!”

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə həbs yerlərində insanların dözülməz şəraitdə saxlanması haqda iddialarla razılaşmır:

Mehman Sadıqov
Mehman Sadıqov

“Bizim bütün müəssisələrimizdə əsaslı təmir-tikinti, abadlıq işləri aparılır. Məhkumların saxlanma şəraiti ilə bağlı problem yoxdur. Havaların isti keçməsi ilə əlaqədar həm istintaq təcridxanalarında, kameralarda, həm də cəzaçəkmə müəssisələrində yataqxana şəraitində saxlanılanlar ventilyatorla təmin olunub”, - Mehman Sadıqov AzadlıqRadiosu-na bildirib.

“ BİR NEÇƏ BÖYÜK SU ANBARI VAR”

Penitensiar Xidmətin rəsmisi cəzaçəkmə müəssisələrində məhkumların günlərlə susuz qalması, soyuducuların işləməməsi barədə şikayətləri də əsassız sayır. Onun fikrincə, hansısa müəssisəyə gələn xətdə su kəsilə bilər, amma bu cür hallardan ötrü də orada bir neçə böyük su anbarı var:

“Hətta xətdə su olmasa belə, çoxtonluq su anbarları bir neçə gün ərzində məhkumların istər içməli, istərsə də yuyunmaq məqsədilə su ilə təmin olunmasına imkan verir. Hər müəssisədə yüzlərlə insan saxlanılır, yayda o qədər adamın günlərlə susuz qalması mümkün deyil axı... Eləcə də soyuducuların işləməməsi haqda deyilənlər doğru deyil. Məhkumlar gündə üç dəfə qidalanır. Soyuducular işləməsə, yeməklərin hazırlandığı ərzaqlar harada saxlanılar? Absurddur”.

“QOBUSTAN HƏBSXANASINDA 4 KATEQORİYADAN MƏHKUMLAR SAXLANILIR”

Qobustanda həbsxanasından şikayətlərə gəldikdə, M. Sadıqov bildirir ki, orada 4 kateqoriyadan məhkumlar saxlanılır – ömürlük azadlıqdan məhrum edilənlər, xüsusilə ağır cinayətlərə görə cəzasının bir hissəsini həbsxana rejimində çəkməli olanlar, cəzaçəkmə müəssisələrində rejim qaydalarını dəfələrlə pozduğuna görə məhkəmə qərarıyla həbsxana rejiminə keçirilənlər və təsərrüfat briqadasında saxlanılanlar:

“Təsərrüfat briqadasında olanlar istisna olmaqla, digər məhkumlar kamera şəraitində saxlanılır. Onlar həbsxana rejimi üçün müəyyənləşdirilmiş daxili intizam qaydalarına uyğun saxlanılır. Buna uyğun olaraq, hüquqları da təmin olunur”.

BEYNƏLXALQ NORMALAR DEYİR Kİ...

Rəsul Cəfərov, arxiv foto
Rəsul Cəfərov, arxiv foto

İnsan Haqları Klubunun rəhbəri, özü 2014 və 2015-ci illərin qızmar yay günlərində həbsdə olmuş Rəsul Cəfərov deyir ki, o zaman da istər istintaq təcridxanasında, istərsə də cəzaçəkmə müəssisəsində sərinlik çox ciddi problem idi:

“İstintaq təcridxanasındakı kameralarda, hətta ventilyator da yox idi. Hava ancaq kameraya bitişik gəzinti yerlərindən gələ bilərdi. Temperatur qalxanda, oradan qaynar hava gəlirdi deyə, dustaqlar o tərəfdən uzaq gəzirdilər. 2014-cü ilin isti avqust günlərini bu vəziyyətdə keçirdim. 2015-ci ilin yayında da Kürdəxanı təcridxanasında kamerada idim, avqustda cəzaçəkmə müəssisəsinə köçürüldüm. 2015-ci ildə dustaq yoldaşlarımdan biri kameraya ventilyator gətirilməsinə icazə ala bilmişdi. Hərçənd, 8 nəfərlik kamera üçün bir ventilyator çox azdır. Eyni vəziyyət cəzaçəkmə müəssisələrində də hökm sürürdü. “Barak”larda isti havalarda sərinliyi təmin edəcək heç bir vasitə yox idi”.

“QOBUSTAN HƏBSXANASI, QIZILDAŞDAKI 12, 13 VƏ 14 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNDƏ SU PROBLEMİ OLUB”

R. Cəfərov bildirir ki, özü həbsdə olarkən su problemiylə üzləşməyib – nə istintaq təcridxanasında, nə də 10 saylı cəzaçəkmə müəssisəsində. Amma məhbəs həyatı yaşamış başqa fəallardan bu problem haqda eşidib. Hüquq müdafiəçisinin sözlərinə görə, özəlliklə Qobustan həbsxanası və Qızıldaş qəsəbəsində yerləşən 12,13 və 14 saylı cəzaçəkmə müəssisələrində su ilə bağlı şikayətlər gəlir.

“MƏHBUSU QƏSDƏN ÇOX İSTİDƏ VƏ ÇOX SOYUQDA SAXLAMAQ QANUNA ZİDDİR”

“Törətdiyi cinayətin növündən, cəza müddətindən asılı olmayaraq, hər bir məhkuma insanın yaşaması üçün normal şərait yaradılmalıdır. Cəzaçəkmə müəssisəsində tətbiq olunmalı məhdudiyyətlər Cəzaların İcrası Məcəlləsi ilə tənzimlənir. Məsələn, ərzağın çəkisi, görüşlərin sayı və s. Amma hansısa məhbusu məqsədli şəkildə çox istidə, yaxud çox soyuqda saxlamaq kimi hallar qanunsuzluqdur. Məhkum həm yuyunmalı, həm də içməli su ilə təmin olunmalıdır. İsti və soyuq havalarda şəraitin normal olması üçün tədbirlər görülməlidir. Bunu qanun, beynəlxalq normalar deyir”, - hüquq müdafiəçisi bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG