İsrail noyabrın 7-də quru qüvvələrinin Qəzza zolağının ən böyük şəhərində HƏMAS döyüşçüləri ilə savaşdığını açıqlayıb. "The Associated Press" (AP) bunun bir aydır gedən münaqişədə böyük bir yeni mərhələ olduğunu yazır. İsrail liderləri müharibədən sonra anklavın təhlükəsizliyinə nəzarətdən danışırlar.
Qəzza şəhərində döyüşlər onsuz da yüksək ölü sayının daha da artacağı deməkdir. İsrailin baş naziri Binyamin Netanyahunun Qəzzanın təhlükəsizliyinə qeyri-müəyyən müddətə nəzarətlə bağlı dedikləri isə bu müharibənin sonunun da qeyri-müəyyən olacağı deməkdir. İsrail münaqişənin uzun və çətin olacağını bildirib.
HƏMAS İsrailin dediyini təkzib edir
İsrailin quru qüvvələri bir həftədən çoxdur Qəzzada fələstinli döyüşçülərlə savaşır, ərazini ikiyə bölərək Qəzza şəhərini mühasirəyə alıb. Ordunun baş sözçüsü Daniel Haqari deyib ki, "İsrailin quru qüvvələri hazırda Qəzza şəhərinin dərinliklərində quru əməliyyatı aparır, HƏMAS-ı böyük təzyiq altında saxlayırlar".
HƏMAS-ın sözçüsü isə İsrailin hər hansı əhəmiyyətli hərbi uğur qazandığını, yaxud Qəzza şəhərinin içərilərinə girdiyini təkzib edib. Qazi Həmad fələstinlilərin işğalı bitirənədək İsrailə qarşı döyüşəcəyini bildirib.
AP tərəflərin iddialarını təsdiqlədə bilmədiyini yazır.
İsraillilər HƏMAS-ın təcavüzü nəticəsində öldürülmüş min 400 nəfərin 30-cu gün mərasimini keçirib. HƏMAS-ın girov götürdüyü 240 nəfər hələ də Qəzzada saxlanır. Girovların yüzlərlə ailə üzvləri Yerusəlimdə Qərb Divarı qarşısına yığışaraq əzizlərinin buraxılmasına çağırıb.
Qəzza və Livanla sərhədə yaxın yaşayan azı 250 min israilli isə evlərini tərk etməli olub, çünki İsrail davamlı raket atəşinə tutulurdu.
Qəzzada humanitar vəziyyət
HƏMAS-ın hücumundan sonra İsrail Qəzzanı bombardman edir, azı 10 min 300 fələstinlinin öldürüldüyü, onlardan 2/3-sinin qadınlar və azyaşlılar olduğu bildirilir. Raket zərbələrinin səbəb olduğu dağıntılar altında azı 2 min 300 nəfərin qaldığı xəbər verilir.
Qəzzanın 2.3 milyonluq əhalisinin 70 faizə yaxını evlərini tərk etməli olub, çoxu BMT-nin idarə etdiyi, əvvəl məktəb olmuş sığınacaqlara yerləşib. Qəzza sakinləri yardımlar, özlərinin ərzaq tədarükünün ümidinə qalıblar.
Yüz minlərlə insan İsrailin xəbərdarlığına tabe olaraq Qəzzanın cənub hissəsinə yollanıb. Ancaq cənub ərazilər də bombardman olunur.
AP-nin jurnalisti noyabrın 7-də Xan Yunis şəhərində İsrailin hava zərbəsindən bir neçə evin dağıldığını, üçü uşaq olmaqla beş cəsədin dağıntılar altından çıxarıldığını yazır.
İsrail HƏMAS-ı məhv edəcəyini bildirir.