Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 09:37

Sentyabrın 21-də Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu ildə tətbiqi nəzərdə tutulan tam orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli barədə məlumat yayıb.

Məlumatda bildirilirdi ki, 2009-cu ildən ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulum), yeni qiymətləndirmə vasitələri tətbiq olunur. İki il sonra orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında yeni təhsil standartları əsasında tərtib olunmuş qiymətləndirmə vasitələrindən istifadə olunacaq. Həmin qiymətləndirmə vasitələri ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında da tətbiq ediləcək.

Yeni modelə gəlincə, ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə qəbul imtahanlarında fənlərinin sayı isə 5-dən 3-ə endiriləcək.

11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri isə ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq. Abituriyentlər buraxılış və qəbul imtahanlarının birgə nəticəsinə əsasən, ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

Təhsil üzrə ekspert Nadir İsrafilov AzadliqRadiosuna bildirib ki, bu açıqlamanı heç də hamı birmənalı qarşılamayıb. Ancaq o bunu təbii sayır:

“ Hesab edirəm ki, DİM sədri Məleykə Abbasadə son açıqlamasında yığcam şəkildə olsa da, məsələyəmüəyyən aydınlıq gətirib. Yəni 2019-cu ildə də buraxılış imtahanlarında fənlər bu ilki buraxılış imtahanındakı fənlər olacaq. Buraxılış imtahanının formatı necə olubsa, yenə həmin formatda nəzərdə tutulub.

Məleykə Abbaszadə
Məleykə Abbaszadə

O ki qaldı qəbul imtahanlarına, bu bir qədər fərqlidir. İndiyədək qəbul imtahanlarında eyni balı toplayan uşaqlar bir yerdə müsabiqədə iştirak edirdilərsə, ikinci mərhələdə ikinci kriteriya kimi attestat balı nəzərə alınırdı. Yeni modelə əsasən isə nəzərdə tutulur ki, buraxılış imtahanında şagirdlərin topladığı nəticələr həmin ilin qəbul imtahanlarında topladıqları nəticələrin üstünə gəlsin, ümumi nəticə əldə olunsun. Misal üçün, buraxılış imtahanında 300 bal toplayıbsa, o bal qəbul imtahanında topladığı nəticənin üstünə gəlir. Beləliklə, ümumi balla müsabiqə keçirilir. Abituriyentlərə qəbul imtahanlarında beş fənn üç saat ərzində təqdim olunurdu. 2019-cu ildə qəbul imtahanında hər qrup üzrə üç fənn təqdim olunacaq. Təbii ki, orda yalnız qapalı testlər yox, yeni növ tapşırıqlar da əksini tapacaq. Yeni növ tapşırıqlar o deməkdir ki, onların cavabı olmayacaq. Abituriyent o cavabı özü yazmalıdır. Göründüyü kimi imtahan prosesinə belə bir yanaşmada nəsə bir mürəkkəblik və ya hansısa bir mənfi təzahür axtarmağa lüzüm yoxdur. Əksinə, belə bir yanaşma prosesin daha da sadələşməsinə və obyektivliyinə xidmət edə bilər. Bu vaxta qədər mövcud olan buraxılış və qəbul imtahanlarının nəticələrinin proporsional bölgüsündəki ziddiyyətləri aradan qaldırar. Bu prosesdə məzunların hazırlığı istiqamətində qabaqlayıcı tədbirlərin də görülməsini nəzərə alsaq ümid etmək olar ki, bu istiqamətdə elə də narahatedici məqamlar üzə çıxmayacaq”.

Buna da bax: Azərbaycan universitetlərinin dünyadakı reytinqi nə qədərdi? [video]

Nadir İsrafilov deyib ki, bu təcrübə dünyanın bir sıra ölkələrində, o cümlədən, qonşu Rusiyada beş ildən artıqdır uğurla tətbiq olunur.

Ekspertin fikrincə, əvvəlkinə nisbətən daha optimal və məqbul hesab ediləcək bu medelə keçilməsində Azərbaycan, hələ müəyyən qədər ləngiyib:

“Belə bir modeli tətbiq etmək və təkmilləşdirməklə yaxın gələcəkdə məzunlarımızın fiziki, psixoloji yükünüazaltmaqla təkpilləli vahid imtahan sisteminə keçidə zəmin yarada bilərik. Əlbəttə, tam dəqiqləşdirilməyə ehtiyacı olan müəyyən məqamlar da var. Bunlarla əlaqədar növbəti həftə üçün vəd edilmş geniş açıqlamadan sonra daha konkret fikir söyləmək olar. Bununla belə ilk nəticəyə gəldiyim fikir bundan ibarətdir ki, əvvəlki format ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir”.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçmiş sədri Vurğun Əyyub isə deyib ki, yenilik, hələ tam aydın deyil:

“3 imtahan orta məktəblərin buraxılış siniflərinə aiddir, yoxsa tələbə qəbuluna? Biz 1992-ci ildə test imtahanları sistemini tətbiq edəndə ikimərhələli olmasını düşünürdük. Birinci mərhələdə orta məktəbin buraxılış imtahanlarında elə qaydalar tətbiq edək ki, müəyyən bal həddini keçən abituriyentlərin ali məktəbə sənəd vermək hüququ və imkanı olsun. Ondan aşağı bal toplayanlar isə yalnız orta məktəbi bitirmək haqda sənəd alırlar, ancaq ali məktəbə sənəd verə bilmirlər. Orta məktəbdə şagirdlər hansısa fənlər üzrə ixtisaslaşırlar, başqa fənləri oxumurlar. Ancaq biz buraxılış imtahanında 8 əsas fəndən imtahan götürsək, onda orta məktəb şagirdi fənlərin hamısını müəyyən səviyyədə bilməyə məcburdur. Ali məktəbdə təhsil almaq istəyirsə, o müəyyən edilmiş səviyyəni keçməlidir. Sonra isə konkret ixtisaslar üzrə tələb edilən fənlərdən imtahan versinlər. İndiyə qədər bu edilməyib. Mən anlaya bilmirəm ki, mərkəz qəbul imtahanları ilə buraxılış imtahanlarını birləşdirir, yoxsa hansı addımı atır?”.

Vurğun Əyyub
Vurğun Əyyub

V.Əyyub hesab edir ki, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ictimaiyyətə əhatəli açıqlama verməlidir. Onun fikrincə, təhsil ekspertlərinin, orta və ali məktəb müəllimlərinin geniş müzakirəsindən sonra bu istiqamətdə addımlar atmaq olar.

Buna da bax: Nazir müavini: 'Test imtahanları ləğv edilmir'

Xatırlatma

Azərbaycanda 1992-ci ildən qəbulda test üsuluna keçilib.

Mərhum prezident Əbülfəz Elçibəyin səyi ilə tətbiq edilən bu sistemin qəbulda rüşvətxorluğa ağır zərbə olduğu bildirilir.Bəzi ekspertlər yeni modelin yenidən rüşvətə yol açaçağından narahatdırlar.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG