Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:37

ABŞ kəşfiyyatının proqnozu 'şişirdilib'


İ.Əliyev hərbi təlimləri izləyir.
İ.Əliyev hərbi təlimləri izləyir.

«2018-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda perspektiv olmadığı halda böyük ehtimalla hərbi münaqişənin alovlana biləcəyini düşünürəm. Bu risk çox böyükdür. Hər halda, iki ordu qarşı-qarşıya durub. Bu baxımdan ABŞ Milli Kəşfiyyatının dedikləri real görünür», - deputat Rasim Musabəyov ABŞ-ın Milli Kəşfiyyat direktoru Daniel Koutsun «Dünyada Təhlükənin Dəyərləndirilməsi» adlı yeni hesabatında Dağlıq Qarabağa dair söylədiklərini şərh edərkən belə deyir.

***Buna da bax-ABŞ kəşfiyyatı bu il Dağlıq Qarabağ münaqişəsini necə görür

Hesabatda bildirilir ki, mübahisəli Dağlıq Qarabağ regionu ətrafında gərginlik Ermənistanla Azərbaycan arasında irimiqyaslı hərbi münaqişəyə çevrilə bilər. Regiondakı müttəfiqini müdafiə etmək üçün Rusiyanın da münaqişəyə tərəf kimi cəlb olunması mümkündür. Tərəflərin heç birinin güzəştə meyllənməməsi, ölkə daxilindəki təzyiqlər, Azərbaycanın sürətlə modernləşməsi, eləcə də Ermənistanın Rusiyadan yeni hərbi texnika alması 2018-ci ildə irimiqyaslı münaqişə riskinin qalmasına xidmət edəcək.

«Uzağı yayda...»

Yeri gəlmişkən, Azərbaycanda növbədənkənar prezident seçkisindən sonra hakimiyyətin Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə addımlar atacağı barədə ehtimallar səslənsə də, Azərbaycan politoloqların bir çoxu buna ciddi yanaşmır. Elə bugünlərdə keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov AzadlıqRadiosuna demişdi ki, ortada münaqişənin çözümünə dair yeni plan yoxdur. Amma o da hərbi münaqişənin alovlanmasını istisna etməmişdi.

R.Musabəyov
R.Musabəyov

Deputat R.Musabəyovun fikrincə, prezident seçkisinin irəli çəkilməsi «apreldə Ermənistanda seçkidir, sonra yay tətilidir, sonra Azərbaycanda seçkilərdir» kimi bəhanələrə son qoyur:

«Yəni bu şəkildə davam edərsə, münaqişənin həlli baxımından 2018-ci il də itirilə bilər. Ancaq seçkilərin hər iki ölkədə apreldə başa çatması, hökumətlərin formalaşması müəyyən mənada bu bəhanələri aradan qaldırır. Ciddi danışıqlar olmadığı halda cəbhə xəttində, uzağı, yayda gərginlik xeyli arta bilər».

***Buna da bax-Qəfil prezident seçkisi keçirməkdə məqsəd nədir [versiyalar]

R.Musabəyov hərbi əməliyyatların başlanacağı hala da toxunur: «Sabah gərginlik artarsa, Ermənistan öz ərazisindən Azərbaycana qarşı hansısa silahlardan istifadə etməyə başlarsa və Azərbaycan da buna cavab zərbəsi endirməli olarsa, Rusiyanın da bu proseslərə müdaxilə etmək imkanları yaranacaq. Düşünürəm ki, bu durumda Türkiyə də kənarda dura bilməyəcək. Bu halda münaqişə daha da yayıla, genişlənə bilər. Bu, heç kəsə lazım deyil və bunun riskləri çox böyükdür. Bunun hər vəchlə qarşısı alınmalıdır. ABŞ Milli Kəşfiyyatı da bu barədə danışmaqla məhz belə risklərə diqqət çəkir».

Deputatın qənaətincə, müharibə risklərinin artması bu prosesə təkan vermək iqtidarında olan istər daxili, istərsə xarici qüvvələri hərəkətə gətirməlidir, çünki münaqişəni dondurulmuş şəkildə əbədi saxlamaq mümkün deyil.

Ə.Həsənov
Ə.Həsənov

«Şişirdilmiş proqnozdur»

Politoloq Əvəz Həsənov ABŞ Milli Kəşfiyyat rəhbərinin proqnozları ilə razılaşmır. Onun qənaətincə, hərbi əməliyyatların başlanma ehtimalı «şişirdilib».

Politoloq deyir ki, doğrudur, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən bədbin proqnozu vermək mümkündür, çünki onunla əlaqədar pozitiv proqnoz vermək dövrü ötüb. O, indiki reallığı belə görür ki, Azərbaycan güclənib torpaqlarını geri qaytarmaq, Ermənistansa Avropaya inteqrasiya etmək istəyir. Politoloqa görə, inteqrasiya dövründə Ermənistanın «köhnə yükü» özü ilə daşıması bir qədər çətindir:

***Buna da bax-Sarkisyan keçmiş baş nazirin prezidentliyə namizədliyini verir

«Avropaya üz tutan ölkənin Avropa Birliyi ölkələrinə üzv və ya onunla əməkdaşlıq edən ölkələrdən hər hansı birinin torpaqlarını işğal altında saxlaması mümkün deyil. Buna görə də mənə elə gəlir ki, Azərbaycanla Ermənistan arasında müəyyən razılaşmaların əldə edilməsi mümkündür. Son vaxtlar «intensiv», «substantiv» danışıqların bərpası barədə bəyanatlar verilir. Bu baxımdan inanıram ki, müəyyən razılaşmalar mümkündür, proses gedir. Ancaq 2018-ci ildə Dağlıq Qarabağda hərbi əməliyyatların başlanması barədə proqnoz, məncə, şişirdilib».

«Azərbaycanlılara ləzzət edir»

Ə.Həsənovun fikrincə, belə ehtimallar həm Ermənistan, həm də Azərbaycan rəhbərliyinin ürəyincədir.

«Təsəvvür edin ki, Ermənistanda seçkilər keçiriləcək, Serj Sarkisyan hakimiyyətdə qalmalıdır. Onu hakimiyyətdə saxlamaq üçün Ermənistanın bütün millətçi qrupları birləşib. İndiki prezident onların gözündə bir növ Qarabağın təcəssümüdür, milli əhval-ruhiyyəni qoruyub saxlayacaq simvola çevrilib. Ermənilər anlayırlar ki, Rusiya namizədinin qalib gəlməsindənsə, Sarkisyan qalsa yaxşıdır. O səbəbdən belə şəraitdə bu il hərbi əməliyyatların keçirilməsi şayiəsi ermənilərə sərf edir, xüsusən millətçilərə. Eyni zamanda bu şayiələr azərbaycanlılara da ləzzət edir. Azərbaycanlı da düşünür ki, onun torpaqları geri qaytarmaq arzusu reallaşa bilər».

Politoloqun fikrincə, əslində, bu proqnozun haradan götürüldüyünü, arxasında nələrin dayandığını heç kim bilmir. O hesab edir ki, Amerika kəşfiyyat qurumlarının seçkilərə dair «bataqlığa düşməsindən, yanlış proqnozlar verməsindən» sonra həmin proqnoza inanmağa da əsas yoxdur:

«Bu, bir konsepsiyanın tərkib hissəsi də ola bilər. Azərbaycanlılar bundan xoşhallanır, ermənilər də millətçi Sarkisyanı hakimiyyətdə saxlaya bilirlər. Seçkilər ərəfəsində təzyiq mexanizmi işə düşür. Məncə, ssenari budur».

Qarabağ münaqişəsi 1988-ci ildə başlanıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasınadək Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG