Keçid linkləri

2026, 22 Yanvar, Cümə axşamı, Bakı vaxtı 18:10

Davosda Sülh Şurasının imzalanma mərasimi keçirilib


Prezident Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunun illik toplantısı zamanı Sülh Şurasının təsis nizamnaməsini imzalayır.
Prezident Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunun illik toplantısı zamanı Sülh Şurasının təsis nizamnaməsini imzalayır.

ABŞ prezidenti Donald Tramp yanvarın 22-də Davosda Sülh Şurasını yaratdığını açıqlayıb. O, şuranın BMT ilə birlikdə işləyəcəyini bildirib.

"Bu şura tam qurulandan sonra, demək olar, istədiyimiz hər şeyi edə bilərik. Bunu BMT ilə birgə edəcəyik", – deyən Tramp əlavə edib ki, BMT-nin böyük potensialı var, amma hələ tam istifadə olunmayıb.

Tramp şuranın sədri olacaq, bir neçə dünya liderini də dəvət edib. Onun sözlərinə görə, qurumun yalnız Qəzza ilə bağlı deyil, daha geniş problemlərlə məşğul olmasını istəyir. Bu isə BMT-nin münaqişələrin həlli üçün əsas platforma kimi rolunu zəiflədə biləcəyi sarıdan narahatlıq doğurub.

"Reuters" yazır ki, imzalanma mərasimi keçirilən otaqda təsisçi üzvlər kimi təqdim olunan ölkələrin təmsilçiləri olub. Amma İsrail, yaxud Fələstin Muxtariyyətindən, dünyanın böyük güclərindən rəsmi gözə dəyməyib.

Azərbaycan da Sülh Şurasına təsisçi üzv kimi qoşulduğunu açıqlayıb.

Şuraya ABŞ-dən başqa BMT Təhlükəsizlik Şurasının heç bir daimi üzvü hələlik qoşulmayıb.

Agentlik şuraya qoşulanlar arasında çox az sayda demokratik ölkə olduğunu vurğulayır. Amma liderləri Trampın yaxın müttəfiqləri olan İsrail və Macarıstan da qoşulacağını bildirib.

Vladimir Putin
Vladimir Putin

Putin deyir, Sülh Şurasına qoşulmaq üçün 1 milyard dollar ödəməyə hazırdır

Prezident Vladimir Putin bildirib ki, Rusiya Sülh Şurasına qoşulmaq üçün 1 milyard dollar ayırmağa hazırdır və daimi üzv statusunu təmin etmək istəyir. O, bu haqda Təhlükəsizlik Şurasının iclasında məlumat verib.

Putin bu məbləği Rusiya Mərkəzi Bankının ABŞ-də dondurulmuş aktivlərindən götürməyi təklif edib. "The Financial Times" təxminən 5 milyard dolların dondurulduğunu yazıb.

O əlavə edib ki, Rusiya Xarici İşlər Nazirliyinə Sülh Şurasına qoşulmaqla bağlı təklifi öyrənməyi, tərəfdaşlarla məsləhətləşməyi tapşırıb.

Putinin sözlərinə görə, Moskva və Vaşinqton Ukraynaya müdaxilədən zərər görmüş ərazilərin bərpası üçün ABŞ-də dondurulmuş digər Rusiya aktivlərindən istifadəni müzakirə edirlər. Putin hansı əraziləri nəzərdə tutduğunu açıqlamayıb. Bu, Ukraynanın nəzarətində qalan, ya da Rusiya ordusunun işğal etdiyi ərazilər ola bilər.

Putinin dediklərindən onun Sülh Şurasına qoşulmağa razı olub-olmadığı da aydın olmur.

Rusiya prezidenti əlavə edib ki, dondurulmuş Rusiya aktivlərindən istifadə məsələlərini yanvarın 22-də Moskvada Fələstin Muxtariyyəti başçısı Mahmud Abbas, ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cerard Kuşner ilə müzakirə edəcək.

Şuranın nizamnaməsinə görə, daimi üzv olmaq istəyən ölkələr 1 milyard dollar ödəməli olacaqlar.

ABŞ təxminən 50 dünya liderini Sülh Şurasına dəvət edib. Artıq Argentina, Azərbaycan, Ermənistan, Macarıstan, Qazaxıstan, Mərakeş, BƏƏ, Vyetnam və bir sıra digər ölkələr dəvəti qəbul edib.

İsrailin baş naziri Benyamin Netanyahu və Belarus lideri Aleksandr Lukaşenko da Sülh Şurasına qoşulmaq niyyətlərini açıqlayıblar.

Avropanın əksər liderləri, xüsusilə Fransa, Almaniya və Böyük Britaniya isə Şuraya qoşulmaqdan imtina ediblər. Trampın tənqidçilərinin fikrincə, bu təşəbbüsün niyyəti BMT-nin rolunu zəiflətməkdir.

XS
SM
MD
LG