Yanvarın 7-də dünya pravoslavları Milad bayramını qeyd edirlər. Rus Pravoslav Kilsəsi, bir sıra digər kilsələr dini ayinlər keçiriblər. "Agentstvo" Kremlin yaydığı kadrları təhlil edərək yazıb ki, prezident Vladimir Putin bayramı Moskva vilayətində bir hərbi hissənin ərazisindəki məbəddə, hərbi kəşfiyyatın (QRU) zabitlərinin əhatəsində qarşılayıb.
Kreml Putinin bayramı harada keçirdiyini açıqlamayıb. Amma məbədin hərbçilərin himayədarı sayılan Georgi Pobedonosetsin şərəfinə adlandırıldığını bildirib. Kadrlardan görünən odur ki, ibadət zamanı Putin hərbi geyimdə olan şəxslərin yanında dayanıb. Kremldə akkreditə olmuş jurnalistlərdən Aleksandr Yunaşev mərasimdən öncə yazıb ki, tədbiri işıqlandırmaq çətin olacaq, çünki orada "göstərilməsi qeyri-mümkün" şəxslər – Ukraynaya qarşı müharibənin iştirakçıları olacaq.
"Agentstvo" kilsənin Moskva vilayətinin Solneçnoqorsk şəhərində QRU-ya məxsus hərbi hissənin ərazisində yerləşdiyini yazır.
Ayində prezidentin yanında hərbi hissə komandiri, İkinci Çeçen müharibəsi zamanı "Rusiya Qəhrəmanı" adı verilmiş Aleksey Qalkin dayanıb. "Agentstvo" ibadətdə iştirak etdiyi ehtimal olunan daha iki şəxsin adını çəkir – hər ikisi Rusiya Qəhrəmanı olan polkovnik Andrey Popov və polkovnik Konstantin Maslyanko.
"The Wall Street Journal"ın yazdığına görə, kilsənin yerləşdiyi "Senej" xüsusi əməliyyatlar mərkəzi Qərbdə diversiya fəaliyyətləri ilə məşğuldur. Xüsusilə, onu DHL anbarlarında bağlamaların partladılması, "Rheinmetall" şirkətinin baş direktoruna qarşı sui-qəsdin hazırlanması ilə əlaqələndiriblər.
İbadətdən sonra Putin kilsəyə gələnlərə, hərbçilərin uşaqlarına müraciət edib. Çıxışın mətni Kremlin saytında dərc olunub. Putin xristianların Xilaskar saydıqları İsa Məsihi Rusiya hərbçiləri ilə müqayisə edərək bildirib ki, onlar "sanki Tanrının tapşırığı ilə" "Vətənin və onun insanlarının xilası" missiyasını icra edirlər. O, Ukraynadakı müharibəyə birbaşa toxunmayıb, amma yenə də qələbədən danışıb.