Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:59

Konvoy taborunun komandiri dustaqların qaçması haqda: 'Etibara nifrət edirdim…'


Həbsxana maşını.
Həbsxana maşını.

Penitensiar Xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovniki Bəhruz Abdullayev dustaqların qaçmasından sonra həbs olunsa da, ona mənimsəmə, rüşvət alma ittihamları da verilib. Cinayət işinin materiallarında yazılıb ki, B.Abdullayev əməkdaşlara ezamiyyət, müalicə üçün ayrılan pulların yarısını mənimsəyib. O, həmçinin, maddi imkanı yaxşı olan dustaqlardan pul alınıb onların təcridxanadan məhkəməyə daha rahat maşınlarla aparılıb-gətirilməsi, xüsusi görüşlərin təşkilində suçlanır.

Təqsirləndirilən polkovnik avqustun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilərkən bu suçlamalara da aydınlıq gətirib. Deyib ki, əməkdaşların ezamiyyə və müalicə üçün ayrılmış pulları maaş kartından çıxardıqdan sonra bir hissəsini ona vermələri, dustaqlardan pul alınması haqda yazılanları qəbul etmir.

Bu zaman B.Abdullayevin istintaqa ilkin ifadəsi elan edilib. Məlum olub ki, təqsirləndirilən polkovnik həmin ifadəsində ezamiyyət pullarının yarısını mənimsədiyini, qarovul rəislərini xüsusi yerlərə təyin etmək üçün onlardan pul aldığını, imkanlı dustaqların komfortlu avtomobillərlə daşınması üçün pul aldığını etiraf edib.

«Özümdə deyildim, beş saat bağlı otaqda saxladılar»

B.Abdullayev belə bir ifadə vermədiyini söyləyib. Həmin dindirmə protokolunu imzalamasını isə belə izah edib: «Bu sənəd imzalananda heç Etibar hələ tutulmamışdı, işçilərim həbsdə idi. Özümdə deyildim. Məni 5 saat qapısı bağlı otaqda saxladılar. Eynəkli bir vəkil gəlib kağızı uzatdı ki, «tez ol, bunu imzala, Nəsimi məhkəməsinə gedirik». Mən də imzaladım. Orada nə yazıldığını bilmədən imzalamışam».

Dustaqların qaçması işi üzrə təqsirləndirilən şəxslərdən hadisə günü qatarda qarovul rəisi olmuş Ceyhun Səmədov məhkəmədə ifadəsində demişdi ki, qaçan dustaqlardan Etibar Məmmədov Lənkərana aparılarkən onun qatarda müğənni Fədayə Məmmədova (Laçın) ilə görüşməsinə rəisin tapşırığı əsasında icazə verib.

Ancaq B.Abdullayev deyir ki, nə F.Laçın ona zəng edib, nə də o, kiməsə onların görüşməsinə şərait yaratmaq haqda göstəriş verib:

«Mən bu müğənnini ancaq televizorda görmüşəm. Heç toyda və ya başqa yerdə də canlı görməmişəm. Onunla nə əlaqəm, nə də söhbətim olub. Mənim telefonum sentyabrdan dinləmədə olub. Mən nə həbsdə olan şəxsin özü, nə də onun yaxını ilə danışmışam. Çünki məsuliyyətimi dərk edirdim. Mən 21 il ancaq konvoyda işləmişəm, leytenantlıqdan bu rütbəyə qalxmışam».

«Nazir müavini qəbuluna çağırıb dedi ki...»

Lənkərandan məhkəmədən gətirilərkən qatardan iki dustağın qaçmasına gəlincə, təqsirləndirilən polkovnik xatırladıb ki, E.Məmmədov hələ 1996-cı ildə də əməkdaşı naqillə boğub həbs yerindən qaçmışdı: «Mən Etibara nifrət edirdim, çünki mənim xidmət etdiyim yerdə əməkdaşımızı öldürmüşdü. Həmişə də şəxsi heyətə deyirdim ki, dustaq qaçsa, sizi tutacaqlar, məni də işdən çıxaracaqlar. Həbs ediləcəyim ağlıma gəlməmişdi. Bundan əvvəl belə hallar olanda rəisi işdən çıxarırdılar.

Səhər 7-yə işləmiş Ceyhun zəng eləyib dedi ki, dustaq qaçıb. Qəhərləndim, dedim ki, vaqondan dustaq qaçar? Vaqon-parkda gördüm ki, pəncərə 20 santimetr açıqdır. Orada özümü saxlaya bilmədim Fuadla Elvinə sillə vurdum. Qarovul heyətinin silahları alınıb, özlərini baş idarəyə apardılar. Ertəsi gün Baş Prokurorluğa çağrılıb şahid kimi ifadə verdim. Nazir müavini məni qəbuluna çağırılıb xidmətdən xaric edildiyimi bildirdi. Ondan sonra həbs edilənə kimi olanları ancaq mətbuatdan izləmişəm».

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bir neçə əməkdaşı bu cinayət işində zərərçəkmiş qismində tanınıblar. Onlar qaçan dustaq E.Məmmədovun saxlanılması üçün keçirilən əməliyyatda iştirak ediblər. Onlardan biri Hətəm Vəliyev də məhkəmədə dindirilib. O, əməliyyat zamanı E.Məmmədovun özünü bıçaqladığını söyləyib: «Paltarın üstündən özünə iki zərbə vurmuşdu, amma ağır xəsarət deyildi. Ona yaxınlaşanda köynəyini qaldırıb yenə özünü vurmaq istədi, bıçağı əlindən alıb qoymadım. Burada təqsirləndirilən şəxslərə qarşı şikayətim, tələbim yoxdur».

Məhkəmə avqustun 27-də davam edəcək.

Xatırlatma

Bu cinayət işi üzrə 13 nəfər həbs olunub. B.Abdullayevə CM-nin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 179-cu (mənimsəmə) maddələriylə, digər təqsirləndirilənlərə isə 304-cü (həbs yerindən və ya mühafizə altından qaçma) maddənin müxtəlif bəndləri ilə ittiham verilib.

İş üzrə daha bir nəfər axtarışdadır.

Şirvan şəhərində 2015-ci ildə iki nəfərin ölümünə görə ittiham olunan Əli Ağami və «Qoca» ləqəbli Etibar Məmmədova dövlət ittihamçısı məhkəmədə 19 il azadlıqdan məhrumetmə cəzası istəmişdi.

Bundan sonra məhkəmədən Bakıya qaytarılarkən onlar səhərə yaxın Biləcəri dəmiryol stansiyasında qatardan qaçmışdılar.

29 yaşlı Ağami hadisədən üç gün sonra elə Şirvan şəhərində saxlanıldı. E.Məmmədov isə 10 gün sonra əməliyyat nəticəsində öldü.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG