Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:22

Fədayə Laçını hansı vəzifəli şəxs qatara dustaqların yanına buraxıb?


Müğənni Fədayə Laçın
Müğənni Fədayə Laçın

2017-ci il oktyabrın 22-dən 23-nə keçən gecə vaqondan qaçan dustaqlardan Etibar Məmmədov hadisədən öncə qatarla Lənkərana məhkəməyə aparılanda müğənni Fədayə Məmmədova (Laçın) da onunla birlikdə olub.

Qatarda xidmətdə olmuş qarovul rəisi Ceyhun Səmədov avqustun 15-də məhkəmədə bu barədə danışıb.

O etiraf edib ki, "Qoca" ləqəbli Etibar Məmmədovla müğənni Fədayə Laçına qatarda görüş verib:

"Fədayə xanım Bakıda vağzalda qatara yaxınlaşıb Etibarla görüşmək istədiyini dedi. Ona "yox" cavabı verəndən sonra telefonda kiminləsə danışdı. Sonra telefonu mənə uzatdı. Telefonda rəisimiz Bəhruz Abdullayev idi. Məndən onlara görüş verməyimi istədi. Sonra içəri keçib, yenidən onunla telefonda danışdım. Rəis bir daha dedi ki, "şərait yarat, Fədayə Etibarla görüşsün". Sonra Fədayə xanımın çantasına baxış aparıb, onunla içəri keçdik. Otaqda Etibarla görüşdülər. Etibar Əli Ağaminin də onların yanına gətirilməsini xahiş etdi. Onu da həmin otağa apardıq. Lakin həmin gün qatardakı otaqda onların şəkillərinin neçə çəkildiyini görmədim. Ola bilsin ki, Fədayə xanımın üstünü yaxşı yoxlamamışam".

Ceyhun Səmədov deyir ki, Fədayə Laçını Etibar Məmmədovla görüşdürmək üçün pul alması barədə deyilənlər doğru deyil.

“ONLARI BƏLƏDÇİNİN OTAĞINDA GÖRMƏDİK”

Qarovul rəisinin müavinləri Tural Poladxanov və Fuad Hacıyev də məhkəmədə dindirilib.

"Bakıda dustaqları kameralara yerləşdirəndən sonra "Qoca" rəis Ceyhun Səmədovun yanına getmək istədi. Çünki onun həmişə problemi olurdu. Soruşanda "sənlik deyil, rəisin yanına apar" dedi. Deyəsən, onu rəisin yanına mən apardım. Etibarı rəisin otağına qandalsız apardım. O, rəisin yanında qaldı. Ağamini isə rəisin otağına mən aparmamışam, bilmirəm. Gecə saatlarında yatdım, onu bələdçinin otağına aparmışdılar. Yuxudan oyananda bildim ki, onlar qaçıblar", – təqsirləndirilən Tural Poladxanov ifadəsində bildirib.

Digər təqsirləndirilən rəis müavini Fuad Hacıyev də deyir ki, dustaqlar qaçandan xeyli sonra bundan xəbər tutublar.

Onun sözlərinə görə, Etibarın da təqsirləndirildiyi ölüm işinə görə onunla həmin cinayətdə ittiham olunan başqa dustaqlar arasında düşmənçilik var idi. Ona görə də onları Lənkərana məhkəməyə aparıb-gətirəndə bir-birindən uzaq tuturdular: "Səhərə yaxın qaravul rəisi Ceyhun Səmədov yatmışdı. Qatar Bakıya çatanda Etibarla Əlini bələdçi otağında görmədik, onlar qaçmışdı".

Hadisə günü qatar Bakıya qayıdarkən Günay Atakişiyevanın da "Qoca" ilə birlikdə qayıtmasına gəlincə, Fuad Hacıyev bildirir ki, qızı qatarda görəndə onu da dustaq qadınlardan biri zənn edib.

Təqsirləndirilən qarovul rəisi Ceyhun Səmədov isə Lənkərandan qayıdanda Günayı qatara buraxmasını belə izah edib: "Etibar Məmmədov mənə dedi ki, həyat yoldaşı stansiyaya gəlib, onunla görüşmək istəyir. Xahiş etdi ki, onu görüşdürüm. Vaqonun qapısı döyüldü, açanda Günay Atakişiyeva daxil oldu. Mən haradan biləydim ki, Günay xanım onun arvadı deyil? Nə də ki, Etibar məni hədələməyib. Açarın qatara necə gətirildiyini isə bilmirəm. Bu, mümkün deyildi".

Məhkəmə avqustun 20-də Penitensiar Xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayevin dindirilməsilə davam edəcək.

Xatırlatma

Bu cinayət işi üzrə 13 nəfər həbs olunub. Penitensiar Xidmətin polkovniki Bəhruz Abdullayevə dustaqların qaçmasıyla yanaşı, həm də vəzifə cinayətləriylə bağlı ittiham verilib. O, CM-nin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179-cu (mənimsəmə) maddələriylə də ittiham olunur.

Dustaqların qaçmasına görə isə təqsirləndirilən şəxslərə CM-nin 304-cü (həbs yerindən və ya mühafizə altından qaçma) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.

İş üzrə daha bir nəfər axtarışdadır.

Şirvan şəhərində 2015-ci ildə iki nəfərin ölümünə görə ittiham olunan Əli Ağami və Etibar Məmmədova dövlət ittihamçısı məhkəmədə 19 il azadlıqdan məhrumetmə cəzası istəmişdi.

Bundan sonra məhkəmədən Bakıya qaytarılarkən onlar səhərə yaxın Biləcəri dəmiryol stansiyasında qatardan qaçmışdılar.

29 yaşlı Ağami hadisədən üç gün sonra elə Şirvan şəhərində saxlanıldı. Etibar Məmmədov isə 10 gün sonra əməliyyat nəticəsində öldürüldü.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG