Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 13:11

Fədayə Laçın: 'Məndən açarı istədi...'


F.Laçın
F.Laçın

«Bacım dəmiryolda işləyirdi, Etibar da bunu bilirdi. Qatar bələdçilərində pəncərəni açmaq üçün xüsusi açar olur. Etibar məndən o açarı istəmişdi, mən də bacıma dedim. Soruşdu ki, neynirsən? Dedim, bir tanışa lazımdı. Açarı bacımın tanışından Etibarın dostu Aqil gedib götürmüşdü...», – həbsdə olan müğənni Fədayə Məmmədovanın (Laçın) məhkəmədə ifadəsindəndir.

F.Laçın oktyabrın 22-dən 23-nə keçən gecə Lənkərandan Bakıya qaytarılarkən qatardan dustaqlar - «Qoca» ləqəbli Etibar MəmmədovƏli Ağaminin qaçmasıyla əlaqədar təqsirləndirilən 13 nəfər arasındadır. O, avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. Deyib ki, özündən başqa təqsirləndirilən 12 nəfərdən ancaq Aqil Nəcəfovu tanıyır, onu da Etibarın vasitəsilə.

***Buna da bax-Qaçan dustaqlara açarı çatdıran qız məhkəmədə danışdı

O, mərhum E.Məmmədovla münasibətlərindən də danışıb: «Etibarın qardaşının toyuna dəvət almışdım. Sonra onun ad günündə iştirak etdim. Onunla orada tanış oldum. Etibar şair idi, mənə yazdığı şeirləri, qəzəlləri göndərirdi. Onunla münasibətimiz belə yarandı. Etibar həbsdə olanda yanına gedib-gəlirdim. Orada şeirləri, mahnıları müzakirə edirdik...».

«Qorxduğum üçün onları apardım»

F.Laçın deyir ki, həbsdə olanda da, Lənkərana etap olunanda da «Qoca» ilə görüşüb: «Etibar mənə zəng etmişdi. Mən də həmin gün Lənkəranda toyda idim. Sonra onunla görüşdüm. Sonuncu dəfə Etibarla Bakı vağzalında görüşdüm. Bizim görüşümüzə orada qaravul rəisi Ceyhun Səmədov icazə verdi. O, çantamı alıb, üstümə baxış keçirdi. Qatarda telefonumda olan mahnılara Etibar qulaq asdı. Etibarın qaçmağına inanmırdım. Qaçmaq xəbərini də saytlardan oxudum».

E.Məmmədov
E.Məmmədov

Məhkəmədə məlum olub ki, F.Laçın Etibar həbsdə olduğu müddətdə onunla 32 dəfə telefonla danışıb. Hətta danışıqların biri 67 dəqiqə olub.

E.Məmmədov qaçandan sonra onu Ağstafaya aparmış taksi sürücüsü, təqsirləndirilən Məhəmməd Hacıyev də dindirilib. Deyib ki, o, «Qoca»dan qorxduğu üçün aparıb: «Günay xanım zəng elədi, getdim. Yeni çatmışdım ki, qapı döyüldü, Etibar içəri daxil oldu. Etibarla söhbət etdik, dedi ki, «artıq, əskik olmasın, hara lazımdır, ora da sür». Mən də qorxduğum üçün onları apardım».

***Buna da bax-Dustaqların qatardan qaçmasının detalları: 'Bizi maşınla adamlar gözləməliydi...'

Digər təqsirləndirilən Tərlan Zeynalov ifadəsində deyib ki, «Qoca» qaçandan sonra onunla görüşüb: «Görüşümüz ayaqüstü olub. 2000 manat pul var idi, onu gətirib Etibara verdim. Pul dayıoğlumda idi. Pulu da «Qoca»nın yoldaşı göndərmişdi».

Təqsirləndirilən Şahmar Bəyəlizadə isə E.Məmmədovun tutulması üçün əməliyyat keçirilən zaman onun yanında olub. Dediyinə görə, əməliyyat keçiriləndə «Qoca» deyib ki, öləcək, amma onların əlinə keçməyəcək: «Bıçağı çıxarıb, «ölsəm də onların əlinə keçməyəcəm» deyib, qarnına bıçaqla vurdu».

Məhkəmədə avqustun 15-də Penitensiar Xidmətin bu iş üzrə həbs olunmuş vəzifəli şəxsləri ifadə verəcək.

Xatırlatma

Hakim önünə çıxarılan 13 nəfər arasında Penitensiar Xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar Xidmətin qarovul rəisi Ceyhun Səmədov, onun müavinləri Fuad Hacıyev, Tural Poladxanov, qatardan qaçmış dustaq Əli Ağami və başqaları var.

Penitensiar Xidmətin polkovniki B.Abdullayevə dustaqların qaçmasıyla yanaşı, həm də vəzifə cinayətləriylə bağlı ittiham verilib. O, CM-nin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179-cu (mənimsəmə) maddələriylə də ittiham olunur.

Dustaqların qaçmasına görə isə təqsirləndirilən şəxslərə CM-nin 304-cü (həbs yerindən və ya mühafizə altından qaçma) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.

Bu cinayət işi üzrə daha bir nəfər axtarışdadır.

Şirvan şəhərində 2015-ci ildə iki nəfərin ölümünə görə ittiham olunan Ə.Ağami və E.Məmmədova dövlət ittihamçısı məhkəmədə 19 il azadlıqdan məhrumetmə cəzası istəmişdi. Bundan sonra məhkəmədən Bakıya qaytarılarkən onlar səhərə yaxın Biləcəri dəmiryol stansiyasında qatardan qaçmışdılar. 29 yaşlı Ə.Ağami hadisədən üç gün sonra elə Şirvan şəhərində saxlanıldı. E.Məmmədov isə 10 gün sonra əməliyyat nəticəsində öldürüldü.

Noyabrın 14-də Ə.Ağami iki nəfərin ölümündə təqsirli bilinərək 19 il azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG