Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 01:14

Qaçan dustaqlara açarı çatdıran qız məhkəmədə danışdı


“Oktyabrın 19-da Aqil zəng eləyib dedi ki, Etibar mənim onun yanına getməyimi istəyir. Aqillə birlikdə getdim, Etibarın qardaşı da oradaydı. Orada Etibar mənə dedi ki, oktyabrın 21-də onu Lənkərana məhkəməyə aparacaqlar, onda qatardan qaçacaq. Dedi, “Aqil açar verəcək, onu Biləcəriyə gətirib dustaq daşınan qatarda mənə verərsən”, – ötən ilin oktyabrında dustaqların qaçmasına kömək etməkdə ittiham edilərək həbs olunan Günay Atakişiyeva avqustun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində verdiyi ifadəsində belə deyib.

Ondan öncə prokuror təqsirləndirilən 13 nəfərə verilmiş ittihamları elan edib.

Penitensiar Xidmətin keçmiş qarovul rəisi Ceyhun Səmədov, onun müavinləri Fuad Hacıyev və Tural Poladxanov, müğənni Fədayə Laçın, qaçan iki dustaqdan biri olan Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalov özlərini qismən təqsirli biliblər.

Penitensiar Xidmətin Konvoy taborunun komandiri Bəhruz Abdullayevlə Anar Əsgərov isə özlərini ümumiyyətlə, təqsirli bilməyiblər.

İttihamın elanından sonra təqsirləndirilən şəxslərdən Ağamiyə ifadə vermək təklif olunub. O, çıxışa hazır olmadığını söyləyib.

“Sərhədi keçmək istəyirdi”

Ardınca Günay Atakişiyeva dindirilib. O, istintaqdakı ifadəsini təsdiqlədiyini söyləyib. Deyib ki, qaçan dustaqlardan "Qoca" ləqəbli Etibar Məmmədovu birlikdə kirayə qaldıqları rəfiqəsi Lalə vasitəsiylə tanıyıb. Lalənin özünün "Qoca" ilə münasibətləri varmış. Etibar Məmmədov həbsdə olduğu müddətdə Lalənin telefonu ilə onunla danışıb, 2017-ci ilin sentyabrında rəfiqəsi ilə birlikdə təcridxanada onunla görüşüb. Həmin görüşdə Etibar Məmmədovun dostu Aqil də iştirak edib.

Oktyabrın 19-da yenidən Etibar Məmmədovla görüşüblər. Həmin görüşdə “Qoca” ondan xahiş edib ki, Aqilin verdiklərini ona çatdırsın: “Oktyabrın 21-də Aqil bir torba verib dedi ki, Etibara çatdırım. Axşam saat 11 radələrində qatar Lənkərana gedəndə yaxınlaşdıq, rəis Ceyhun bizi qarşıladı, mənim çantamı yoxladı, amma Etibara verəcəyimiz bağlamaya baxmadı. Onu bizdən alıb özünün verəcəyini dedi. Bir müddət sonra məni Etibarın olduğu otağa apardılar, onda gördüm ki, həmin torba artıq Etibara verilib. Biz biraz söhbət edəndən sonra Etibar otaqdan çıxıb başqa dustaqların yanına getdi, sonra qayıtdı. Etibar xüsusi vaqonda olarkən sərbəst hərəkət edirdi, istədiyi yerə girib çıxırdı. Biz gecəni bir yerdə qaldıq, Lənkəranın Liman stansiyasında mən düşüb Masallıya getdim”.

Günay Atakişiyeva Bakıya da həmin qatarla qayıdıb. Şirvanda Aqil də qatara minib. Bir qədər sonra Günayla Aqil qatardan düşüb və taksi ilə Bakıya gəliblər: “Səhər saat 5 radələrində Etibar Aqilə zəng eləyib qatardan qaçdığını dedi və onu “Ağ Saray” şadlıq sarayının yanından götürməyimizi istədi. Biz həmin yerə gedib qatardan qaçan o biri dustaq Əli ilə birgə Etibarı götürdük. Lökbatanda da başqa bir oğlan maşına mindi, ordan da Hökməlidə Famil adlı şəxsin evinə getdik. 1-2 saat qalandan sonra mən ordan Sumqayıta, qaldığım evə qayıtdım. Həmin gecə Etibar da gəlib bizdə qaldı. Etibar mənə dedi ki, ona 19 il iş verəcəkləri üçün qaçıb və sərhəddən qanunsuz keçməyi planlaşdırır”.

“Bizi tutdular, Etibar qaçdı...”

Ertəsi gün təqsirləndirilən şəxslərdən taksi sürücüsü Məhəmmədi çağırıb “Qoca”nı Qazaxa aparmaq üçün 150 manata razılaşıblar:

“Etibar 2 adyal və yastıq götürüb maşının “baqaj”ına girdi və orada gedəcəyini dedi. Məşədi adlanan şəxs onu Sadıxlı kəndinə aparıb oradan Gürcüstana keçirəcəkdi. Gecə Poylu stansiyasına çatanda gördük qarşıda post var, maşınları yoxlayırlar. Etibar Məhəmmədə dedi ki, maşını geri sürsün. Etibara qaçmamasını dedim, amma qulaq asmadı. Poylu kəndinin içində “tupik” oldu, Məhəmməd maşını saxladı, Etibar maşından düşüb ağacların arasına qaçdı. Polislər bizi tutub şöbəyə gətirdilər”.

“Bunu Fədayə Laçın da bilirdi”

Təqsirləndirilən Aqil Nəcəfov dindirilən zaman Etibar Məmmədovla həmyerli olduğunu, həbsdə olanda ona zəng etdiyini deyib: "Etibarın qardaşının toyunda zəng edib, mənimlə danışdı. Sonra nömrəmi aldı. Bir müddət keçəndən sonra özü mənə zəng elədi, "telefonkonfrans" vasitəsi ilə danışdıq. İki dəfə onun yanında getdim. Bir dəfə Günay, Lalə və mən, sonra Fədayə ilə Bakı İstintaq Təcridxanasında Etibarla görüşmüşəm. Məni orada Fədayə xanımla tanış etdi. Etibar içəridə mahnılar yazırdı. Sonra Etibar zəng elədi ki, açarı Fədayə Laçından götürüm. Açarı başqa adamdan götürüb, Günaya verdim. Mən heç Ceyhunu tanımıram, qatarın da qarşısında görməmişəm".

Təqsirləndirilən Aqil Nəcəfov da məhkəmədə dindirilib. Deyib ki, açarı çantanın içində Günaya verib, oradan uzaqlaşıb: “Etibar məndən açarı istəyəndə həbsxanada ayı qəfəsini açacağını demişdi. Bu barədə Fədayə Laçın da bilirdi. Sonra Etibar zəng elədi ki, Günayı Şirvandan Bakıya aparmaq lazımdır. Apardım. Qaçmaq istədiyini deyəndə, məsləhət gördüm ki, qaçmasın...”

Digər təqsirləndirilən İsrəfil Soltanov Aqillə Günayı Şirvandan Bakıya gətirib, daha sonra qaçan dustaqları aparıb: “Günayı gətirəndən sonra Bakıda “Ağ Saray”ın qarşısından Etibar Məmmədovu götürüb apardıq. Etibarın adını eşitmişdim, amma həmyerli olsaq da, görməmişdim. Etibar maşına oturanda bildim ki, o, qatardan qaçıb. Daha heç nə deyə bilmədim...”

Məhkəmə avqustun 13-də davam edəcək.

Xatırlatma

Bu iş üzrə Penitensiar Xidmətin polkovniki Bəhruz Abdullayevə dustaqların qaçmasıyla yanaşı, həm də vəzifə cinayətləriylə bağlı ittiham verilib. O, CM-nin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179-cu (mənimsəmə) maddələriylə də ittiham olunur.

Dustaqların qaçmasına görə isə təqsirləndirilən şəxslərə CM-nin 304-cü (həbs yerindən və ya mühafizə altından qaçma) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.

Bu cinayət işi üzrə daha bir nəfər axtarışdadır.

Şirvan şəhərində 2015-ci ildə iki nəfərin ölümünə görə ittiham olunan Əli Ağami və Etibar Məmmədova dövlət ittihamçısı məhkəmədə 19 il azadlıqdan məhrumetmə cəzası istəmişdi. Bundan sonra məhkəmədən Bakıya qaytarılarkən onlar səhərə yaxın Biləcəri dəmiryol stansiyasında qatardan qaçmışdılar. 29 yaşlı Əli Ağami hadisədən üç gün sonra elə Şirvan şəhərində saxlanıb. Etibar Məmmədov isə 10 gün sonra əməliyyat nəticəsində öldürülüb.

Noyabrın 14-də Əli Ağami iki nəfərin ölümündə təqsirli bilinərək 19 il azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG