Keçid linkləri

2017, 22 Sentyabr, Cümə, Bakı vaxtı 03:11

'Elgizin üstündə narkotik olmayıb, polislərin uydurduğu nağıldır'


Milli Şuranın aksiyasında "Elgiz Qəhrəmana azadlıq" şüarı, 8aprel17

NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanın satış məqsədiylə üzərində narkotik gəzdirməsi haqda ittiham polislərin uydurmasıdır.

Vəkili Fariz Namazlı Bakı Apellyasiya Məhkəməsində çıxışında belə deyib.

“İFADƏ İŞGƏNCƏ ALTINDA ALINIB”

Elgiz Qəhrəmanın apellyasiya şikayətinə Sahibxan Mirzəyevin sədrlik etdiyi hakimlər heyəti baxır. Mayın 11-də məhkəmədə vəkil Fariz Namazlı bildirib ki, istintaq da, Bakı Ağır Cinayətlər Məhkəməsi də Elgizə narkotik ittihamının sübutlarından biri kimi, ondan həbs olunduğu gün alınmış ifadəni əsas götürür. Halbuki, həmin ifadə Elgiz Qəhrəmandan işgəncə altında alınıb.

Buna da bax:​ Elgiz Qəhrəmanın işinə yenidən baxılacaq

Vəkilin sözlərinə görə, Elgizin üzərindən tapıldığı iddia olunan 3,315 qram narkotikin məhz satış məqsədi ilə gəzdirildiyinə dair də heç bir sübut yoxdur.

“Guya Elgiz Qəhrəmanın üzərindən narkotik tapılmasına dair baxış protokolunu da əsas götürürlər. Halbuki, həmin protokol tamamilə qanuna ziddir. Çünki baxış şübhəli və ya təqsirləndirilən şəxsin üzərində aparıla bilər. Amma bu işdə baxış protokolu tərtib olunandan sonra Elgizin şübhəli şəxs qismində tutulmasına dair protokol tərtib olunub. Bütün bu pozuntular da sübut edir ki, Elgiz Qəhrəmanın üzərində narkotik olmayıb. Bu, onu həbs edən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən uydurulmuş nağıldır”, – Fariz Namazlı belə deyib.

Buna da bax: ABŞ-in insan haqları hesabatında Azərbaycanda 'butulka işgəncələri'ndən bəhs edilir

GƏNC FƏALLA GÖRÜŞÜNƏ İMKAN VERİLMƏYİB

Gənc fəalın digər vəkili Nemət Kərimli isə onun həbsindən sonra istintaq təcridxanasına köçürülməli olduğu halda, 6 gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığını yada salıb. Bildirib ki, Elgizin ailəsi həbsindən dərhal sonra vəkil kimi onunla müqavilə bağlasa da, müdafiəçinin onunla görüşünə imkan verilməyib: “Elgiz Qəhrəman həbs qərarından verilmiş apellyasiya şikayətinə baxılarkən məhkəmədə iştirakdan imtina edib. Bu da Elgiz həmin idarədə qanunsuz saxlanıldığı vaxt baş verib. Çünki təzyiq altında olub. O müddətdə mənim Elgiz Qəhrəmanla görüşümə imkan verilməməsi haqda Ombudsman Aparatına, Baş Prokurorluğa göndərdiyim müraciətlər də deyilənlərin doğruluğunu sübut edir”.

Elgiz Qəhrəman vəkillərinin çıxışıyla razılaşdığını bildirib və əlavəsi olmayıb.

Buna da bax:​ NİDA niyə hədəfdədir?

Mayın 18-də keçiriləcək növbəti məhkəmə iclasında prokuror çıxış edəcək.

XATIRLATMA

E.Qəhrəman ötən il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onu bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayaraq, vəkilini yanına buraxmayıblar.

Gənc fəal yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum edilib.

Buna da bax: HRW Elgiz Qəhrəmanı buraxmağa çağırır

E.Qəhrəman həm özü, həm də fəalı olduğu NİDA Vətəndaş Hərəkatı həbsin siyasi motivlərlə gerçəkləşdiyini bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG