Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:52

NİDA niyə hədəfdədir?


Bakıda NİDA-çıların məhkəməsi - 2013
Bakıda NİDA-çıların məhkəməsi - 2013

Son bir neçə ayda NİDA Vətəndaş Hərəkatının üzvlərindən Elgiz Qəhrəman narkotik ittihamı ilə 5 il yarım azadlıqdan məhrum edilib, daha bir üzvü Rəhim Vəliyevsə bu günlərdə 30 sutka inzibati cəza alıb. Dörd il öncəsə NİDA-nın 8 üzvü azadlıqdan məhrum edilmişdi. Onlar kütləvi iğtişaşlar törətməyə cəhddə ittiham olunurdular. Həbs edilənlərdən azadlığa çıxanı da var, ölkəni tərk edəni də, hələlik həbsdə qalanı da.

Bəs niyə NİDA daha çox diqqət mərkəzindədir? Onun hədəfə götürülməsinə səbəb nədir?

SOSİAL ŞƏBƏKƏLƏRDƏ FƏALLIQ

Təşkilatın İdarə Heyətinin üzvü Turqut Qəmbər AzadlıqRadiosuna deyir ki, 2013-cü ildə qurumun 8 üzvü tutulandan bəri NİDA həmişə hakimiyyətin hədəfində olub. O bunu qurumun Azərbaycanda müsbət dəyişikliklər uğrunda mübarizə aparmasıyla bağlayır: «Təbii ki, hakimiyyət də buna qarşı repressiya taktikasından istifadə edir».

Turqut Qəmbər
Turqut Qəmbər

O ki qaldı konkret son iki həbsə, T.Qəmbər həm Elgiz Qəhrəmanın, həm Rəhim Vəliyevin, həm də AXCP üzvü Nicat Nizamovun (yanvarın 10-da 10 sutka inzibati həbs cəzası alıb) məhz sosial şəbəkələrdə yazdıqlarına görə saxlanıldıqlarını bildirir. Onun qənaətincə, hakimiyyət satirik və tənqidi fikrə çox aqressiv yanaşır: «Bu da onu göstərir ki, hakimiyyət sosial şəbəkələri ciddi şəkildə izləyir. Və hiss edir ki, Azərbaycanda tüğyan edən böhrandan çıxış yolunun olmaması insanları narazı salıb. Bu narazılığın ifadə olunduğu platforma da Facebook-dur. Ona görə də hakimiyyət fəal gənclərə daha çox nəzarət etməyə, göz qorxutmağa çalışır. Başa düşmürlər ki, burda söhbət 3 min, 5 min adamdan getmir. Səhv etmirəmsə, Azərbaycanda Facebook-da milyon yarım adam qeydiyyatdan keçib. Burda müxalif, tənqidi fikirlərin sayı da artmaqdadır və bunun qarşısını repressiya ilə almaq mümkün olmayacaq, axı. Yüz minlərlə insanı həbsə atmaq mümkün deyil».

T.Qəmbər bunun qarşısını almağın yolunu, sadəcə, islahatlarda, siyasi məhbusların azadlığa buraxılmasında, barışıq atmosferi yaratmaqda və ümid verməkdə görür. Ancaq o, hakimiyyətin bunu etməkdənsə, NİDA-çıları, eləcə də başqa gənc fəalları, sadəcə, həbslərlə qorxutmağa çalışdığını düşünür.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

POLİTOLOQ: «ONA GÖRƏ DƏ QONDARMA İŞLƏR UYDURURLAR»

Politoloq Zərdüşt Əlizadə isə NİDA-çıların təqib edilməsini, həbsini başqa cür yozur: «Dövlətin təhlükəsizliyi ilə bağlı bu qədər qurumlar yaradılıb. Dövlətə ən böyük təhlükə yuxarıdan, Prezident Administrasiyasından, Nazirlər Kabinetindən, Milli Məclisdən gəlir. Ancaq bunlar təsəvvür yaratmağa çalışırlar ki, dövlətə təhlükə gənclərdən gəlir, inanclı insanlardan gəlir, ictimai-siyasi qurumlardan gəlir. Bununla da özlərinin yaşamasına, qalmasına bəraət qazandırırlar. Ona görə də qondarma cinayət işləri, qondarma təhlükələr uydururlar».

DİVARA ŞÜAR YAZAN DA ONLAR, HEYKƏLİ YAZAN DA...

«Heykəl məhbusu» kimi tanınan, ötən ilin mayında mərhum prezident Heydər Əliyevin heykəli üzərinə «Qul bayramınız mübarək!» yazan, narkotik ittihamı ilə 10 il azadlıqdan məhrum edilən gənc fəallar Bayram Məmmədovla Qiyas İbrahimov da NİDA üzvləridir. Düzdür, Qiyas İbrahimov bu quruma həbsə düşəndən sonra üzv olmağa qərar verib.

Yeri gəlmişkən, ötən ilin noyabrında NİDA-nın daha bir üzvü Elmir Təhmin Gəncədə divarlara hakimiyyət əleyhinə şüarlar yazdığına görə 30 sutka həbs cəzası almışdı.

Bu günlərdə AzadlıqRadiosuna müsahibə verən deputat Rafael Cəbrayılovsa hakimiyyətin gənc fəalları təqib etməsi haqda fikirləri rədd edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG