Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:12

'Polislər onu döyə-döyə öldürdülər'


Müvəqqəti saxlama yeri
Müvəqqəti saxlama yeri

«Polislər Çingizi o qədər döydülər ki, üst-başı qanın içində idi...», – inzibati qaydada tutulanların saxlandığı yerdə başqa birini döyüb öldürməkdə suçlanan Elman İbrahimovun sözləridir.

İddia olunur ki, 30 yaşlı Elman da, dünyasını dəyişən Çingiz Xəlilov da tüfeyli həyat tərzinə (bomj) görə küçədən tutulub aparılıb. Onlar saxlanma yerində eyni kamerada qalırmış.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan E.İbrahimov CM-in 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə - ölümə səbəb olduqda) maddəsiylə suçlanır. İttihamda yazılıb ki, Elman kamerada Çingizi döyüb, o da aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Ancaq Elman ittihamı qəbul eləmir. Deyir, yalandır, Çingizi o yox, saxlanma yerindəki təcridxanadakı polislər döyüb öldürüb.

«O qədər döydülər ki, üst-başı qan idi»

E.İbrahimov məhkəmədə ifadəsində bildirib ki, yatdığı yerdə kimsə onun sinəsinin üstünə çıxıb. Oyananda görüb ki, Çingizdir: «Kimsə barmaqlarını gözümə soxurdu. Tam oyanandan sonra gördüm ki, budur. Dizini sinəmə qoymuşdu. Özümə gəlib itələdim onu. Səsə kameraya polislər gəlib onu apardılar. Çingizi o qədər döydülər ki, üst-başı qan içində idi. Gəlib mənə dedilər ki, «Elman, sən sakitsən, amma bax, bir də belə bir şey olsa, səni də döyəcəyik».

Təqsirləndirilən şəxsin sözlərinə görə, Çingiz kameraya qaytarılandan sonra halı özündə olsa da, bir az keçib və o, yerə yıxılıb. Polislər gəlib onu çıxarıb aparıblar. Sonradan bilib ki, Çingiz xəstəxanaya aparılıb.

«Onu xəstəxanaya aparandan sonra polislər gəlib məni döyməyə başladı. Heç bilmirdim ki, niyə döyürlər. Heç nə də demirdilər. Sonradan bildim ki, Çingiz ölüb», – təqsirləndirilən E.İbrahimov bildirib.

«Polislər məhkəməyə məcburi gətiriləcək»

O, işinə baxan Samir Əliyevin sədrlik etdiyi hakimlər kollegiyasına müraciət edərək, iş materialları arasında olan 17-dəqiqəlik videodiskə diqqətlə baxmağı xahiş edib. Bildirib ki, həmin görüntülərdə polislərin Ç.Xəlilovu dəfələrlə kameradan çıxarıb aparması və bir qədər sonra geri qaytarması öz əksini tapıb. Görüntülər diqqətlə izlənilsə, Çingizin durumundan döyülüb qaytarıldığı aydın olar: «Çingiz mənimlə mübahisə etməmişdən öncə də polislər dəfələrlə onu döymüşdülər. Kişi kimi deyirəm, o adamı mən öldürməmişəm».

Müvəqqəti Saxlama Yerində xidmət edən polislər bu cinayət işində şahid qismində tanınıb. Onlar məhkəməyə çağrılsa da, gəlməyiblər.

Hakim elan edib ki, həmin polislərin məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarılıb. Onlar sentyabrın 5-də keçiriləcək növbəti məhkəmə iclasına gətiriləcək.

Cəzaçəkmə müəssisələrində saxlananların polisin pis rəftarıyla, döyülmə, işgəncəylə üzləşməsinə dair bundan öncə də iddialar səslənib. Ancaq rəsmilər həbsxanalarda və saxlanma yerlərində işgəncə verilmədiyini, pis rəftarla bağlı isə tədbir görüldüyünü bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG