Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:20

İşgəncə videosundan sonra həbsxanalarla bağlı araşdırma başlanıb


Yaroslavl həbsxanasında işgəncə
Yaroslavl həbsxanasında işgəncə

Rusiyada pis rəftar hallarıyla bağlı məhkəmə nəzarətçilərinə və yerli polisə qarşı təhqiqat aparılır. Səbəb Moskvanın şimal-qərbindəki Yaroslavl şəhərində bir məhbusun həbsxana nəzarətçiləri tərəfindən döyülməsini göstərən videonun sosial mediada yayılmasıdır.

Son həbslər və məhkəmələrin Yaroslavl videosuna birbaşa əlaqəsi yoxdur. Ancaq yenə də hakimiyyət orqanlarının həbsxanada işgəncə videosuna ictimai qəzəbə reaksiya verdiyini göstərir.

İyulun 27-də Rusiyanın İnquşetiya Şimali Qafqaz regionunda yeddi polis 3 ildən 10 ilədək həbsə məhkum edilib. Onlar polis postunda 13 şübhəliyə işgəncə verməkdə təqsirli biliniblər.

MƏHBUSA ƏLEYHQAZ GEYİNDİRİB

Sibirdə məhkəmə isə iyulun 27-də bir polis əməkdaşını yeddi, digərini altı illik həbsə məhkum edib. Onlar dindirmə zamanı əlibağlı üç şübhəliyə qarşı elektroşokdan istifadə etməkdə təqsirli sayılıblar.

Məhkəmə onu da üzə çıxarıb ki, polis şübhəliləri əleyhqaz taxmağa məcbur edib, 2015-ci ildə apardıqları dindirmə zamanı oksigendən məhrum edib.

Yaroslavldakı 1 saylı həbsxana
Yaroslavldakı 1 saylı həbsxana

Rusiya İstintaq Komitəsi adı açıqlanmayan iki polis əməkdaşının vəzifəsindən sui-istifadə etdiyini açıqlayıb.

Bir müddət öncə Yaroslavl şəhərindəki həbsxanada azı 17 mühafizəçinin bir məhbusu döydüyünü göstərən videonun yayılması qalmaqal yaradıb.

İyulun 25-də və 26-da Yaroslavl məhkəməsi altı həbsxana mühafizəçisini Yevgeny Makarov-a işgəncədə əli olmaqda şübhəli bilərək həbs edib.

Makarov-un döyülməsi videosunu “Novaya Gazeta” yaymışdı.

Rusiyanın İstintaq Komitəsi iyulun 25-də daha bir məlumat yayıb. Bryansk şəhərində həbsxana nəzarətçisi adı açıqlanmayan məhbusu qətlə yetirməkdə, vəzifəsindən sui-istifadədə ittiham olunub. Həmin nəzarətçinin də adı açıqlanmır.

Sergei Mokhnatkin
Sergei Mokhnatkin

Komitənin bildirməsinə görə, həmin məhbus iyulun 22-də boğulmadan ölüb, nəzarətçinin onun üzünü parçayla bağladığı bildirilir.

VORONEJ VƏ İRKUTSKDA DA ARAŞDIRMA BAŞLANIB

Voronej polisi isə iyulun 26-da daxili istintaqa başladığını bildirib. İki tələbə mayda polis tərəfindən işgəncəyə məruz qaldıqlarını bildiriblər. Polis onlardan oğurlanmış mobil telefonla bağlı etiraf almağa çalışırmış.

Sibirin İrkutsk regionundan bir keçmiş məhbus iyulun 27-də AzadlıqRadiosuna deyib ki, 2014-cü ildə yerli polisin işgəncəsinə məruz qalmasına dair prokurorluğa şikayət ərizəsi verib.

Müxalifət fəalı Sergei Mokhnatkin isə həbsxana nəzarətçiləri tərəfindən bərk döyüldüyünü iddia edir. Arxangelsk regionundakı koloniya daxili təhqiqat başladıldığını bildirib.

64 yaşlı Mokhnatkin 2014-cü ildə 4 il yarımlıq həbsə məhkum edilib. O, 2013-cü ilin dekabrında Moskvada hökumətə qarşı etiraz aksiyası zamanı iki polis əməkdaşına hücumda təqsirli bilinib.

Rusiya Federal Penitensiar Xidməti iyulun 24-də bəyan edib ki, Rusiya həbsxanalarında zorakılıqla bağlı 2017-ci ildə verilmiş bütün şikayətləri araşdıracaq.

BMT-nin insan haqları ekspertləri Rusiya hakimiyyətini həbsxanalarda və əmək düşərgələrində işgəncə hallarını araşdırmağa çağırır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG