Keçid linkləri

Təcili xəbərlər
2023, 26 Mart, bazar, Bakı vaxtı 18:44

Persepolisdəki imamzadə qalmaqal yaradıb


Persepolis

İranda şiə imamlarının dəfn edildiyi iddia olunan 10 mindən çox ziyarətgah var. Onların bir çoxu diqqətdən kənar qalıb.

Ancaq «imamzadə» adlandırılan belə ziyarətgahlardan biri bu yaxınlarda yoldan keçən təsadüfi bir adamın diqqətini çəkib. Həmin şəxs çəkdiyi videoda həmin ziyarətgahın İranın islamdan öncəki keçmişini təmsil edən, bütün dünyada tanınan Persepolis xarabalıqları yaxınlığında yerləşməsini sorğulayıb.

Persepolisə təhlükə?

Bu video və onun ətrafında qızışan mübahisə İran xalqının öz qədim keçmişi ilə qürur duymasını və mövcud dini hakimiyyətə etimad göstərməməsini bir daha qabardıb. Bir çoxları dini hökuməti islam dövrünü önə çıxararaq, ölkənin islamdan öncəki zəngin qədim tarixinə kölgə salmaqda suçlayırlar.

Sözügedən videoda İbrahim İmamzadəsi adlanan ziyarətgah göstərilir və onun yalnız bu yaxınlarda tikildiyi bildirilir.

«Bu, Persepolis yolunun başlanğıcıdır. Gördüyünüz kimi, hökumət bu imamzadəni son bir neçə gündə tikib. Biz burada yaşayanda bu burada yox idi. Onlar bunu yeni tikiblər. Bilmirəm hökumət belə şeyləri edəndə haqqımızda nə düşünür. Ümid edirəm, belə şeylərə son qoyulacaq», – kadr arxasında danışan kişinin səsi eşidilir.

Videoya şərh yazan iranlılar imamzadəni qədim İran imperiyasının Böyük Kir tərəfindən tikilmiş paytaxtı olan Persepolisə təhlükə adlandırıblar. Onlar UNESCO-nun Dünya İrsi siyahısına daxil olan, 2500 illik tarixə malik abidənin ziyan görəcəyindən ehtiyatlandıqlarını bildiriblər.

***Buna da bax-ABŞ İranı müxalifət liderləri Karrubi və Musavi-ni azad etməyə çağırıb

Abidənin yerləşdiyi Fars əyalətinin Mərvdəşt şəhərinin rəsmiləri bu iddiaları təkzib ediblər.

«Bu video ağ yalandır. Qəbri Persepolis yaxınlığında olan İmamzadə İbrahim İmam Museyi-Kazımın nəslindəndir və onun müqəddəs türbəsi əvvəldən bu məkanda olub. Altı ay öncə köhnə işarə götürülüb, yerinə təzə işarə qoyulub», – Fars əyalətinin Vəqf və Xeyriyyə işləri idarəsinin rəhbəri Alireza Manuchehri deyib.

Hökumətə bağlı IRNA xəbər agentliyi ziyarətgah əməkdaşları və yaxınlıqdakı kəndin sakinlərinə istinad edərək, türbənin on illərlə burada olduğunu göstərməyə çalışıb.

***Buna da bax-İran 'qara gün' üçün nəzərdə tutulan milyardları hərbiyə xərcləyir

Pul qazanmaq

Son 10 ildə İranın 22 tarixi abidəsi UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib. Bundan başqa, son illərdə İran rəsmiləri qədim tarixi abidələrin qorunması yolunda ciddi səy göstəriblər.

Ancaq adının çəkilməsini istəməyən bir tehranlı jurnalist deyir ki, İran xalqı hökumətin niyyətinə şübhə ilə yanaşır.

«Çoxları hesab edir ki, hakim quruluş ölkənin mədəni irsinə dəyər vermir. Buna görə də imamzadə belə bir görkəmli tarixi abidənin yanında peyda olanda ölkənin qədim tarixinə həssas yanaşan insanların əndişələnməsi başadüşüləndir», – o deyib.

Persepolis Texniki Şurasının üzvü Farhad Azizi bildirib ki, hökumət sadəcə, Novruz bayramı ərəfəsində qədim xarabalıqlara gələn ziyarətçilərdən pul qazanmağa çalışıb. Onun sözlərinə görə, Persepolis ətrafında başqa imamzadələr olsa da, «Vəqf İdarəsi onlara xərc çəkmək istəməyib, çünki onlar uzaqdadır və turist yolunun üstündə yerləşmir».

***Buna da bax-İran dövlət televiziyası: 'Əriniz sizi döysə də, onun...' [video]

İranlılar dua etmək və dini ayinlər üçün imamzadələri ziyarət edirlər. Ancaq bəziləri bu ziyarətgahları dini yerli-yersiz cəmiyyətin həyatının bütün sahələrinə soxmaq cəhdi kimi görürlər.

İmamzadələrin sayı 7 dəfə artıb

Bununla bağlı hər hansı etibarlı rəqəm tapmaq çətindir. Amma İranın Vəqf və xeyriyyə işləri idarəsinin sözçüsü hələ 2013-cü ildə islahatçı «Şərq» qəzetinə 1979-cu ildən bəri imamzadələrin sayının düz 7 dəfə artdığını demişdi.

Berlində yaşayan dinşünas Hassan Yousefi Eshkevari deyir ki, islam qaydalarına görə, belə ziyarətgahların tikilməsi məqbul sayılmır.

«İslam respublikası kimi dini ...hökumətlər özlərinə ...müqəddəslik qazanmaq üçün belə inancları gücləndirirlər», – o deyir.

Eshkevari ölkə rəsmilərini dindən istifadə edərək, İranın qədim keçmişinə kölgə salmaqda suçlayır.

2016-cı ildə çox sayda insanın qədim İran dövlətinin ilk kralı Böyük Kirin (Sirus) məqbərəsi önünə toplaşması mühafizəkarları bərk qəzəbləndirmişdi. Tanınmış din xadimi Nuri Hamedani Kir Günü münasibətilə keçirilən tədbirin əksinqilabçıların işi olduğunu bəyan etmişdi.

Ötən ilsə hökumət vətəndaşların Kirin məqbərəsi önünə toplaşmasını önləməkdən ötrü ciddi tədbirlər görmüş, ziyarətçi sayını məhdudlaşdırmış və hətta əraziyə hasar çəkmişdi.

XS
SM
MD
LG