Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

İran dövlət televiziyası: 'Əriniz sizi döysə də, onun...' [video]


Arxiv fotosu
Arxiv fotosu

"Əriniz narkotik maddə aludəçisi olsa da, sizi döysə də, onun dediyini edin və həyatınızda möcüzə baş verdiyini görəcəksiniz".

Bu, evliliklə bağlı məsləhət xidməti və ya ailənin, yaxud din xadiminin dəstəyi deyil. Bu, heç dua da deyil. Bu cümlə İranın dövlət televiziyasında bir "ekspertin" qadınlara məsləhətindən götürülüb.

"Ekspert" qadınlara məişət zorakılığına məruz qalsalar belə, ərlərinin ayaqlarını masaj etməyi məsləhət görüb. Bu "məsləhət" dövlət televiziyasının yanvarın 30-da tamaşaçılardan üzr istəməsi ilə nəticələnib. Qeyd edək ki, İranın dövlət televiziyasının tamaşaçılardan üzr istəməsi nadir hadisədir.

Buna da bax: İranda etirazlar: Cəmiyyət və iqtisadiyyat son 8 ildə necə dəyişib [rəqəmlər]

“AYAQLARINDAN ÖPÜN”

"Cümə günü, günortadan sonra əriniz divanda uzanıb dincəldiyi zaman vedrəni onun ayaqlarının altına qoyun. Yavaş-yavaş onun ayaqlarını masaj edin. Sonra onun ayaqlarını qurudun. İndi isə diqqət: onun ayaqlarından öpün", – özü də qadın olan "ekspert" qadın tamaşaçılara xitabən deyib. O daha sonra tövsiyə edib ki, qadınlar ərlərinə sevgilərini göstərmək istədiklərini desinlər.

Qadın iddia edib ki, onun bu metodu stresi azaldır, insult və ürək tutmasının qarşısını alır.

"Belə qulluq, xüsusən də gül suyu, dəniz duzu və ya südlə edilərsə, ərinizi bir ay enerjili saxlayacaq", – deyə o əlavə edib.

Bu proqram ölkənin mərkəzi hissəsində yerləşən Yəzd əyalətinin dövlət kanalında yayımlanıb.

Buna da bax: İrandan qayıdan Azərbaycan vətəndaşı: 'Kimə çatırsan, şikayətlənir'

Proqram sosial mediada iranlılar və digər farsdilli insanlar tərəfindən dəfələrlə paylaşılıb. İstifadəçilərin çoxu bu məsləhəti məsxərəyə qoyub.

Dövlət kanalında yayımlanan "məsləhətə" lağ edənlər arasında əvvəllər rejimi tənqid etdiyinə görə həbs olunan jurnalist Isa Saharkhiz da var.

Yarırəsmi İSNA xəbər agentliyi telekanal rəsmilərinə istinadən onların "ekspertin" məsləhəti ilə bağlı şikayətləri nəzərə aldıqlarını bildirib. Xəbərdə deyilir ki, kanal rəsmiləri bundan sonra tamaşaçılara təqdim olunan materialı "daha yaxşı planlaşdırmağa və ona daha çox diqqət ayırmağa" söz veriblər.

Buna da bax: 'Türmədə Xameneyi mənə deyirdi ki, İslam hakimiyyətə gəlsə, bir damla da qan axmayacaq'

"Evlilik mütəxəssisinin məsləhəti o qədər pis idi ki, dövlət televiziyası üzr istəyib. İşin ən ağrılı tərəfi XXI əsrdə belə düşüncə tərzinin olmasıdır. Qorxunc", – deyə Negin Lajevardi adlı bir istifadəçi “Twitter”də #yazd həştəqi ilə yazıb.

DÖVLƏT TELEVİZİYASINA TƏNQİD

Dini dövlət olan İranda dövlət televiziyası davamlı olaraq vətəndaşlar və siyasətçilər tərəfindən sərt tənqid olunur. Səbəbsə əsasən yayımlanan proqramların solğun və maraqsız, xəbərlərinsə qərəzli olması, İran istəblişmentinin ifrat mühafizəkar kəsiminin mövqeyini əks etdirməsidir.

Hökumətə qarşı ölkəni lərzəyə gətirən, 25 nəfərin ölümü, 3 mindən artıq etirazçının həbsi ilə nəticələnmiş son etirazlar zamanı da belə tənqidlər səslənib.

Qeyd edək ki, həbs olunanlardan 300-dək hələ də buraxılmayıb.

ILNA xəbər agentliyi ilin əvvəlindən 29 qadının ictimai yerdə başını örtmədən gəzdiyinə görə həbs edildiyini bildirib. İctimai asayişin pozulmasında suçlanan bu qadınların işi ölkənin baş prokurorluğuna verilib.

Buna da bax: İranda hicaba görə 29 qadın saxlanıb

Hətta dindar qadınların belə hicaba qarşı çıxdığı bildirilir. Dindar qadınların “Twitter”də keçirdiyi aksiyada qara çadralı qadın əlində belə bir yazı tutub: "Mən hicabı sevirəm, ancaq məcburi hicaba qarşıyam".

Hətta son etirazlar zamanı, yanvarın 3-də dövlətin nəzarətində olan ingilisdilli “Pars TV” kanalı ölkənin müxtəlif şəhərlərində keçirilən hökumətə dəstək nümayişlərini translyasiya edib. “Pars TV” ölkənin dini hakimiyyətini dəstəkləyən belə nümayişlərin İranın 10-dan çox şəhərində, o cümlədən neftlə zəngin Xuzistan əyalətində, ölkənin qərbindəki, kürdlərin sıx yaşadığı Kermanşah şəhərində, habelə İranda şiəliyin paytaxtı sayılan Qum şəhərində keçirildiyini bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG